Böyrək daşının kanala düşməsi
Böyrək ləyənindən konkrementin sidik axarına miqrasiyası – böyrək daşının kanala düşməsi kimi ifadə edilir. Nadir hallarda böyrək daşı birincili olaraq kanalda formalaşır.
Böyrək daşının kanala düşməsi necə baş verir?
Sidik axarına düşən daşlar müxtəlif forma, say və ölçüdə olur. Adətən böyrək daşı kanalda tək-tək müşahidə edilir. Əksər hallarda konkrement, yəni daş kanalın fizioloji daralma nöqtələrində ləngiyir. Axarda və ya kanalda daşın sıxışması üçün həmin hissənin diametri 2 mm-dən çox olmalıdır.
Kasa-ləyən sistemindən böyrək daşının kanala düşməsi
Ləyən-sidik axarı seqmenti böyrək ləyəninin keçid zonasıdır. Bu nahiyənin diametri 2-3 mm təşkil edir. Daha sonra kanalın və ya axarın mənfəzi 10 mm-ə qədər genişdir. İkinci daralma zonası qalça damarları səviyyəsində olub, 4 mm diametrindədir. Üçüncü daralma nahiyəsi isə sidik kisəsi-axar seqmenti sayılır. Burada diametr 1-5 mm arasında dəyişir. Daş kiçik ölçülü olduqda bu hissələrdən keçib xaric ola bilər.
Daşın ləngiməsi ilə bağlı statistik göstəricilər
Sidik axarının yuxarı 1/3-də daşların 25%-i, orta 1/3-də 45%-i, aşağı 1/3-də isə 70%-i ləngiyir. Sidik axarında birincili daşa nadir hallarda təsadüf edilir. Buna ureterosel, şişlər, axarın ektopiyası, striktura, yad cisimlər səbəb olur. Ureterosel – axarda kisəvari, daxilində maye olan strukturdur. Axarın ektopiyası – normal anatomik lokalizasiyasından fərqli hissədə yerləşmədir. Striktura – axarın daralması deməkdir.
Böyrək daşının əmələ gəlməsi və kanala düşməsi nə ilə əlaqəlidir?
Daşların əmələ gəlməsində fosfor, sidik turşusu mübadiləsinin pozulması böyük rol oynayır. Xəstəliyin patogenezi sidiyin pH-nın dəyişməsi, onun kolloid vəziyyətinin və həlledici xüsusiyyətinin pisləşməsi ilə bağlıdır. Bundan əlavə infeksion proseslərin təsiri də qaçılmazdır.
Böyrəyin daşının kanala düşməsi hansı əlamətlərlə bilinir?
Daşın kanala və ya axara düşməsinin kliniki şəkli sidik axınının hissəvi və ya tam blokadası ilə əlaqəlidir. Bu zaman sancı yaranır. Axarın mənfəzi hissəvi tutulduqda arxa qabırğa-onurğa kənarında küt ağrılar meydana çıxır.
Axarın və ya kanalın tam obturasiyasında (bağlanmasında) sidik axını anidən dayanır və ləyəndaxili təzyiq artır. Böyrək toxumasında mikrosirkulyasiyanın pozulması və sinir uclarının qıcıqlanması intensiv ağrı sindromu ilə nəticələnir.
Böyrək daşının kanala düşməsi necə təyin edilir?
İntensiv sancı və böyrək ağrısı kanalda daş olmasını təxmin etməyə imkan verir. Böyrək proyeksiyasının palpasiyası çox ağrılı, Pasternatski simptomu isə müsbət olur. Pasternatskı sınağı – yan tərəflərdən böyrəyi döyəcləməklə aparılır. Ağrının olması onun böyrəkdən qaynaqlandığına işarə edir.
Sancını aradan qaldırdıqdan sonra Turne nöqtələrinin (axarın və ya kanalın fizioloji daralma zonaları) palpasiyasında ağrı hissiyatı saxlanılır. Uroloji ultrasəs müayinəsində kasa-ləyən sisteminin genişlənməsi, kanalın diametrinin artması izlənilir. Qarın və çanaq boşluğunun icmal rentgenoqrafiyasında kalsium tərkibli daşları görmək mümkündür.
Böyrək daşının kanala düşməsi hansı müalicə üsulunu tələb edir?
Konservativ, yəni dərman müalicəsi ilə gözləmə taktikası konkrementin ölçüsü 3 mm-dən kiçik olduqda effektiv sayılır. Bu halda spazmolitiklər, su yüklənməsi, urolitiklər, antibiotiklər və bəzən isə fizioterapiya tətbiq edilir.
Böyrək daşı kanalda 3 mm-dən böyük ölçüdədirsə, bu zaman cərrahi yolla müdaxiləyə ehtiyac yaranır.
Xülasə
İldə 2 dəfə profilaktik məqsədlə uroloq və ya uroloq-androloqun müayinəsindən keçərək, daşın kanala düşməsinin və kəskin vəziyyətin qarşısını ala bilərsiniz. Həkimlərin fiziki müayinəsindən əlavə bəzi laborator və instrumental müayinələr də tövsiyə olunur. Bura sidiyin ümumi analizi və böyrəklərin ultrasəs müayinəsi aiddir.