Cinsi infeksiyalar

31 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1217
Cinsi infeksiyalar foto
Rate this post

Cinsi infeksiyalar inkubasiya dövrünün bir neçə həftədən bir neçə aya, hətta ilə qədər uzanması, bəzilərinin isə gizli gedişi səbəbindən təhlükəli sayılır. Müalicə olunmadıqda sağlamlığa ciddi ziyan dəyir. Cinsi infeksiyalara başqa adla zöhrəvi xəstəliklər də deyilir.

Cinsi yolla keçən infeksiyalar

İntim əlaqə zamanı yoluxması səbəbindən günümüzdə 30-dan çox xəstəlik eyni qrupda cəmləşdirilmişdir. Onların törədiciləri göbələklər, viruslar, bakteriya və digər mikroorqanizmlər ola bilər. Xəstəlik tam müalicə olunduqdan sonra davamlı immunitet itir və yenidən yoluxma riski yüksəlir.

Əsas əlamətlər aradan qalxdıqda xəstələrin çoxu müalicəni dayandırır. Bu da müəyyən zaman intervalından sonra residivə (xəstəliyin qayıtmasına) gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, eyni insan bir neçə yoluxucu xəstəliyin daşıyıcısı ola bilər.

Cinsi infeksiyalar şəkil 1

Cinsi infeksiyalar – yoluxma səbəbləri

Xəstəliklə yoluxmanın bir neçə faktoru var. Onlardan ən çox yayılanları aşağıdakılardır:

  • Qoruyucusuz (prezervativsiz) intim yaxınlıq;
  • İntim həyatın erkən başlanması;
  • Cinsi partnyorların tez-tez dəyişilməsi.

Androloqa verilən suallardan biri də budur: qeyri-ənənəvi cinsi akt (oral və anal yol) vasitəsilə cinsi infeksiyalar yoluxa bilərmi? Cavab isə həmişə təsdiqləyicidir. Bəli, yoluxa bilər. İstənilən intim əlaqə infeksiyanın yoluxmasına şərait yaradır. Ona görə prezervativ istifadəsi vacibdir.

Əgər intim əlaqə qeyri-ənənəvi (oral) yolla baş veribsə, xəstədə faringit və tonzillif inkişaf edir. Belə bir reaksiya orqanizmə qonokokklar, genital herpes, xlamidioz, sifilis törədicilərinin keçməsi ilə bağlıdır. Oral kontakt zamanı herpes, papillomavirus, sitomeqalovirus, və Ebşteyn–Barr virusu ilə yoluxma mümkündür. Sifilislə yoluxduqda badamcıqlarda yumşaq şankr əmələ gəlir. İnfeksiyalaşmış şəxslə anal əlaqə isə HİV, hepatit, sifilisə zəmin yaradır.

Cinsi infeksiyalar şəkil 2

Cinsi infeksiyalar – təsnifat

Müasir dövrdə törədici tipinə görə cinsi infeksiyalar 5 patoloji qrupa bölünür: virus, göbələk, parazit, protozoy, bakteriya mənşəli.

Bakterial infeksiyalar çox geniş yayılmışdır. Onlara aşağıdakılar aiddir:

  • Xlamidioz;
  • Qasıq qranuloması;
  • Ureaplazma;
  • Qonoreya;
  • Mikoplazma;
  • Sifilis;
  • Yumşaq şankr.

Virusların törətdikləri xəstəliklər qrupuna insan papilloma virusu, sitomeqalovirus, HİV, herpes virusunun törətdiyi patologiyalar daxildir.

Protozoy mənşəli cinsi infeksiyalar trixomoniaz və xlamidiozdur. Bundan əlavə göbələklərin səbəb olduğu kandidoz xəstəliyi də mövcuddur. Parazitar cinsi infeksiyalara isə qasıq pedikulyozu, qoturluğu misal göstərmək olar.

Cinsi infeksiyalar şəkil 3

Cinsi infeksiyalar – simptomların təzahürü

İnsan orqanizmini zədələyən xəstəlikdən və onun törədicisindən asılı olaraq əlamətlər müxtəlifdir. Belə ki, bəzi infeksiyalar gizli getdiyi halda, digərlərinin isə əlamətləri açıq-aşkar bilinir.

Cinsi infeksiyalar – ümumi əlamətlər

  • Xarici cinsiyyət orqanlarının qızarması;
  • Cinsi akt əsnasında ağrı hissi;
  • Qasıq nahiyəsində kiçik yaraların və ya qabarcıqların əmələ gəlməsi;
  • Cinsiyyət orqanlarının şişkinliyi və qaşınması;
  • Cinsi nahiyədə ləkələrin və eroziyaların inkişafı;
  • Davamlı sidiyə getmə çağırışları;
  • Sidik ifrazında göynəmə və ağrı;
  • İntim əlaqə zamanı diskomfort;
  • Kəsmiyəbənzər, xoşagəlməz iyli və ya yaşılımtıl ifrazatlar;
  • Bədən temperaturunun yüksəlməsi.

Cinsi infeksiyalar – hər bir infeksiyanın əlaməti

Hər bir xəstəliyin özünəməxsus əlamətləri, müalicəsi, inkubasiya (gizli inkişaf)dövrü vardır. Uroloq-androloqun təcrübəsində ən sıx təsadüf olunan xəstəliklər aşağıdakılardır:

Sifilis. Xəstəlik yalnız cinsi deyil, məişət yolu ilə də ötürülür. Yoluxma sperma mayesi, qan və tüpürcəklə baş verir. Əsas əlamətlərə dəridə səpkilər və yaraların formalaşması, şiddətli baş ağrıları, mialgiya (əzələ ağrısı), leykositlərin artması, hemoqlobin səviyyəsinin enməsi aiddir.

Yumşaq şankr. Həm kişi, həm də qadın ancaq intim yaxınlıq zamanı yoluxur. İlk öncə iltihabi-irinli proses inkişaf edir, sonra isə limfa düyünlərinə yayılır. Xəstələrdə gec sağalan xoralar əmələ gəlir. Bu xoralar şişkin olub, tərkiblərində seroz maye vardır. Qadınlarda cinsiyyət dodaqları, kişilərdə isə penis və dəri qatı zədələnir. Qeyri-ənənəvi yolla əlaqə baş verdikdə, infeksiya anus ətrafında və ağız səviyyəsində yayılır.

Trixomoniaz. Adətən cinsi əlaqə, nadir hallarda isə məişət yolu ilə keçir. Qadınlarda uşaqlıq yolunda qaşınma, ödem, pis qoxulu selikli ifrazat, kişilərdə isə tezləşmiş sidik ifrazı və bu əsnada ağrı nəzərə çarpan əlamətlərdəndir.

Xlamidioz. Ən çox yayılmış cinsi infeksiyalar qrupuna aiddir. Əksər hallarda 28 yaşına qədər cavanlarda təsadüf olunur. Müalicə edilmədikdə qadında sonsuzluq, kişilərdə prostatit, uretrit əmələ gətirir.

Ureaplazmoz. Hüceyrə qılafı olmayan bakteriya tərəfindən törədilir. Müalicə gecikdirildikdə kəskin fazada sidik-cinsiyyət orqanlarının iltihabi proseslərinə yol açır.

HİV. Orqanizmə düşdükdən bir müddət sonra immun sistemini tədricən məhv edir. Virus qan və cinsi yolla ötürülür. Təəssüf ki, infeksiyanın adekvat müalicəsi indiyə qədər tapılmamışdır.

Genital herpes. Xəstəlik özünü spesifik şəkildə aparır. Həm qadınlarda, həm də kişilərdə əlamətlər tamamən eynidir. Əvvəlcə qasıq və cinsiyyət orqanlarında kiçik qovuqlar əmələ gəlir. Bu qovuqlar şəffaf maye ilə dolur, onlar partladıqda yerləri çapıqlaşır. Bütün bunlar kəskin ağrı və qaşınma ilə müşayiət olunur. Həmçinin xəstələrdə bədən temperaturu da yüksəlir. Daha sonra herpetik uretrit, limfadenit (limfa vəzilərinin iltihabı) qeydə alınır, ağrılı sidik ifrazı müşahidə olunur.

Cinsi infeksiyalar foto 5

Cinsi infeksiyalar – diaqnostika

Cinsi yolla yoluxan xəstəlikləri aşkarlamaq üçün xəstə həkimə müraciət edərək, aşağıdakı müayinələrdən keçməlidir:

  • Ümumi yaxma;
  • Bioloji materialın İFA metodu ilə yoxlanması;
  • PZR (polimeraza zəncirvari reaksiya) metodu ilə törədicinin kəmiyyət və keyfiyyətinin təyini;
  • Bakteroloji əkilmə və antibiotikoqramma;
  • Sidiyin ümumi analizi.

Cinsi infeksiyalar üçün müalicə preparatları

İnyeksiya halında antibiotiklər çətin müalicə olunan xəstəliklərdə və ağırlaşma hallarında təyin edilir.

Qonoreya. Müalicə məqsədilə 400 mq-lıq ofloksasin su ilə durulaşdırıb, daxilə qəbul edilir. Bundan əlavə seftriakson 250 mq-lıq dozada inyeksiya şəklində vurulur.

Sifilis. Tetrasiklin və penisilin qrupundan olan antibiotiklər hər 3 saatda 1 dəfə əzələdaxili yeridilir.

Ureaplazma. Tetrasiklin, gentamisin kimi preparatların dozalanmasını həkim fərdi şəkildə dəqiqləşdirir.

Xlamidioz. Tetrasiklin sutkada 4 dəfə 500 mq qəbul olunur. Müalicə kursu 10 gündür.

Kandidoz. Göbələk infeksiyalarında ikonazol, flukonazol, klotrimazol preparatları effektivdir.

Cinsi infeksiyaların səbəb olduğu ağırlaşmalara yol verməmək üçün mütəmadi şəkildə həkim müayinəsindən keçmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir