Sidikdə qan
Sidikdə qan narahatlıq yaradan siqnaldır. Bir çox halda bu vəziyyəti törədən səbəblər zərərsiz olur. Ancaq bəzən hemoturiya, yəni sidikdə qan ciddi xəstəliklərin əlaməti sayılır.
Sidikdə qan – əsas əlamətlər
Hematuriya sidikdə eritrositlərin (qırmızı qan hüceyrələrinin) olması hesabına onun açıq çəhrayı, qonur, qırmızı rəng alması ilə təzahür edir. Adətən qanaxma ağrısız keçir. Az miqdarda qan sidiyi qırmızıya boyaya bilər. Qan laxta şəklində olduqda, ağrı hissi meydana çıxır. Sidikdə qan çox vaxt digər simptomlar olmadan müşahidə edilir.
Sidikdə qan necə əmələ gəlir?
Hematuriya zamanı böyrəklər və sidik yolları qan hüceyrələrinin sidiyə keçməsinə şərait yaradır. Bu problemi müxtəlif patologiyalar törədə bilər:
- Sidik yollarının infeksiyası. Bakteriyaların sidik kanalından qalxan yolla keçməsi və kisədə bölünməsi ilə baş verir. Bu zaman yalançı çağırışlar, sidik ifrazı zamanı göynəmə, diskomfort hissi və qoxulu sidik müşahidə olunur.
- Böyrəklərin iltihabı (pielonefrit). Bakteriyaların qan dövranı ilə və ya sidik axarından böyrəyə düşməsi nəticəsində əmələ gəlir. Simptomları sistit əlamətlərinə çox bənzəyir. Əlavə olaraq qızdırma və böyrək ağrısı da izlənilir.
- Sidik kisəsi və ya böyrək daşı. Qatı sidiyin içindəki minerallar bəzən böyrək və ya sidik kisəsi divarlarında kristallar əmələ gətirir. Zamanla kristallar kiçik ölçülü sərt daşlara çevrilir. Daşlar bir qayda olaraq ağrı ilə müşayiət edilmir. Buna görə də kanalın tutulmadığı müddətdə insan onlardan xəbərsiz qalır. Daş böyrəkdən sidik axarına və ya axardan kisəyə keçdikdə mikroskopik və ya güclü qanaxma baş verə bilər.
- Prostatın böyüməsi. Prostat vəzi sidik kisəsindən bir qədər yuxarıda yerləşir və sidik kanalının yuxarı hissəsini əhatə edir. Orta yaşlarda kişilərdə vəzin ölçüləri böyüyür. Sonra o, sidik kanalını sıxaraq, sidik axarını hissəvi şəkildə qapayır. Prostat hiperplaziyasının (böyüməsinin) əlamətlərinə sidik ifrazının çətinləşməsi, imperativ çağırışlar, sidikdə qan aiddir. Prostat vəzin infeksiyası (prostatit) da eyni əlamətlərə zəmin yaradır.
- Böyrək xəstəlikləri. Mikroskopik hematuriya qlomerulonefritin ən xarakterik simptomudur. Qlomerulonefrit böyrəyin filtrasiya sisteminin iltihabıdır. Şəkərli diabet, virus, streptokokk infeksiyası, vaskulit, immun problemlər, nefropatiya kimi patologiyalar qlomerulonefritə səbəb olur.
- Xərçəng. Sidikdə gözlə görünən qan böyrək və ya prostat xərçənginin əlaməti kimi meydana çıxa bilər. Təəssüflər olsun ki, bu xəstəliklərin erkən mərhələrdə tipik əlaməti yoxdur. Sidikdə qan xəstəliyin çox irəlilədiyindən xəbər verir.
- Genetik pozğunlar. Oraqvari anemiya eritrositlərdəki hemoqlobinin defektidir. Bu zaman mikroskopik və ya bəlli səviyyədə hematuriya qeydə alınır.
- Böyrəklərin travması. Böyrəklərdə hər hansı zərbə və ya zədələnmə sidikdə qan əmələ gətirə bilər.
- Dərman preparatları. Xərçəngəleyhinə dərman olan siklofosfamid, penisillin qrupundan olan antibiotiklər, aspirin, heparin kimi antikoaqulyantların qəbulu hematuriyaya gətirib çıxara bilər.
Sidikdə qana rast gəlindikdə həkimə müraciət edilməlidir?
Qanlı sidik gördüyünüz vaxt həkim qəbuluna yazılmaq zəruridir. Bəzi preparatlar və qida məhsulları, məsələn çuğundur, giləmeyvələr sidiyin rəngini qırmızımtıl edir. Sidiyin rənginin qida, fiziki hərəkətlər və dərman preparatlarından dəyişməsi bir neçə gün ərzində öz-özünə keçib gedir.
Qanlı sidik isə tamam ayrı vəziyyətdir. İnsan onun fərqini adi gözlə seçə bilmir. Belə hallarda həkimlə məsləhətləşmək lazımdır.
Xülasə
Sidikdə qan görsəniz səbəbindən asılı olmayaraq mütləq uroloqa getməli və müayinələrdən keçməlisiniz.