Prostat xəstəliyi

06 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 942
Prostat xəstəliyi foto
Rate this post

Prostat vəzi kişilərin daxili cinsiyyət orqanı olub, sperma mayesi ilə qarışan şirənin (sekret) sintezində mühüm rol oynayır. Prostat xəstəliyi hər 3 kişidən birində inkişaf edir. Əslində bu termin ümumi adlandırıldığından bir çox xəstəlikləri özündə cəmləşdirir. Gəlin ən çox rast gəlinən patologiyalar – prostat xərçəngi, adenoma və prostatit ilə yaxından tanış olaq.

Prostat xəstəliyi – xərçəng

Bu patologiya kişilərdə aşkarlanın onkoloji xəstəliklərin böyük bir hissəsini təşkil edir. Xərçəng əsasən vəzin periferiyasını əhatə edir. Xəstəlik spesifik əlamətlərə malik olmur.

Yaranan simptomlar prostat adenomasından və ya xroniki prostatitdən fərqlənmir. Bu da onun erkən mərhələlərdə aşkarlanmasına çətinlik törədir. Xəstəlik tez üzə çıxarıldıqda müalicəyə tabe olur.

Prostat xəstəliyi foto 1

Prostat xəstəliyi – xərçəng diaqnozu

50 yaşına çatmış hər bir kişi uroloqun profilaktik müayinəsindən keçməlidir. Bura düz bağırsaqdan barmaqla yoxlanılması və ya ultrasəs müayinəsi daxildir. Həmçinin xəstə prostate spesific antigen (PSA) analizi verməlidir. Müayinə və analizin nəticələrinə əsasən xərçəng diaqnozundan şübhələnmək mümkündür.

PSA səviyyəsi qanda 4nq/ml-dən yüksək olduqda pasiyent biopsiya üçün hospitalizasiya edilir. Bu zaman xüsusi iynənin köməkliyilə vəzidən toxuma götürülür, mikroskop altında araşdırılır. Biopsiyanın nəticəsi xəstədə xərçəng mənşəli prostat xəstəliyi olduğunu təsdiqlədikdə növbəti mərhələdə MRT və ya Radioizotop müayinə aparılır. Bu üsullarla sümüklərdə metastazların olub-olmaması dəqiqləşdirilir.

Şiş əksərən çanaq sümükləri, büzdüm, qabırğa və bud sümüyünün boynuna metastazlar verir. Xəstəliyin I mərhələsində prostatektomiya (vəzin tam kəsilməsi) icra edilir. Göstəriş olduqda şüa terapiyası, hormonal və kimyəvi terapiya, kombinə olunmuş müalicə həyata keçirilir.

Prostat xəstəliyi – adenoma

Adenoma – vəzin xoşxassəli hiperplaziyasıdır. Yaş artdıqca vəzi böyüyərək, sidik kanalına təzyiq edir. Bununla əlaqədar sidik ifrazı çətinləşir. Eləcə də adenoma böyüdükcə vəzin toxumasını sıxaraq, onu periferiyaya itələyir. Nəticədə sidik ifrazının pozulması ilə yanaşı cinsi zəiflik də müşahidə olunur.

Adenomatoz prostat xəstəliyinin əlamətləri bunlardır: sidik ifrazının tezləşməsi və kiçik porsiyalarla (qırıq-qırıq) olması, gücənmə, sidik axınının tədricən nazilməsi, sidik kisəsinin tam boşalmaması hissi, ereksiyanın (penisin sərtləşməsi) intensivliyinin azalması. Xəstəlik vaxtında aşkarlandıqda medikamentoz (dərman), əksər hallarda isə operativ (cərrahi) yolla müalicə edilir.

Prostat xəstəliyi şəkil 2

Prostat xəstəliyi – xroniki prostatit

Kişilər həyatlarının müəyyən dövrlərində prostat xəstəliyinin əlamətləri, yəni sidik ifrazının çətinləşməsi və cinsi zəiflik ilə qarşılaşırlar. Bu xoşagəlməz halların səbəblərindən biri də prostatitdir.

Prostatit vəzin iltihabı olub, kəskin və xroniki formalara bölünür. Bu orqan sekret (şirə) ifraz edən çoxsaylı kiçik vəzilərdən ibarətdir. Hasil olan şirə sidik kanalına atılır və eyakulyasiya (sperma ifrazı) zamanı eyakulyant ilə qarışır. Prostat şirəsi spermatozoidlərin aktiv hərəkətini təmin edir.

Prostatit adətən infeksiya mənşəli olur. Gənc və orta yaşlı kişilərdə müşahidə edilir. Xəstəlik mövcud adenomanın ağırlaşmasına gətirib çıxarır. İltihab mənşəli prostat xəstəliyi aralıq və xayada ağrı, ağrının bel və büzdümə yayılması, sperma miqdarının azalması, erkən boşalma ilə özünü büruzə verir. Bundan əlavə xəstələrdə sidik ifrazının tezləşməsi, diskomfort hissi müşahidə edilir.

Prostat xəstəliyi foto 3

İltihabla əlaqəli prostat xəstəliyi

Diaqnostika prosesində sidik və qanın ümumi analizi, spermaqramma, prostat şirəsi və sidiyin bakterioloji analizi, fiziki müayinə, USM lazım gəlir. İltihablaşmış prostat vəzi üçün dərmanlara – antibiotiklər, spazmolitiklər, iltihabəleyhinə preparatlar aiddir. Cinsi infeksiyalar aşkarlandıqda törədiciyə qarşı spesifik müalicə aparılır.

Xroniki forma vaxtaşırı residivlərlə, yəni xəstəliyin kəskin simptomatikasının qayıtması ilə təzahür edir.

Xülasə

Ümumilikdə, müxtəlif mənşəli prostat xəstəliklərinin əlamətləri  90% hallarda eyni olur. Buna görə də onları özbaşına ayırd etmək çox çətindir. Ağırlaşmalara yol verməmək üçün mütləq androloq həkimlər və ya uroloq tərəfindən vaxtında müayinə olunmaq lazımdır. Həmçinin xəstələnməmək məqsədilə prostat üçün xeyirli qidalardan istifadə etmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir