Hamiləlikdə böyrək problemi

06 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 4597
Hamiləlikdə böyrək problemi foto
2.7/5 - (9 votes)

Hamiləlik hər bir qadının həyatında həm sevincli, həm də mürəkkəb dövrdür. Hamiləlikdə böyrək problemi döl böyüyüb inkişaf etdikcə daha da arta bilər. Onun fəsadları isə çox təhlükəlidir. Hamiləlikdə böyrək problemi dedikdə hidronefroz, qlomerulonefrit, böyrəklərdə daş xəstəliyi, simptomsuz bakteriuriya nəzərdə tutulur.

Hamiləlikdə böyrək problemi – qlomerulonefrit

Hamiləlikdə qlomerulonefrit kimi böyrək problemi 10% hallarda müşahidə olunur. Xəstəlik infeksion-allergik mənşəli olub, böyrək yumaqcıqlarının, filtrasiya sisteminin immuno-kompleks zədələnməsi ilə xarakterizə edilir. Qlomerulonefritin başlıca törədicisi hemolitik streptokokklardır.

Patologiya əksərən angina və qripdən sonra inkişaf edir. Xəstələrdə baş ağrıları, tez yorulma, sidik ifrazının tezləşməsi müşahidə olunur. Aparıcı əlamət qismində üz, gözaltı, ayaqlar və qarnın ön divarında ödem (şişkinlik), yüksək arterial təzyiq qeydə alınır. Sidik analizində zülal, eritrosit və leykositlər aşkarlanır. Ağır formalarda anemiya yarana bilər.

Qlomerulonefrit hamiləliyin sonlanmasına qəti göstəriş deyildir. Ancaq onu da nəzərə almaq lazımdır ki, ana və körpə üçün proqnoz ciddi və təhlükəli ola bilər. Xəstəliklə əlaqədar gecikmiş hestoz (toksikoz) erkən dövrlərdə əmələ gəlir. Gecikmiş hestozun gedişatı çox ağırdır. Hamiləlik 11%-də spontan (öz-özünə) düşük, 29%-də isə vaxtından əvvəl doğuşla sonlanır.

Çox zaman anada ensefalopatiya (beyin toxumasında patoloji dəyişikliklər), böyrək və ürək çatışmazlığı fonunda ölüm baş verə bilər. Döl tərəfdən də əksər hallarda hipotrofiya, hipoksiya, bətndaxili ölüm ilə müşahidə olunur. Qlomerulonefritli qadınların vaxtından əvvəl dünyaya gətirdiyi uşaqlar adətən çox yaşamırlar.

Bu kimi hallara yol verməmək üçün hamiləliyin başlanğıc mərhələlərində lazımi müayinələrdən keçmək lazımdır. Kəskin formalı qlomerulonefrit hamiləliyin dayandırılmasına mütləq göstərişdir.

Hamiləlikdə böyrək problemi foto 1

Hamiləlikdə böyrək problemi zamanı hospitalizasiya

Erkən hamiləlikdə böyrək problemi aşkarlandıqda hospitalizasiya tələb olunur. Xroniki qlomerulonefritin kəskinləşməsi böyrək fəaliyyətinin pozulması, arterial təzyiqin yüksəlməsi ilə təzahür edir. Müalicə antibiotikər, hipotenziv preparatlar, sidikqovucular təyin olunmaqla aparılır.

Qlomerulonefritin hipertonik formasında ürəyin yüklənməsinin qarşısını alan preparatlar, vitaminlər, antihistaminlər, sidik kanalının kateterizasiyası tətbiq edilir. Doğuş zamanı spazmolitik və analgetiklərdən istifadə olunur, qanaxmanın qarşısını almaq üçün tədbirlər görülür. Qeysəriyyə əməliyyatına göstəriş olduqda hamiləlik cərrahi müdaxilə ilə sonlandırılır.

Hamiləlikdə böyrək problemi – daş xəstəliyi

Böyrək daşı xəstəliyinin yaranmasında fosfor-kalsium mübadiləsinin pozulması, sidik cövhəri və sidik turşusunun səviyyəsinin dəyişməsi, hidronefroz mühüm rol oynayır. Hidronefroz – böyrəyin kasa-ləyən sisteminin genişlənməsidir. Bundan əlavə hamiləlikdə rast gəlinən pielonefrit 89% hallarda böyrək daşı ilə ağırlaşır.

Xəstəliyin spesifik 3 əlaməti vardır: böyrək ağrısı, konkrementin (qum və daş) tökülməsi, sidikdə qan. Bel və qasıq nahiyəsində qəflətən yaranan kəsici ağrılar, aralığa və ayaqlara yayıla bilər. Hamilələrdə əksər hallarda ağrı sağ tərəfdə olur. Böyrək daşı sancısı hamiləliyin sonlandırılması üçün göstərişdir.

Hamiləlikdə böyrək problemi – simptomsuz bakteriuriya

Bakteriuriya hamiləlikdə 45–80% hallarda müşahidə olunur. Xəstəlik üçün sidikdə küllü miqdarda bakteriyanın tapılması xarakterikdir. Bu patologiya hər hansı infeksiya və ya klinik simptomlar olmadan da inkişaf edir.

Kateterlə alınmış 1 millilitr sidikdə 100 000 və daha çox bakteriyanın aşkarlanması bakteriuriya kimi qeydə alınır. Əsasən bağırsaq çöpü, klebsiella və protey izlənilir. Hamiləlikdə böyrək problemi sayılan kəskin pielonefrit 30% hallarda bakteriuriya fonunda yaranır. Xəstəlik vaxtında müalicə olunmadıqda ciddi fəsadlar meydana çıxır.

Hamiləlikdə böyrək problemi foto 2

Hamiləlikdə böyrək genişlənməsi

Böyrəklərdə genişlənmə, yəni onun kasa-ləyən sisteminin genişlənməsi hidronefroz adlanır. Hamiləlikdə böyrəklər normadan artıq yüklənir. Nəticədə genişlənmə baş verir. Onun səbəblərinə aşağıdakılar aiddir:

  • Uşaqlığın böyüməsi. Orqanın ölçülərinin artması ilə əlaqədar sidik axarları sıxılır. Sidik axını çətinləşir. Kasa-ləyən sistemində sidiyin ləngiməsi orqanda deformasiya törədir.
  • Travmalar
  • Böyrəklərin anadangəlmə anomaliyası
  • İnfeksiyalar
  • Böyrək daşı
  • Müxtəlif mənşəli şişlər
  • Onurğa beyninin zədələnməsi
  • Patoloji hamiləlik
  • Sistit xəstəliyi

Xəstəliyin təhlükəliliyi başlanğıcda simptomların aşkarlanmaması səbəbindən diaqnozun gec qoyulması ilə bağlıdır. Ancaq döl böyüdükcə, uşaqlıq da genişlənir. Nəticədə hidronefroz da kəskinləşirək aşağıdakı əlamətlərlə özünü büruzə verir:

  • Beldə yaranan küt, dartılan ağrıların sağrı, qasıq, aralıq nahiyəsinə yayılması
  • Tutmalar zamanı sidiyin həcminin azalması, tutma sona çatdıqda isə artması
  • Sidiyə qan qarışması
  • İnfeksiya qoşulduqda temperaturun yüksəlməsi
  • Tez yorulma, qusma, ürəkbulanma kimi əlamətlərin meydana çıxması
  • Ayaqların şişməsi
  • Arterial təzyiqin qalxması
  • Müalicə gecikdirildikdə pielonefritin inkişafı.

Xülasə

Hamiləlikdə böyrək problemi ilə qarşılaşdıqda xəstə uroloq və ginekoloqun nəzarəti altına alınmalıdır. Ananın həyatını təhlükəyə atmamaq üçün bəzən hamiləliyi sonlandırmaq lazım gəlir. Bu səbəbdən qadın hamilə qalmaq istədikdə əvvəlcə sidik-ifrazat sisteminin patologiyaları müalicə olunmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.7/5 - (9 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir