Böyrək xəstəlikləri

Böyrəklər – orqanizmin bioloji filtrləri adlanır. Onlar qanın təmizlənməsində və sidik yaranma prosesində iştirak edirlər. Müasir dövrdə qeyri-düzgün qidalanma və həyat tərzi ilk öncə bu orqanın zədələnməsinə səbəb olur. Böyrək xəstəlikləri ilə tibbin urologiya sahəsi məşğul olur. Bu məqalədə Sizə əhali arasında ən çox rast gəlinən 10 böyrək xəstəliyi haqqında qısaca məlumat verəcəyik.

Böyrək xəstəlikləri haqqında

Böyrək xəstəlikləri – nefroloji və və ya uroloji xəstəliklər qrupuna aiddir. Adətən belə patologiyalarda yalnız böyrəklər deyil, digər sidik-ifrazat yolları da az və ya çox dərəcədə zədələnir.

Böyrəklə bağlı 10 xəstəliyin siyahısı

Pielonefrit

Böyrəyin iltihabi xəstəliyi sayılır. Kişilərdə bu patologiya qadınlara nisbətən 5 dəfə az müşahidə edilir. Adətən sistitlə yanaşı inkişaf edir. Pielonefritə cavanlarda da təsadüf olunur. O həmçinin digər iltihabi xəstəliklərin ağırlaşması kimi meydana çıxa bilər. Müalicə sxemi tərtib olunmazdan əvvəl sidiyin ümumi analizi aparılır. Sidik əkilərək, xəstəliyin törədicisi dəqiqləşdirilir. Yalnız bundan sonra müvafiq preparatlar təyin edilir.

Qlomerulonefrit

Autoimmun təbiətli iltihabi xəstəlikdir. Əsasən revmatoid artrit fonunda müşahidə olunur. Törədicisi streptokokk infeksiyaları (angina, skarlatina, pnevmoniya, dərinin irinli yaraları), nadir hallarda isə vərəm mikobakteriyaları hesab olunur. Onun kəskin, yarımkəskin və xroniki formaları mövcuddur.

Böyrək xəstəlikləri foto 1

Böyrək daşı xəstəliyi (urolitiaz)

Böyrəklərdə və digər sidik-ifrazat yollarında daşın əmələ gəlməsidir. Böyrək daşı sancısı qəflətən yaranaraq, kəskin xarakter daşıyır. Sancı daşın axara düşməsi nəticəsində meydana çıxır.

Nefrit

Böyrəyin iltihabi xəstəlikləri qrupudur. Onun diffuz (yayılmış), ocaqlı və hissəvi formaları vardır. Proses təktərəfli və ikitərəfli ola bilər. Bu qrupa həmçinin pielonefrit və qlomerulonefrit də daxildir.

Nefroz

Böyrək kanalcıqlarının forma dəyişikliyi (distrofiyadan nekroza qədər) ilə xarakterizə olunur. Qeyri-iltihabi mənşəli olub, müxtəlif toksiki maddələrin təsirindən yaranır. Amiloid forma böyrəyin ən təhlükəli xəstəlikləri sırasındadır.

Hamilələrdə nefropatiya

Hamiləlikdə böyrək problemi ödem, sidikdə yüksək miqdarda zülal və silindrik hüceyrələrin tapılması ilə səciyyələnir. Ağır dərəcəli böyrək xəstəlikləri zülal itkisi ilə qeydə alınır. Nefropatiya bəzən huşun itməsinə səbəb olur. Hamiləlik dövrü bitdikdə əksər hallarda xəstəlik də aradan qalxır.

Nefroangioskleroz və ya nefroskleroz

Tədricən (illərlə) inkişaf edir. Qarşısı alınmadıqda böyrək çatışmazlığı ilə nəticələnir. Ağır formalı nefroskleroz hipertenziya (yüksək təzyiq) fonunda yaranır və bir qədər sürətli gedişata malik olur.

Hidronefroz

Sidik axınının pozulması və kasa-ləyən sistemin genişlənməsi ilə müşahidə olunur. Bir sıra hallarda simptomsuz inkişaf edir. Adətən ilkin mərhələlərdə xəstələr bel nahiyəsində ağrılardan şikayətlənir.

Nefroptoz

Böyrəyin sallanmasıdır. Bu xəstəlikdən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkir. Böyrəklərin enməsi qarın əzələlərinin zəifləməsi, ağırlıq qaldırma və hamiləlik dövrü ilə əlaqəli olur.

Böyrək xəstəlikləri foto

Böyrək çatışmazlığı

Böyrəklərin hissəvi və ya tam şəkildə öz fəaliyyətini yerinə yetirə bilməməsidir. Nəticədə orqanizmdə su-elektrolit balansı pozulur. Sidik cövhəri, kreatinin və sidik turşusunun miqdarı yüksəlir. Xəstəliyin kəskin forması zəhərli maddələr və dərman preparatlarının təsiri, hamiləliyi pozmaq cəhdləri fonunda inkişaf edir.

Xroniki forma isə bir çox patologiyalar məsələn, xroniki qlomerulonefrit, şəkərli diabet, pielonefrit, sidik yollarının anomaliyası, qurğuşun, civə zəhərlənməsi, analgetiklər və antibiotiklərdən istifadə nəticəsində yaranır. Təbii ki, bütün analgetik və antibiotiklər böyrək çatışmazlığına səbəb olmur. Xəstəlik bu tip dərmanların dozalanma və qəbul qaydası pozulduqda inkişaf edir. Böyrək çatışmazlığı uroloji patologiyalar arasında ən təhlükəlisidir.

Böyrək xəstəlikləri – diaqnostika

Diaqnostika ümumi bir sxemlə aparılır:
• Anamnez (xəstəlik haqqında məlumatın toplanılması);
• Fiziki müayinə;
• Sidik analizi, böyrək sınaqları, sidiyin əkilməsi;
• Ultrasəs müayinəsi, zəruri hallarda doppleroqrafiya;
• Ehtiyac yarandıqda kompüter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya.
Xəstəliyin diaqnozu təsdiqləndikdən sonra müalicə sxemi tərtib olunur.

Böyrək xəstəlikləri – müalicəsi

Hər xəstəliyin forma və dərəcəsinə görə müalicəsi spesifikdir.
• Böyrəyin iltihabi xəstəlikləri ilə mübarizədə antibiotiklər, virusəleyhinə, qeyri-sterioid iltihab əleyhinə preparatlar təyin olunur.
• Kasa-ləyən sisteminin mexaniki genişlənməsi, yəni böyrək daşı zamanı litotripsiya (daşın lazerlə parçalanması) və ya bir neçə gün isti vanna qəbulu, ağrıkəsici preparatlar, qeyri-steroid dərmanlar, kanal genişləndiricilər məsləhət görülür.
• Böyrək çatışmazlığında dializ, ağır formada böyrək transplantasiyası həyata keçirilir.
• Nefroptozda xüsusi gimnastika, sallanmanın dərəcəsi yüksək olduqda isə cərrahi əməliyyat göstəriş sayılır.

Xülasə
Böyrək xəstəlikləri əslində müalicəyə tabe olan patologiyalardır. Ağırlaşma baş vermədən tədbir görüldükdə prosesin geriyə sorulmasına nail olmaq mümkündür. Böyrəklərin orqanizmdə çox önəmli vəzifə daşıdığını nəzərə alaraq, bu tip xəstəliklərə laqeyd yanaşmamağı tövsiyə edirik.