Prostat

Prostat – hormondan asılı olan kişi cinsiyyət orqanıdır. Prostat vəzin forma və ölçüləri bu orqanda gedən patoloji proseslərin diaqnostikasında önəmli meyar sayılır.
Prostat vəzin normal ölçüləri və quruluşu
Vəz simmetrik yerləşən 2 paydan ibarətdir. Yaşlı insanlarda prostatın boyun hissəsinin toxumalarının böyüməsi müşahidə edilə bilər. Reproduktiv yaşda olan kişilərdə prostat vəzin normal ölçüləri aşağıdakı intervaldadır:
- uzunluğu 32-45 mm
- eni 35-50 mm
- qalınlığı 17-25 mm
Vəzin strukturuna əzələ, birləşdirici və vəzili toxumalar daxildir. Bu toxumaların nisbəti orqanın konsistensiyasından asılıdır. Cinsi yetişkənlik dövrünə qədər vəzi əsasən əzələ komponentindən təşkil olunur. Yeniyetmələrdə vəzili hissə inkişaf etməyə başlayır. Hər bir kiçik vəzin paycıq şəklində axacağı vardır. Bütün paycıqlar əzələ toxuması ilə əhatə olunur. Orqanın həcmi 25-30 sm3 –dir.
Prostatın vaskularizasiya və innervasiyası
Orqanın qanlanması düz bağırsaq və penis damarları hesabınadır. Quruluşun bu cür olması qan durğunluğu zamanı prostatitin inkişafına şərait yaradır. Çoxsaylı sinir çıxıntıları ağrı hissiyyatının müxtəlif səviyyələrdə (bel, qasıq, aralıq və s.) yayılmasına səbəb olur. Hormonlardan asılılıq kişinin həyatı boyu orqanda müxtəlif struktur dəyişikliklərinin yaranmasını izah edir.
Yaşla əlaqədar meydana çıxan struktur dəyişikliklər
Prostat aktiv formada cinsi yetişkənlik dövründə inkişaf edir. Proses 25 yaşda sona çatır. Bu yaşda hormonların normal və stabil səviyyəsi orqanın funksiyasının qənaətbəxş olmasını təmin edir.
Struktur dəyişikliklərinin ikinci mərhələsi 45 yaşdan sonra başlayır. Vəzi sekretor orqan kimi reproduktiv funskiyaya təsir göstərir. Onun vəziyyəti daxili endokrin vəziləri tərəfindən tənzimlənən hormonal fondan asılıdır.
Prostat şirəsi
Prostat şirəsi cinsi hüceyrələrin qidalı mühitini təşkil edir. Həmçinin onların müdafiəsini və hərəkiliyini təmin edir. Şirənin tərkibinə fermentlər, hormonlar, zülallar və digər zəruri maddələr daxildir. Onların konsentrasiyasının dəyişməsi ciddi pozulğunluqlara səbəb olur.
Prostat vəzin müdafiə funksiyası
Orqanın əsas xüsusiyyəti onun qoruma funksiyasıdır. Vəzin əzələ sfinkteri sidik ifrazını kontrol edir və sperma daxilinə sidiyin düşməsinin qarşısını alır.
Yadda saxlamaq lazımdır ki, prostat vəzin normal ölçüləri dəyişdikdə sidik-cinsiyyət sistemi xəstəlikləri və onların səbəb olduğu cinsi zəiflik, sonsuzluq yaranır.
Prostat necə müayinə olunur?
- barmaqla rektal müayinə. Bu zaman həkim düz bağırsaq divarından orqanı barmaqla yoxlayır. Orqanın ümumi vəziyyətini dəyərləndirir. Bu üsuldan pasiyent uroloqa və ya androloqa ilk dəfə müraciət etdikdə istifadə edilir.
- ultrasəs müayinəsi. Onun köməyilə prostat vəzin normal ölçüləri və ya kənaraçıxmalar haqqında daha dəqiq məlumat əldə edilir. Bunun üçün sidik kisəsinin dolu olması mütləq şərtdir.
- transrektal ultrasəs müayinəsi. Prosedur əsnasında prostat vəzi daha aydın görünür. Müayinədən bir neçə saat əvvəl bağırsaq imalə ilə təmizlənməlidir.
Prostat vəzin ölçülərinin dəyişməsi necə aşkarlanır?
Orqanın ölçüləri dəyişdikdə aşağıdakı əlamətlər müşahidə olunur:
- sidik ifrazının tezləşməsi (xüsusən gecə saatlarında);
- kisənin tam boşalmaması hissi;
- zamanla çətin idarə olunan özbaşına sidik qaçırmaları (enurez);
- potensiyanın pozulması;
- sperma və sidikdə qanın izlənilməsi;
- qarnın aşağı hissəsində və aralıqda ağrıların yaranması.
Sadalanan simptomların varlığı ətraflı müayinə və adekvat müalicə tələb edir. Buna görə də vaxtında həkimə müraciət etmək lazımdır.