Cinsi zəiflik

Cinsi zəiflik elmi dildə erektil disfunksiya və ya impotensiya adlanır. Latınca impotens – gücsüz deməkdir. Erektil disfunksiya kişi cinsiyyət orqanının həcminin, sərtliyinin və düzləşməsinin intim akt üçün yetərli olmamasıdır. Cinsi zəiflik eyakulyasiya qabiliyyəti (cinsiyyət orqanından spermanın xaric olması) ilə əlaqəli deyildir.

Cinsi zəiflik haqqında

Ereksiyanın pozulması kişinin intim əlaqəni bütövlüklə yaşaya bilməməsidir. Cinsi zəiflik adətən sərbəst patologiya kimi deyil, digər bir xəstəliklə əlaqədar inkişaf edir. Erektil disfunksiya endokrin pozğunluqlarda (məsələn, şəkərli diabetdə neyropatiyalar zamanı), hipoqonadizmdə (hipofizin fəaliyyətinin pozulması fonunda testosteron səviyyəsinin düşməsi nəticəsində), həmçinin beyin qabığında cinsi funksiyaları tənzim edən mərkəzlərin zədələnməsindən yaranan uroloji xəstəliklərdə təzahür edir. Sadalanan problemlər üzvi patologiyalar sırasına daxildir.

Cinsi zəifliyin səbəbi nədir?

Əksər hallarda erektil disfunksiya sinir-psixi xəstəliklərlə (məsələn, nevroz, depressiya) əlaqədar formalaşır. Həmçinin cinsi zəiflik bəzi dərman preparatlarının qəbulunun mənfi təsiri kimi meydana çıxır. Hipertenziya əleyhinə, psixotrop vasitələr, antidepressantlar bu sıraya daxildir. Eləcə də damar problemləri, kiçik çanaqda keçirilmiş əməliyyatlar, yanıqlar, travmalar, soyuqdan donma, spirtli içki qəbulu və siqaret çəkmə kimi zərərli vərdişlər erektil disfunksiyanın fiziki səbəblərindəndir.

Üzvi və psixogen cinsi zəiflik arasında fərqlər

Aşağıdakı cədvəldə üzvi və psixogen faktorlardan yaranan erektil disfunksiyanın fərqləri qeyd edilmişdir:

Cinsi zəiflik cədvəli

Cinsi zəiflik diaqnozu necə qoyulur?

Kişinin intim yaxınlığın 25%-dən çox hissəsində ereksiyanı saxlaya bilməməsi cinsi zəiflik diaqnozunu təsdiqləyir. Amerikalı alimlərin araşdırmasına görə 40 yaşından yuxarı 150 milyon kişi bu problemdən əziyyət çəkir.

Cinsi zəiflik – instrumental müayinə üsulları

Ultrasəs müayinəsi – farmakodoppleroqrafiya ilə kişi cinsiyyət orqanının venoz və arterial qan axını dəyərləndirilir. USM prosesində ateroskleroz, damar divarının kalsinozu və ya çapıqlaşması müəyyən edilir. Müayinə ereksiya yaradan preparatların inyeksiyası ilə aparılır.

Kavernozoqrafiya

Cinsiyyət orqanının ereksiya vəziyyətində kontrastlı rentgen müayinəsi kavernozoqrafiya adlanır. Bu zaman orqana birbaşa olaraq kontrast maddələr yeridilir. Oradakı venaların vəziyyəti qiymətləndirilir. Patoloji axın üzə çıxarıldıqdan sonra diaqnoz qoyulur.

Cinsiyyət orqanının sinir təhcizatının yoxlanması

Cinsi orqanın sinirlərinin funksional vəziyyətini təyin etmək üçün bulbokavernoz refleks yoxlanılır. Bu məqsədlə həkim penisin başını sıxır. Normalda dərhal anusda yığılma olmalıdır. Mütəxəssis anal sfinkteri əlləyir. Sinir zədələndikdə sfinkter zəif, gec yığılır və ya heç yığılmır. Bu, ən çox şəkərli diabetdə müşahidə olunur.

Cinsi zəiflik haqqında – gecə ereksiyaları

Sağlam kişidə normada gecə yuxusu ərzində 4-5 dəfə ereksiya baş verir. Ereksiyaların olmaması sinir zədələnməsini və ya orqanın qanla dolmasında problemin olduğunu göstərir.

İntim münasibətlər kişilərin demək olar ki, hamısı üçün çox həssas mövzudur. Erektil disfunskiyadan əziyyət çəkən kişilər bu problemi xarici faktorlarla izah etməyə çalışır və ya ümumiyyətlə gizlədirlər.

Cinsi zəifliyin 95% hallarda dərmanların köməyilə müalicə olunmasına baxmayaraq, kişilərin ancaq 10%-i həkimə müraciət edir. Əksəriyyəti isə utandıqlarından mütəxəssisə getmək əvəzinə, özünü müalicə ilə məşğul olurlar. Bu isə gələcəkdə ağır fəsadlar törədə bilər.

Cinsi zəiflik üçün dərmanlar (sildenafil, tadalafil və s. tərkibli) heç bir fayda vermədikdə cərrahi müdaxiləyə ehtiyac yaranır.