Böyrək daşı xəstəliyi
Böyrək daşı xəstəliyi elmi dildə nefrolitiaz adlanır. Patologiya böyrəklərin kasa-ləyən sistemində konkrementin, yəni daşın yaranması ilə xarakterizə olunur.
Böyrək daşı nədən əmələ gəlir?
Böyrək daşı sidiyin tərkibinə qeyri-üzvi duzların daxil olması nəticəsində yaranır. Bu, çox mürəkkəb fiziki-kimyəvi mexanizmdir. Belə xəstələrdə bəzi molekulların qruplaşması səbəbindən sidikdə qan laxtası və digər elementlərin (fibrin sapları, bakteriyanın epitel hüceyrəsi) iştirakı ilə kristal əmələ gələ bilər. Yaranmış mikrokonkrement daşın nüvəsini, yəni əsasını təşkil edir.
Böyrək daşı xəstəliyi əsasən maddələr mübadiləsinin və böyrəkdən sidiyin sərbəst axınının pozulması ilə əlaqədar formalaşır. Normal sidik axınında mikrokonkrementlər orqanizmdən xaric olur. Bu prosesə maneə törəndikdə (məsələn, prostat adenoması, sidik yollarının iltihabı, sidik-ifrazat yollarında təzyiq və ya daralma) kristallizasiya ehtimalı artır.
Böyrək daşı xəstəliyi necə inkişaf edir?
Daş böyrəklərdə üzvi dəyişikliklər, kasa-ləyən sistemində mikrozədələnmə və qıcıqlanma zamanı əmələ gəlir. Sidik yollarının mənfəzinin tutulması hidronefroza və böyrəklərdə toxuma məhvinə səbəb olur. Hidronefroz – böyrəklərdə sidiyin ləngiməsi nəticəsində kasa-ləyən sisteminin genişlənməsidir. Yanaşı olaraq, infeksiyanın qoşulması kalkulyoz pielonefrit – böyrək iltihabının əlamətləri ilə təzahür edir.
Böyrək daşı xəstəliyi hansı əlamətlərlə özünü büruzə verir?
Əksər hallarda xəstəlik güclü böyrək ağrısı ilə müşayiət olunur. Ağrı bel nahiyəsində və sidik yolları boyunca qeydə alınır. Ağrı hissi əsasən böyrək daşının kanala düşməsi səbəbindən sidik axınının pozulması nəticəsində meydana çıxır. Bundan əlavə sidik ifrazı zamanı diskomfort, eləcə də ürəkbulanma, bəzən qusma və qızdırma xəstəliyin əlamətlərindən sayılır.
Böyrək daşı xəstəliyi necə aşkarlanır?
Xəstəliyi böyrəklərin Ultrasəs müayinəsi və rentgenoqrafiya (ekskretor uroqrafiya), həmçinin sidiyin ümumi analizinin köməyilə aşkar etmək mümkündür. Ultrasəs müayinəsində daşın ölçüsü və vəziyyəti qiymətləndirilir. Daşın kanala düşdüyü hallarda kasa-ləyən sisteminin və sidik axarının genişlənməsi aşkarlanır.
Ekskretor uroqrafiya (digər adı intravenoz pieloqrafiya) – xüsusi kontrast maddənin vena daxilinə intensiv yeridilməsi ilə böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalının rentgen vasitəsilə izlənilməsidir. Bu metod şəkərli diabet xəstələrinə, metformin dərmanı qəbul edən və çəkisi 100 kiloqramı keçən şəxslərə əks göstərişdir.
Böyrək daşı xəstəliyinin müalicəsi
Xəstəliyin müalicəsi uroloq tərəfindən aparılır. Sancını azaltmaq üçün ağrıkəsici (analgin, spazmalqon, baralgin), spazmolitiklər (papaverin, noşpa, papazol) təyin olunur. Daşın yerini, ölçü və formasını dəqiqləşdirmədən hər hansı dərman vasitəsinin qəbulu məsləhət görülmür. Tutmaşəkilli ağrılara rast gəlinmədikdə daşın formalaşmasına şərait yaradan məhsullardan imtina etmək, yəni pəhriz rejiminə keçmək məsləhət görülür.
13 mm-dən iri daşların müalicəsi üçün litotripsiya üsulu məqsədəuyğundur. Litotripsiya səs dalğaları ilə daşın parçalanmasıdır. Bu zaman daşa 300-5000 akustik səs dalğası yönləndirilir. Nəticədə daş parçalanmağa başlayır. 2 həftə sonra müayinə və prosedur təkrar yerinə yetirilir. 20 mm-dən böyük daşlar isə cərrahi yolla müalicə olunur.
Xülasə
Böyrək daşı xəstəliyi zamanı özbaşına dərman preparatları içmək qəti qadağandır. Müalicə mütləq uroloq tərəfindən aparılmalıdır.