Prostat vəzi xərçənginin əlamətləri

08 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2071
Prostat vəzi xərçənginin əlamətləri foto
Rate this post

Prostat xərçəngi kişilərdə rast gəlinən bədxassəli törəmələr arasında 3-cü yeri tutur. Vəzi xərçənginin yayılması yaşayış yerinə görə fərqlənir. Belə ki, Qərbi Avropa və Şimali Amerikada prostat vəzi xərçənginin yayılma səviyyəsi yüksəkdir. Yaponiya, Çin, Mərkəzi Amerika və Qərbi afrikada isə bu xəstəliyə tək-tək hallarda təsadüf edilir. Xəstələrin yaş ortalaması 71–dir. Prostat vəzi xərçənginin əlamətləri tədricən biruzə olur.

Prostat xərçənginin risk faktorları                                        

  • irsiyyət. Yaxın qohumlardan bir və ya bir neçəsində prostat xərçəngi qeydə alındıqda, bu xəstəliyin yaranma ehtimalı 2 dəfə artır.
  • yaş. 50 yaşdan yuxarı kişilərdə bu patologiyaya daha çox rast gəlinir.
  • oturaq həyat tərzi, bədən kütlə indeksinin normadan çox olması
  • peşə zərərləri. Kauçuk, kadmium, rezin kimi materialların istehsalı ilə məşğul olan şəxslərin xərçəngə tutulma riski yüksəkdir.
  • irq. Xəstələrin 60%-i neqroid irqinə məxsusdur.
  • sidik-cinsiyyət sisteminin xroniki infeksiyaları.

Prostat vəzi xərçənginin əlamətləri foto 1

Prostat vəzi xərçənginin əsas əlamətləri

Xəstəlik uzunmüddət gizli gedir. Aşağıdakı simptomlardan bir və ya bir neçəsi xərçəngdən şübhələnməyə imkan verir:

  • sidik ifrazının tezləşməsi (normada böyüklərdə gün ərzində 4-9, gecə saatlarında isə 1 dəfə sidik ifrazı baş verir);
  • sidiyin kəsik-kəsik axması;
  • sidik kisəsinin tam boşalmaması hissi;
  • sidik saxlamazlıq;
  • sperma mayesi və ya sidikdə qan;
  • çanaq sümüklərində ağrı;
  • aşağı ətraflarda şişkinlik;
  • sürətli arıqlama.

Prostat vəzi xərçənginin əlamətləri foto 2

Prostat vəzi xərçənginin əlamətləri necə təsdiqlənir?

Müasir diaqnostika metodları xəstəliyi təsdiq və ya inkar etməyə imkan verir.

  • qanda prostate spesific antigen (PSA) yoxlanılması;
  • qarın boşluğu və kiçik çanaq orqanlarının ultrasəs müayinəsi. Göstəriş olduqda transrektal USM aparılması;
  • onurğanın bel-oma şöbəsinin, çanaq sümüklərinin rentgen müayinəsi;
  • prostatın biopsiyası (vəzin patoloji nahiyəsindən histoloji müayinə üçün toxumanın götürülməsi);
  • qarın boşluğu, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası.

Prostat vəzi xərçənginin əlamətləri ilə mübarizə

Diaqnoz təsdiqləndikdə müvafiq müalicə taktikası seçilir. Pasiyentlərdə tətbiq olunan müalicə sxemi budur:

  • cərrahi metod. Radikal prostatektomiya (prostat vəzin tam kəsilməsi) hər iki qasıq limfa düyünlərinin rezeksiyası (kəsilməsi) ilə birlikdə icra olunur.
  • şüa terapiyası. Əməliyyata əks-göstəriş olduqda və ya cərrahi müdaxilədən sonrakı residivin qarşısının alınması məqsədilə istifadə olunur.
  • medikamentoz metod (hormon terapiyası). Digər metodların yerinə yetirilməsinin mümkün olmadığı təqdirdə aparılır.
  • kimyəvi terapiya. Xərçəngin gecikmiş mərhələlərində və metastazlaşma hallarında tətbiq olunur.

70 yaşdan yuxarı xəstələrdə prostat xərçənginin aktiv müalicəsi aparılmır. Sadəcə PSA–nın dinamikası nəzarətdə saxlanılır.

Xülasə

Prostatın xərçənginin əlamətləri ilə qarşılaşdıqda mütləq şəkildə androloqa və ya uroloq-androloqa müraciət etmək lazımdır. Bu əlamətlər hələ Sizdə prostat xərçəngi varlığını sübut etmir. Məsələ burasındadır ki, xəstəliyin özünəməxsus spesifik əlamətləri yoxdur, digər prostat xəstəliyi əlamətlərinə bənzəyir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir