Sistit

Sistit – sidik kisəsinin iltihabi xəstəliyidir. Əhali arasında çox geniş yayılmış patologiyadır. Sidik kisəsinin selikli qişasının iltihabı nəticəsində onun funskiyası pozulur.

İstənilən yaş kateqoriyasında həm kişilərdə, həm də qadınlarda rast gəlinir. Əksərən residivləşən (geriyə qayıdan) formada təzahür edir.

Sistitin təsnifatı 

Sistitin birincili və ikincili, kəskin və xroniki, infeksion və qeyri-infeksion formaları mövcuddur. Birincili sistit iltihabın ilkin olaraq, sidik kisəsində yaranması ilə xarakterizə edilir.

İkincili sistit isə sidik kisəsinin və ətraf orqanların digər xəstəlikləri fonunda inkişaf edir. Bu qrup patologiyalara prostat adenoması, sidik kanalında daralma, xərçəng, cinsi orqanların xroniki iltihabi xəstəlikləri, sidik kisəsində daş və s. aiddir. 

Sistit nədən olur?

Sisitit yaradan faktorlara aşağıdakılar daxildir:

  • Sidik kisəsinin selikli qişasının travması;
  • Kiçik çanaqda venoz durğunluq;
  • Hormonal pozğunluq;
  • Vitamin çatışmazlığı;
  • Soyuqlama.

Sistit foto

İnfeksiya mənşəli sistit necə yayılır?

İnfeksion forma qalxan, enən, limfogen və hematogen yollarla yayılır. Qalxan – xaricdən, enən – böyrək və sidik yollarından, limfogen – limfa, hematogen isə qan vasitəsilə yayılma deməkdir. Xəstəliyin əksər formalarının törədicisi bağırsaq çöpləridir. Qadınlarda kəskin sistit kişilərə nisbətən daha çox müşahidə olunur.

Sistitin risk amilləri                                  

  • Yaş (klimaks dövründə estrogenlərin səviyyəsinin azalması);
  • Az hərəkətlilik;
  • Sidik yollarında daş;
  • Sidik-cinsiyyət sisteminin xəstəlikləri;
  • Kateterin uzunmüddətli qoyulması (əməliyyatlardan sonra);
  • Şəkərli diabet;
  • Hamiləlik;
  • Sidik kanalının anormal yerləşməsi;
  • Cinsi əlaqənin sıx olması.

Sistit xəstəliyinin törədiciləri

Sistit iltihabi xəstəlikdir. Onun 1 deyil, bir neçə törədicisi ola bilər. Yəni bu xəstəliyin spesifik törədicisi yoxdur. İltihab yaradan hər hansı mikroorqanizm sistitin inkişafına təkan verə bilər. Onlara aşağıdakılar aiddir:

  • Qram-mənfi enterobakteriyalar
    • Bağırsaq çöpləri (95% hallarda)
    • Klebsiella
    • Qeyri-adi protey
    • Solğun treponema
  • Qram müsbət bakteriyalar
    • Saprofit stafilokokklar (20% hallarda)
    • B və D qrupu streptokokklar
  • Viruslar
  • Vərəm mikobakteriyası
  • Mikroskopik göbələklər

Sistit foto 1

Sistit əlamətləri  

Patologiyanın əlamətləri onun formasından asılıdır. Kəskin sistit zamanı xəstələr tezləşmiş sidik ifrazı, qarnın aşağı hissəsində ağrılar və temperaturun bir qədər yüksəlməsindən şikayətlənirlər. Xroniki sistit isə remissiya (sakitlik) dövründə demək olar ki, simptomsuz keçir. Xroniki forma kəskinləşdikdə isə xarakterik əlamətlər yenidən baş qaldırır. 

  • sidik kisəsi dolu olmadıqda da tez-tez sidiyə getmə (yalançı çağırışlar);
  • sidik kisəsinin tam boşalmaması hissi;
  • sidik ifraz edərkən ağrı, göynəmə və yanğı;
  • bəzən sidiyin rənginin tündləşməsi, tualet kağızında qan ləkəsi;
  • qadınlarda qarnın aşağı hissəsində, kişilərdə isə düz bağırsaq nahiyəsində göynəyən ağrılar.

Sistitin diaqnostika və müalicəsi

Diaqnoz anemnez (xəstəlik tarixi haqqında məlumat toplama), ultrasəs müayinəsi, sidiyin ümumi analizi və bakteroloji əkilməsi ilə dəqiqləşdirilir. Müalicə sxemi sistitin törədicisindən asılıdır. Xəstəlik bakteriya tərəfindən törədildikdə, həmin mikroba həssas antibiotiklər təyin edilir. Bəzən təbii yolla müalicə aparılır. Müxtəlif bitki çayları, dəmləmələr, oturma vannaları tətbiq edilir.

Sistitin profilaktikası

Profilaktik tədbirlərə şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, natəmiz su hövzələrində üzməmək və alt paltarını tez-tez dəyişmək aiddir.

Bundan əlavə geyim əşyalarına da diqqət yetirmək lazımdır. Belə ki, çox dar və süni materialdan tikilmiş geyimlər kiçik çanaqda qan durğunluğu yaradaraq, sistitin inkişafını sürətləndirə bilər. Hər nə qədər dəb olsa da, belə geyimlərdən tez-tez istifadə etmək tövsiyə olunmur.