Böyrək
Böyrək – lobyaşəkilli cüt orqandır. Qanın təmizlənməsi və sidik yaranmada birbaşa iştirak edir. Bu orqan sidik-ifrazat sisteminə daxildir.
Böyrəyin anatomiyası
Böyrəklər insan bədənində qarnın arxa divarında, bel nahiyəsində yan tərəflərdə axırıncı 2 döş və I-II bel fəqərəsi səviyyəsində yerləşir. Sağ böyrək sola nisbətən bir qədər aşağıdadır. Çünki o, yuxarıdan qaraciyərlə sərhədlənir.
Böyrəyin normal ölçüləri
Yetkin insanda böyrəyin uzunluğu təqribən 11.5-12.5 sm, eni 5-6 sm, qalınlığı isə 3-4 sm-dir. Çəkisi 120-200 qramdır. Adətən sol böyrək sağla müqayisədə bir qədər böyük olur.
Böyrəyin daxili quruluşu
Hər bir böyrək sərt fibroz birləşdirici kapsulla əhatə olunaraq, parenxima, sidiktoplayıcı və sidikçıxarıcı sistemlərdən ibarətdir. Parenxima xarici qabıq (korteks) və daxili beyin (medulla) qatlarından təşkil olunmuşdur.
Sidiktoplayıcı sistemə 6-12 ədəd xırda kasacıq daxildir. Onlar öz aralarında 2-3 ədəd birləşməklə iri kasacıqlar (2-4) əmələ gətirilər. İri ölçülü kasacıqların birləşməsindən isə böyrək ləyəni yaranır. Ləyən sidik axarına keçir. Sağ və sol sidik axarları sidik kisəsinə açılır.
Böyrəklərin morfo-funksional vahidi nefrondur. Nefron sidik əmələ gətirmə funskyasını yerinə yetirən spesifik strukturdur. Böyrəklərin hər birində 1 milyondan çox nefron mövcuddur.
Böyrəyin funksiyaları
- İfrazat (ekskretor);
- Osmorequlyasiya (su-elektrolit balansının tənzimi);
- İonorequlyasiya (ion balansının tənzimi);
- Endokrin (daxili sekretor vəzi kimi);
- Metabolik;
- Qan yaranma.
İfrazat funksiyası böyrəyin əsas vəzifələrindəndir. O, sekresiya və filtrasiya prosesləri ilə həyata keçir. Yüksək təzyiq altında böyrəklərə daxil olan qan plazma ilə birlikdə Şumlyan-Boumen kasacıqlarında filtrlənir. Yaranan maye birincili sidik adlanır.
Bu maye nefron kanalcıqlarında öz hərəkətini davam etdirir. Məhz burada qidalı maddələrin (qlükoza və s.), su və elektrolitlərin geriyə, yəni qana sorulması baş verir. Bu zaman birincili sidiyin tərkibində sidik cövhəri, sidik turşusu və kreatinin qalır. Nəticədə ikincili sidik formalaşır, kasacıqlardan ləyənə, ordan da sidik axarına keçərək, sidik kisəsinə tökülür.
Normada gün ərzində böyrəklərdə 120-150 llitr birincili və 1.5-2 litr ikincili sidik əmələ gəlir. Həmçinin bu orqanlardan sutkada 1700-2000 litr qan keçir.
Böyrəklər həm də qan plazmasında turşu-qələvi balansının tənzimində mühüm rol oynayırlar. Orqanizmin maddələr mübadiləsinin son məhsulları, toksiki birləşmələr (o cümlədən dərmanlar), qeyri-üzvi və üzvi hissəciklərin artığı bu orqanlardan keçərək, bədəndən kənarlaşdırılır.
Böyrək xəstəlikləri
Böyrək xəstəlikləri və müalicəsi ilə urologiya, həmçinin nefrologiya məşğul olur. Və təbii ki, uroloq kimdir sualına belə cavab verə bilərik: uroloq böyrək xəstəlikləri, o cümlədən bütün sidik-cinsiyyət sisteminin patologiyalarının müalicəsi ilə məşğul olan həkimdir.
Bu xəstəliklərə aşağıdakılar aiddir:
- Nefrolitiaz (böyrək daşı xəstəliyi);
- Pielonefrit (böyrəyin iltihabı xəstəliyi). Əksərən infeksiya orqana qan vasitəsilə keçir.
- Nefroptoz (böyrəyin sallanması). Anadangəlmə və qazanılmış olur. Çox vaxt qadınlarda rast gəlinir.
- Hidronefroz (sidiyin ləngiməsi nəticəsində kasa-ləyən sisteminin genişlənməsi). Anadangəlmə və qazanılmış xarakterlidir. Qazanılmış forma böyrək daşının kanala düşməsi nəticəsində mexaniki ləngimə və hamiləlikdə böyrək problemi kimi təzahür edir. Xəstəlik birinci halda müalicə ilə, hamiləliklə əlaqəli olduqda isə yüngül formalarda uşaq doğulduqdan sonra öz-özünə keçib gedir.
- Böyrək çatışmazlığı. Orqan öz funksiyasını yerinə yetirə bilmir. Onun kəskin və xroniki formaları qeydə alınır.
- Qlomerulonefrit. Böyrək yumaqcıqları və kanalcıqlarının zədələndiyi iltihabi xəstəlikdir.
Xülasə
Bu iki ədəd lobyaşəkilli orqan həyati vacib funskiyaları yerinə yetirdiyindən özünüzü infeksiyalardan və böyrək soyuqlamasından qorumağı tövsiyə edirik.