Androloq

Androloq – kişilərdə cinsi və reproduktiv funksiyanı korreksiya edən, intim sferanın müayinə, müalicə və profilaktikası ilə məşğul olan mütəxəssisdir.
Androloq nədir?
Androloq həkimlərin maraq dairəsi çox genişdir: sonsuzluqdan cinsi zəifliyə, klimaksdan akromeqaliyaya qədər bütün sahələri əhatə edirlər. Bundan əlavə cərrah androloqlar cinsiyyət dəyişməsi, axtalama, sünnət və s. kimi əməliyyatlar aparır. Androloq həmçinin xəstələri intim gigiyena, kişi kontrasepsiyası haqqında maarifləndirir.
Androloq aşağıdakı xəstəlikləri müalicə edir:
- Erektil disfunksiya (cinsi zəiflik), libidonun (cinsi istək) olmaması;
- Erkən boşalma;
- Yeniyetməlik dövründə pozğunluqlar;
- Kişi sonsuzluğunun səbəblərinin araşdırılması və müalicəsi;
- Xayaların natamam inkişafı (hipoqonadizm);
- Andropauza (fizioloji klimaks);
- Ginekomastiya (kişilərdə süd vəzilərinin böyüməsi);
- Endokrin pozğunluqlar;
- Prostatın hiperplaziyası (böyüməsi);
- Prostatit;
- Piylənmə;
- Uşaqlarda və böyüklərdə enurez (sidiyi saxlaya bilməmə);
- Cinsi infeksiyalar;
- Kişi cinsiyyət orqanlarının inkişaf anomaliyaları və iltihabi xəstəlikləri;
- Sidik cinsiyyət sisteminin onkoloji xəstəlikləri;
- Pülük dərisinin dar olması (fimoz);
- Varikosel.
Androloq uroloqdan nə ilə fərqlənir?
Əsas fərq ondan ibarətdir ki, uroloqun həkim kimi funksiyaları daha genişdir. Uroloq sidik sistemi ilə yanaşı, həm də cinsiyyət orqanlarının xəstəliklərini müalicə edir. Uroloqun pasiyentləri arasında hər 2 cinsin nümayəndələrinə rast gəlinir. Androloq isə yalnız kişi cinsi orqanlarının patologiyalarının müalicəsi ilə məşğuldur.
Andrologiyada dar ixtisaslaşma
Uro-androloqdan (yəni uroloq-androloqdan) başqa aşağıdakı ixtisaslar mövcuddur:
- Uşaq uroloqu – anadangəlmə patologiyaları korreksiya edir, cinsi yetişkənlik problemləri ilə məşğul olur.
- Androloq-endokrinoloq – cinsi vəzilərin disfunksiyası, kişilərin hormonal fertilliyi (dölləndirməsi) ilə bağlı problemləri həll edir.
- Androloq-reproduktoloq – cavan ailələrin sonsuzluq problemi üzərində çalışır.
- Androloq-seksoloq – şüuraltı və psixi səviyyədə yaranan potensiya, erektil disfunksiya problemlərini aradan qaldırır.
- Androloq-cərrah – zəifləmiş seksual funksiyanı cərrahi yolla bərpa edir, cinsi orqanın kosmetik qüsurlarını korreksiya edir, genital plastika ilə məşğuldur.
- Androloq-onkoloq – kişilərdə sidik-cinsiyyət sisteminin xərçəng xəstəliklərini müalicə edir.
Əksər hallarda bu həkimlər uroloq, endokrinoloq və seksapatoloqlarla əməkdaşlıq edirlər. Kişi sonsuzluğunun gündən-günə yayılması androloqlara tələbatı daha da artırır.
Androloq kimdir, onun əsas vəzifələri nələrdir?
- Cinsi zəifliyin proqressivləşməsinin qarşısının alınması və vəziyyətin bərpa olunması;
- Xəstənin fərdi və yaş xüsusiyyətlərinə uyğun müalicə sxeminin tərtib edilməsi.
- Kişi sağlamlığı barədə konsultasiyanın verilməsi;
- Bəzi xəstəliklərdə (şəkərli diabet, qalxanvari vəzin xəstəlikləri, hipofizar-hipotalamus sisteminin şişləri, ateroskleroz, qaraciyər və böyrək çatışmazlığı) impotensiya ehtimalının təyin edilməsi;
- Alkoqolizm, narkomaniya, siqaret çəkməyin cinsi zəifliyin inkişafında rolu haqqında gənclərin maarifləndirilməsi.
Androloq nədir – həkimə tələblər
- Ali tibbi təhsil;
- Kiçik uroloji əməliyyatları yerinə yetirmək (sünnət, poliplərin kəsilməsi, ziyil yandırma);
- Xəstəni androloji metodlarla müayinə etmək;
- Orxodimetriya – xayaların ölçüsünü təyin etməyi bacarmaq.
Xülasə
Əgər seksual problemləriniz varsa, androloq həkimə müraciət etməyiniz məsləhətdir.