Xayada damar genişlənməsi
Xayalarda varikoz – damar təzyiqinin yüksəlməsi və qapaqların zəifliyi nəticəsində yaranır. Xəstəliyin proqnozu xüsusi araşdırmalara əsasən təyin olunur. Xayada damar genişlənməsi xayalığın daxilindəki qan dövranının pozulması ilə xarakterizə olunur. Patologiya istənilən yaşda kişilərdə, hətta yeniyetmələrdə aşkarlanır. Əksər hallarda sol xayada inkişaf edir.
Xayada damar genişlənməsinin mərhələləri:
Xayalarda varikoz 4 mərhələdə inkişaf edir:
- Simptomsuz mərhələ – genişlənmiş damarlar yalnız ultrasəs müayinəsində bilinir.
- Bu mərhələdə palpasiya yolu ilə diaqnoz qoyulur. Xəstə ayaq üstə dayanır və əllə müayinə edildikdə varikoz venalar üzə çıxır.
- Venoz bərkimələr və kələflər xəstədə həm şaquli, həm də üfüqi pozisiyada müayinə əsnasında bilinir.
- Sonuncu və ən ağır mərhələ sayılır. Damar düyünləri, eləcə də xayalığın deformasiyası parlaq şəkildə biruzə olunur.
Xayada damar genişlənməsi nə səbəbdən yaranır?
- Damar divarının patologiyalarına irsi meyllik;
- Venanın burulmasına və sıxılmasına səbəb olan yüksək damardaxili təzyiq
- İntensiv şəkildə idmanla məşğul olma;
- Həddindən artıq fiziki gərginlik;
- Qeyri-müntəzəm intim həyat və ya uzun müddət cinsi əlaqənin olmaması;
- Xroniki qəbizlik;
- Xayada qrıja.
Damarların sıxılması zamanla qan dövranının pozulmasına və damar daxilində durğunluğa gətirib çıxarır. Bununla əlaqədar xayaların qanla dolması və spermatogenez prosesi pozulur. Tədricən xayalıq kiçilir və fəaliyyəti zəifləyir.
Xayada damar genişlənməsi necə təzahür edir?
Varikoselin başlanğıc mərhələsi əlamətsiz keçir. Bir müddətdən sonra xəstə qasıqda dartılan ağrılar hiss edir. Zədələnən tərəfdə xayalıq sallanır, deformasiya olunur. Ereksiya (penisin sərtləşməsi), fiziki fəaliyyət, piyada gəzintiləri zamanı ağrı güclənir.
Ağırlaşmış formalar prostatit, sonsuzluq və ya testosteron səviyyəsinin azalması ilə müşayiət olunur.
Xayada damar genişlənməsi necə təyin olunur?
- Şaquli və üfüqi vəziyyətdə USM və Doppler müayinə;
- Fiziki baxış;
- Palpasiya (əllə müayinə);
- Qanda testosteron səviyyəsinin təyini;
- Spermaqramma.
Xayada damar genişlənməsinin müalicəsi
Müalicə cərrahi yolla aparılır. Ağrı sindromu, xayalığın deformasiyası və sonsuzluq hallarında əməliyyat bir qədər gecikmiş müalicə sayılır. Bu vəziyyətə qədər ləngimək məsləhət görülmür.
Cərrahi əməliyyatın bir neçə metodu vardır:
- Endoskopik;
- Xayanın mikrocərrahi revaskularizasiyası;
- İvanisseviç üsulu ilə açıq əməliyyat.
Əməliyyatın növü cərrah uroloq və ya androloq tərəfindən fərdi şəkildə seçilir.
Xülasə
Xayada damar genişlənməsi bəzən çox ləng inkişaf edir. Onu vaxtında üzə çıxarmaq üçün ildə 2 dəfə profilaktik müayinələrdən keçmək tövsiyə olunur.