Prostat xərçəngi

28 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 762
Prostat xərçəngi foto
Rate this post

Prostat xərçəngi – prostat vəzinin alveolyar epitel hüceyrələrindən əmələ gələn bədxassəli törəmədir. Kişilərdə xərçəng xəstəlikləri arasında ən çox rast gəlinən formadır. Hər il dünyada 350 000 nəfərdə məhz bu patologiya qeydə alınır.

Prostat xərçənginin tarixi

Xəstəlik ilk dəfə 1853-cü ildə britaniyalı cərrah J.Adams tərəfindən təsvir edilmişdir. O, bu bədxassəli şişi 59 yaşlı kişinin prostatından götürülmüş histoloji materialda aşkarlayaraq, öz məqaləsində nadir bir xəstəlik kimi qələmə vermişdir.

Prostat xərçəngi – histoloji təsnifat

Xəstəliyin təsnifatı 1971-ci ildə V.L.Byalik tərəfindən hazırlanmışdır. Ondan günümüzdə aktiv şəkildə istifadə edilməkdədir. Təsnifata görə aşağıdakı formalar ayırd edilir:

  • differensasiya olunmamış. Polimorf hüceyrəli (müxtəlif forma və ölçülərdə bölünən çoxsaylı hüceyrələrlə xarakterizə olunur)
  • zəif differensasiya olunmuş.
    • anaplastik adenokarsinoma (hüceyrədaxili strukturların dəyişilməsi, hüceyrələrin spesifik forma və ölçü alması ilə səciyyələnir);
    • solid xərçəng (hüceyrələr birləşdirici toxuma qatları ilə ayrılan laylar şəklində yerləşir);
    • fibroz xərçəng (şiş birləşdirici toxuma stromasının üstünlüyü hesabına bərkiyir)
  • differensasiya olunmuş
    • adenokarsinoma (vəzi epitelindən törəyən xərçəng);
    • yastıhüceyrəli (yastı epiteldən əmələ gələn törəmə);
    • tubulyar (prizma və ya kubşəkilli epitellə bürünmüş dar kanallardan inkişaf edən şiş);
    • alveolyar (şaxələnən vəzilərin uc hissələrindən yaranan forma).

Prostat xərçəngi foto 1

Prostat xərçəngi – inkişaf mərhələləri

Xəstəliyin xərçəngönü mərhələni keçməsi onun diaqnozun və müalicəsində mühüm rol oynayır. Bu mərhələyə aiddir:

  • vəzin atipik hiperplaziyası – bəzi şərtlər daxilində xərçəng xəstəliyinə çevrilir
  • intraepitelial neoplaziya – mütləq şəkildə xərçəng xəstəliyinə keçir

Prostat xərçəngi – lokalizasiyası

60-70% hallarda şiş toxuması vəzin periferik hissəsində inkişaf edir. Xəstəlik 5-10% hallarda mərkəzdə, nadirən isə keçid hissədə müşahidə olunur.

Prostat xərçəngi – risk amilləri

  • yaş amili. 75% hallarda xəstəlik 65 yaşdan yuxarı şəxslərdə aşkarlanır;
  • yaşla əlaqəli hormonal fonun pozğunluqları;
  • qeyri-düzgün qidalanma (çox yağlı qidalara üstünlük verən kişilərdə xərçəngin əmələ gəlmə riski 2 dəfə artır);
  • irsi meyllik;
  • ultrabənövşəyi şüalar;
  • cinsi infeksiyalar (əsasən də virus infeksiyaları);
  • zərərli əmək şəraiti (ağır metallurgiya, rezin istehsalı sənayesində çalışmaq).

Prostat xərçəngi foto 2

Prostat xərçəngi – klinik şəkil

Prostat vəzi xərçənginin spesifik əlamətləri yoxdur. Xəstələrdə aşağıdakı simptomlara rast gəlinir:

  • irritativ (kompression) – sidik ifrazının tezləşməsi, sidik kisəsinin tam boşalmaması hissi, qasıqda ağrılar;
  • obstruktiv – sidik ifrazının çətinləşməsi, uzanması, onun kəsik-kəsik axması.

Bu əlamətlər adətən prostat xərçəngi metastazlaşdıqda daha çox nəzərə çarpır. Həmçinin yuxarıda sadalanan əlamətlər prostatit, prostat adenoması üçün xarakterikdir.

Prostat xərçəngi – metastazlaşma

Metastaz xərçəng hüceyrələrinin digər orqanlara yayılaraq, orada şiş törətməsidir. Proses hematogen (qan) və limfogen (limfa) yolu ilə baş verir. Xərçəngin bu forması əsasən ağciyərlər, qaraciyərə və çanaq sümüklərinə yayılır. Bəzən metastazlar bud və ayaq sümüklərində müşahidə olunur.

Prostat xərçəngi foto 4

Prostat xərçəngi – diaqnostika

Əsas müayinə metodlarına aşağıdakılar aiddir:

  • qanda prostate spesific antigen yoxlanması;
  • düz bağırsaqdan vəzinin əllə müayinəsi;
  • transrektal exoqrafiya (düz bağırsaqdan keçməklə prostat vəzin ultrasəs müayinəsi);
  • biopsiya;
  • MRT;
  • KT;
  • radioizotop müayinə.

Prostat xərçəngi – müalicəsi

Metastazlar aşkarlanmadıqda vəzi kəsilib götürülür. Daha sonra şüa terapiyası edilir. Şiş digər orqanlara yayıldıqda isə əvvəlcə kimyəvi terapiya ilə metastazların ölçüləri kiçildilir. Növbəti mərhələdə vəzi və ətraf limfa düyünləri xaric edilir.

Xülasə

Prostat vəzi xərçənginin əlamətləri spesifik xarakter daşımadığından erkən mərhələdə bu xəstəliyi digər patologiyalardan ayırd etmək çətinlik törədir. Arzuolunmayan hallarla qarşılaşmamaq üçün ildə 2 dəfə profilaktik müayinələrdən keçmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir