Spermaqramma

28 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1707
Spermaqramma foto
3.8/5 - (5 votes)

Spermaqramma – kişinin fertil (dölləndirmə) qabiliyyətini dəyərləndirmək və cinsiyyət sisteminin xəstəliklərini aşkarlamaq üçün tibbi analizdir. Yunan dilindən tərcümədə “sperma” – toxum mayesi, “qramma” isə yazı deməkdir. Androloq kişi sonsuzluğunun səbəblərini araşdırarkən ilk növbədə bu analizin nəticəsinə baxır.

Spermaqramma – xarakteristikası

Spermaqramma üçün eyakulyat, yəni sperma mayesi tələb olunur. Analizin əsas hissəsi eyakulyatın mikroskopik müayinəsindən ibarətdir. Bu prosesdə sperma elementlərinin xarakteristikası, spermatozoidlərin sayı, hərəkiliyi, patoloji formaları, morfoloji quruluşu və leykositlərin miqdarı müəyyən edilir.

Həmçinin eyakulyatın makromüayinəsi də mövcuddur. Bu zaman onun həcmi, rəngi, durulaşma müddəti, pH-ı aydınlaşdırılır.

Spermaqramma – eyakulyatın normal parametrləri

Dünya Səhiyyə Təşkilatının 2010-cu ildə təyini etdiyi normativlər aşağıdakılardır:

Göstərici

Nəticə  

Eyakulyatın həcmi (ml) 1.5 ml və daha çox
Spermatozoidlərin ümumi miqdarı (mln) 39 və daha çox
1 ml-də spermatozoidlərin konsentrasiyası (mln) 15 və daha çox
Spermatozoidlərin ümumi hərəkiliyi (%) 40 və daha çox
Hərəkətli spermatozoidlər (%) 32 və daha çox
Canlı spermatozoidlər (%) 58 və daha çox
Normal formalılar (%) 4 və daha çox

Bu cədvəldə: mln-milyon, ml-millilitr deməkdir.

Spermaqramma – patoloji göstəricilər

Yuxarıda təqdim olunan parametrlərə uyğun sperma mayesi normal hesab edilir və eyakulyatın vəziyyəti tibbi olaraq normaspermiya (normazoospermiya) kimi dəyərləndirilir.

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) patoloji spermaqrammaya uyğun aşağıdakı kateqoriyaları təqdim edir:

  • oliqozoospermiya – spermatozoidlərin konsentrasiyası normadan aşağıdır.
  • astenozoospermiya – eyakulyatda hərəkətli spermatozoidlər normadan azdır.
  • teratozoospermiya – sperma mayesində normal morfoloji quruluşlu spermatozoidlər azlıq təşkil edir.
  • azoospermiya – eyakulyatda spermatozoidlərə rast gəlinmir.
  • aspermiya – eyakulyat olmur.
  • oliqospermiya – sperma mayesinin həcmi normadan azdır.
  • leykositospermiya – spermada leykositlər normadan artıqdır.
  • akinospermiya – eyakulyatdakı spermatozoidlər tam hərəkətsizdir.
  • nekrospermiya – canlı spermatozoidlər izlənilmir.
  • kriptospermiya – eyakulyatda çox çətinliklə tapılan az miqdarda spermatozoid aşkarlanır.
  • hemospermiya – eyakulyatda qan müşahidə olunur.

Spermaqramma foto 1

Spermaqramma analizinin qaydaları

Sperma mayesinin alınması üçün:

  • 2-7 gün ərzində cinsi əlaqə və masturbasiyadan çəkinmək lazımdır;
  • 2-5 gün əvvəl alkoqol istifadəsi, sauna və isti vannalar qadağandır.

ÜST qaydalarına görə sperma mayesi masturbasiya edilərək, xüsusi analiz qabına (steril stəkan) yığılır və laboratoriyaya təqdim olunur.

Verilən material nə zaman analiz üçün yararlı sayılır?

Normal sperma qatı olur, bir müddət sonra durulaşır. Bu zaman intervalı durulaşma müddəti adlanaraq, adətən 15-60 dəqiqə çəkir. Eyakulyat 1 saat ərzində durulaşmadıqda, bundan sonra da durulaşmayacaq anlamına gəlir. Eyakulyatın durulaşmaması prostat vəzin disfunksiyasında qeydə alınır.

Spermaqramma – eyakulyatın həcmi

Eyakulyatın həcmi nömrələnmiş seroloji pipetlə ölçülür. Eyakulyata həcm verən prostat vəzi şirəsi və toxum qovuqcuqlarının mayesidir. Həcmin azlığı retroqrad (geriyə) eyakulyasiya, toxum qovuqcuqlarının disfunksiyası, hipoplaziyası (ölçüsünün kiçilməsi), prostat vəzinin fəaliyyət pozğunluğu, toxumçıxarıcı kanalların keçiriciliyinin hissəvi və ya tam şəkildə pozulması zamanı müşahidə olunur.

Spermaqramma foto 2

Sperma mayesinin pH-ı (mühiti)

Eyakulyatın pH-ı indikator kağızı və ya pH-metrlə ölçülür. Bu göstərici normada 7.2-8.0 arasında olur. Yəni sperma mayesinin mühiti qələvidir.

Spermaqramma – materialın rəngi

Eyakulyatın rəngi müasir tibbdə bir o qədər vacib diaqnostik göstərici sayılmır. Normal eyakulyat ağımtıl, süd rəngində olur. Qırmızı və ya çəhrayı çalar spermada qanın varlığından xəbər verir.

Spermaqramma – spermatozoidlərin sayı

Spermatozoidlərin sayılması üçün hemasitometr – Qoryayeva və ya Makler kamerasından istifadə edilir. Həmçinin spermatozoidlərin sayının təyini kompüterləşdirilmiş şəkildə çalışan spermaanalizatorlarla müəyyənləşdirilir. Cihazların adları fərqli olsa da onların iş prinsipi eynidir.

Spermaqramma – spermatozoidlərin hərəkiliyi

Spermatozoidlər hərəkət sürətinə görə 4 kateqoriyaya bölünür: A, B, C, D

Kateqoriya       Adı Hərəkətin xarakteristikası
     A Aktiv-proqressiv hərəkətlilər Spermatozoidlər düz xətt şəklində saniyədə 25 mkm sürətlə hərəkət edirlər (2 saniyədə öz uzunluqlarının 2 dəfəsi qədər irəliləyirlər)
     B Zəif-proqressiv hərəkətlilər Düz xətt boyu saniyədə 25 mkm-dən az sürətlə irəliləyirlər
    C Hərəkətli-proqressiv olmayanlar Xaotik hərəkət edir, və ya yerlərindən tərpənirlər.
    D Hərəkətsiz Hərəkətsiz

Yumurtahüceyrəni mayalandırmaq üçün A və B kateqoriyalı hərəkətli spermatozoidlər gərəkdir.

Spermaqramma – anormal spermatozoidlər

Spermanı histoloji metodla Romanovski-Gimza və ya Papanikalau üsulu ilə rənglədikdən sonra quruluşca anormal spermatozoidlər araşdırılır. Normal spermatozoid baş və quyruq hissədən ibarətdir. Quyruq hissə də öz növbəsində 2 hissədən təşkil olunur.

Anormal spermatozoid dedikdə 2 başcıqlı, quyruğu normadan qısa, başcıq formasının patoloji olması və s. nəzərdə tutulur. Belə spermatozoidlər dölləndirmə qabiliyyətinə malik olmadığından yararsız sayılır. Anormal spermatozoidlərin eyakulyatda çox olması kişidə spermatogenez prosesinin pozulmasından xəbər verir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (5 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir