Böyrək daşı

12 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2072
Böyrək daşı foto
4.5/5 - (2 votes)

Böyrək daşı – böyrəkdə müxtəlif tipli konkrementlərin əmələ gəlməsidir. Böyrək daşı xəstəliyinə müxtəlif yaşlı insanlarda rast gəlinir. Bu konkrementlər fərqli tərkibə malik olur. Onların əksəriyyəti qarışıq tipli daşlardır. Böyrək daşı çox zaman birtərəfli olur. Konkrementlərin sayı bir və ya bir neçə ədəd ola bilər. Ölçüləri isə adətən 2 mm-dən 10 sm-ə qədər dəyişir.

Böyrəkdə daş – səbəbləri

Böyrək daşı əsasən maddələr mübadiləsinin pozulması, qanın su-duz balansının və kimyəvi tərkibinin dəyişməsi nəticəsində formalaşır. Bundan başqa irsiyyət və qidalanma faktorları da mühüm rol oynayır. Həmçinin içməli suyun keyfiyyətinin aşağı olması böyrəkdə daş ilə nəticələnə bilər.

Böyrək daşı – risk faktorları

  • Oturaq həyat tərzi;
  • Qida rasionunda A və B qrup vitaminlərin çatışmazlığı;
  • Bəzi dərman preparatlarının, məsələn, sulfanilamid, askorbin turşusunun normadan artıq qəbulu;
  • Xəstənin uzunmüddətli immobilizasiyası, yəni hərəkətsiz qalması (sınıq və travmalar zamanı);
  • Mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri (qastrit, kolit, mədə xorası);
  • Sidik-ifrazat sisteminin xroniki patologiyaları (pielonefrit, prostatit, prostat adenoması, sistit xəstəliyi);
  • Qalxanabənzər ətraf (paratiroid) vəzilərin funksional pozğunluqları;
  • Osteomielit, osteoporoz kimi sümük xəstəlikləri (osteomielit – sümükdə ocaqvari iltihab, osteoporoz – D-vitamini defisiti fonunda sümük sıxlığının azalması və sümüyün yumşalması)
  • Gündəlik rasionda duzun həddindən artıq istifadəsi.

Böyrək daşı foto 2

Böyrək daşı və onun tipləri

Urat daşları

Rastgəlmə tezliyi 5-15%-dir. Onun tərkibi sidik turşusu, natrium və kalium duzlarından ibarətdir. Bu daşlar bərk konsistensiyalı və hamar formada olub, kərpici və yaxud sarımtıl-narıncı rəngdədir. Sıxlıqlarının az olmasına görə rentgendə görünmürlər. Sıxlıq – kalsium hesabına yaranır.

Urat daşları Ultrasəs müayinəsi və sidiyin laborator analizi vasitəsilə təyin edilir. Kiçik ölçülü konkrementləri düzgün müalicə ilə əritmək mümkündür.

Oksalat daşları

Daha sıx rast gəlinən böyrək daşı tipidir. Böyrəkdə kalsium duzlarının və oksalat turşusunun normadan artıq olması ilə əlaqədar yaranır. Onların sıxlıqları çox olur. Belə daşlar USM və rentgen müayinəsində asanlıqla görünürlər. Konkrementlər qara-boz rəngə və çıxıntılı səthə malikdir. Bu çıxıntılar sidik yollarının selikli qişasını zədələdiyindən sidikdə qan müşahidə edilir.

Onların sidik-ifrazat yolları ilə hərəkəti böyrək daşı sancısına səbəb olur. Qida rasionunda çoxlu miqdarda sitrus meyvələri və şirələri, ispanaq, kələm, çuğundur, şokolad, qəhvə istifadə edən, eləcə də B6 vitamininin çatışmadığı insanlarda bu tip böyrək daşı daha çox qeydə alınır.

Onları əritmək mümkün deyildir. Oksalat tipli böyrək daşının müalicəsi üçün litotripsiya, punksion nefrolitolapaksiya, kontakt litotripsiya tətbiq edilir. Litotripsiya – daşların elektromaqnit dalğalarla xırdalanmasıdır. Punksion nefrolitolapaksiya – böyrək punksiyasından sonra daşın parçalanması ilə xarakterizə olunur. Kontakt litotripsiya – kəsik və dəlik olmadan sidik yollarından kateteri daxil edərək, lazerlə böyrək daşı əməliyyatının aparılmasıdır.

Böyrək daşı foto 1

Fosfat daşları

Fosfat turşusu və kalsium duzlarından ibarətdir. Hamar və bir qədər çıxıntılı, ağ rəngli, yumşaq konsistensiyalı böyrək daşı tipidir. Onlar maddələr mübadiləsinin pozulması səbəbindən formalaşır. Sidiyin pH-nın 6.2-dən yüksək olması və mikroskopik müayinədə tərkibində ağ rəngli ərplərin izlənilməsi fosfat duzlarından xəbər verir.

Bu halda müalicə sidiyin turşuluğunun artırılmasına yönəldilir. Turş meyvələrin şirələri, mineral sular, üzüm kökünun, zoğal və itburnu dəmləməsi turşuluğu artırır. Bu cür daşlar sürətlə böyüsə də asan parçalanırlar.

Struvit daşları

Yumşaq strukturlu, tez böyüyən daşlardır. Səthləri hamar və ya bir qədər büzməlidir. Onlar ağ və ya açıq-boz rəngdə olurlar. Struvit daşı sidiyin ləngiməsindən və ya bakteriya hissəciklərindən əmələ gəlirlər. Bu cür konkrementlər infeksion təbiətlidirlər. Onlar bir neçə aya sürətlə böyüyərək, mərcanvari daşa çevrilir, bütün böyrəyi daxildən tuturlar. Məhz bu səbəbdən təhlükəli sayılırlar.

Struvit daşları USM, rentgen müayinəsi, KT və sidik analizi vasitəsilə üzə çıxarılır. Sidiyin mikroskopik müayinəsində tabut qapağına bənzər kristallar vizulizə olunur. Struvit tipli böyrək daşı fitoterapiya və dərmanlarla müalicə olunmur. Daş kiçikdirsə litotriptor (daş parçalayan), böyük olduqda isə əməliyyat lazım gəlir.

Böyrək daşının əlamətləri

Böyrək daşı klassik formada özünü sancı ilə biruzə verir. Ağrı beldə yaranır. Xəstələrdə sidik yollarında genişlənmə əmələ gəlir. Böyrək daşı sancısı ağır yük qaldırdıqda, at çapdıqda, çoxlu maye qəbul etdikdə meydana çıxa bilər. Çox vaxt sancı daş böyrək ləyənindən sidik axarına düşdükdə və ya sidik axarının ən aşağı hissəsində – axarın kisəyə keçdiyi yerdə yaranır.

İlk sancıya qədər xəstə daşın mövcudluğundan xəbərsiz yaşayır. Daş 5-6 mm-dən kiçik olduqda özü düşə bilər və ya yardımçı vasitələrlə onun xaric olmasını tezləşdirmək mümkündür. Daşın ölçüsü 6 mm-dən çox olduqda digər müalicə üsullarına ehtiyac yaranır.

Böyrək ağrısı sutkanın istənilən vaxtı, hətta yuxu saatlarında baş verə bilər. Əksərən ağrı ilə birlikdə qusma müşahidə edilir. Prosesə infeksiya qoşulduqda bədən temperaturu 38-40°C-yə qədər yüksəlir.

Böyrək daşı foto 3

Böyrək daşının müalicəsi

Böyrək daşının müalicəsi ağrı sindromunun aradan qaldırılmasından başlanır. Daha sonra daşın götürülməsi, infeksiyanın müalicəsi və konkrementin yenidən formalaşmasının qarşısını almaq üçün tədbirlər görülür.

Böyrək daşının müalicəsi konservativ (dərman) və cərrahi yolla həyata keçirilir.

Konservativ metod böyrəkdə daş 3-5 mm-ə qədər olduqda effektiv sayılır. Xəstələrə spesifik preparatlar, maye və pəhriz rejimi təyin edilir. İltihabi proseslərdə antibakterial terapiya aparılır. Sistematik şəkildə sidikqovucu və spazmolitik dərmanlar təyin olunur.

Böyrək daşı aşkarlandıqda pəhriz rejimi

Pəhriz böyrək daşının müalicəsində önəmli rol oynayır. Pəhrizin növü daşın tipindən asılıdır.

Urat daşları zamanı pəhriz

Burada əsas məqsəd orqanizmdə sidik turşusu və duzların səviyyəsini azaltmaqdır.

  • Qida qəbulu bərabər intervallarla gündə 5-6 dəfə olmalı;
  • Rasiondan tərkibində spesifik zülal (purinlər) olan qidalar çıxarılmalı;
  • Zülal, yağ, karbohidrat balansına riayət edilməlidir.

Faydalı ərzaqlar: süd məhsulları, müxtəlif kəpəklər (buğda, qarabaşaq və s.), şirin meyvələr, tərəvəzlər, təbii şirələr (mağazadan alınmış olmasın), heyvani zülallar (yumurta, yağsız balıq və ət, toyuq), təbii bal.

Qadağan olunan ərzaqlar: qızardılmış və ya hisə verilmiş ət, göbələk, acı ədviyyatlar, kakaodan hazırlanmış məhsullar (şokolad, kakao), qəhvə.

Böyrək daşı foto 5

Fosfat daşları zamanı pəhriz

Məqsəd turşu balansını normallaşdırmaq, kalsium duzlarının əmələ gəlməsini dayandırmaqdır. Bunun üçün:

  • Tərkibində A vitamini olan qidalara üstünlük verilməli;
  • Duzdan imtina edilməli;
  • Sutkada 2.5 litrə qədər su içilməli;
  • Sidiyin turşuluğu artırılmalıdır.

Lazımi ərzaqlar: yağsız ət və balıq (qızardılmış halda da olar), makaronlar, şorbalar, turş meyvələr.

Qadağan olunmuş ərzaqlar: təbii şirələr, süd məhsulları, qələviliyi yüksək olan tərəvəzlər (ispanaq, xiyar, kələm və s.), alkoqol, kakao, qəhvə.

Oksalat daşları zamanı pəhriz

Pəhrizin mahiyyəti rasionda oksalat turşusunun istifadəsini azaltmaqdır. Bunun üçün bütün kakao məhsullarını tam şəkildə rasiondan çıxartmaq, kartof, kök, pomidor, soğan, çuğundur, jelatin miqdarını ciddi şəkildə məhdudlaşdırmaq lazımdır. Gün ərzində 2.5 litr su qəbul edilməlidir.

Faydalı ərzaqlar: alma, üzüm, gavalı və digər meyvələr.

Qadağan olunmuş qidalar: şirniyyat.

Konservativ müalicə nəticə vermədikdə və ya daş 6 mm–dən böyük olduqda cərrahi əməliyyat icra edilir. Lazerlə böyrək daşı əməliyyatının qiyməti konkrementin ölçüsündən və vəziyyətin ağırlığından asılı olaraq, 1100-1300 AZN arasında dəyişir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir