Uroloq androloq
Uroloq androloq kişilərin reproduktiv sisteminin patologiyalarını müalicə edən dar profilli mütəxəssisdir. O, əsasən aşağıdakı problemlərin həlli ilə məşğul olur:
- Sonsuzluq;
- Hormonal pozğunluqlar;
- Ereksiyanın pozulması;
- Libidonun (cinsi istək) azalması.
Qeyd etmək lazımdır ki, bəzi ərazilərdə, yəni kiçik rayonlarda və bölgələrdə uroloq-androloq uroloqa nisbətən az tapılır.
Uroloq androloq həkimin qəbuluna nə vaxt getmək lazımdır?
Ümumiyyətlə, hər bir patologiyanın ilkin əlaməti ilə qarşılaşdıqda mütləq həkimə müraciət etmək lazımdır. Androloji xəstəliklərin əsas simptomları aşağıdakılardır:
- Ağrılı sidik ifrazı;
- Cinsi əlaqə zamanı ağrı və diskomfort;
- Zəif libido;
- Sidik kanalından axıntı.
Belə xəstələrdə yanaşı olaraq, yuxululuq və əsəbilik müşahidə olunur. Problemin öz-özünə həll olmasını gözlədikdə və ya qeyri-peşəkar formada müalicə etdikdə vəziyyət daha da ağırlaşır. Sonsuzluq və və ya impotensiya kimi xoşagəlməz fəsadlar meydana çıxır.
Uroloq androloq kimdir?
Uroloq androloq kişilərin cinsiyyət sistemindəki xəstəliklərlə yanaşı intim problemləri də aradan qaldırır:
- Prostat adenoması – prostat vəzin hiperplaziyasıdır (böyüməsidir). Mütəxəssislərin fikrincə adenoma yaşla bağlı xəstəlikdir. Belə ki, ona 50 yaşdan yuxarı kişilərdə rast gəlinir.
- Vezikulit – toxum qovuqcuqlarının iltihabıdır. İmmuniteti zəif olan və oturaq həyat tərzi keçirən kişilərdə daha çox qeydə alınır.
- Epididimit – xaya artımının iltihabi xəstəliyidir.
- Sonsuzluq – spermatozoidlərin faizinin və hərəkətliliyinin az olması fonunda yaranır.
- Kondilomatoz – anus nahiyəsində ziyillərin əmələ gəlməsi ilə xarakterizə edilir;
- Varikosel – toxum ciyəsi venalarının genişlənməsi ilə müşayiət olunan xəstəlikdir.
- İmpotensiya – cinsi aktivliyin azalmasıdır.
Aşağıdakı simptomlarla üzləşdikdə uroloq androloq həkimə müraciət etmək lazımdır:
- Sidik ifrazı zamanı diskomfort;
- Sidikdə qan və ya irin;
- Enurez (sidiyi saxlamazlıq);
- Üz və ayaqların şişməsi;
- Sidik kisəsinin tam boşalmaması hissi;
- Cinsi istəyin azalması;
- Aralıqda ağrılar;
- Cinsi orqanlarda və aralıqda şiddətli qaşınma;
- Erkən boşalma;
- Sidik kanalından pis qoxulu axıntı;
- Qarnın aşağı hissəsində ağrılar.
Uroloq androloq həkimin qəbulu necə keçir?
İlk növbədə xəstədən anamnez (şikayətləri, həyat tərzi və keçirdiyi xəstəliklər haqqında məlumat) toplanılır. Sonra bədən temperaturu ölçülür. Sidik-ifrazat orqanlarına baxış keçirilir, palpasiya (əllə müayinə) edilir.
Böyrək xəstəliyinə şübhə olduqda Pasternatski sınağı (belin yan tərəflərindən döyəcləmə) aparılır. Ağrı yarandıqda sınaq müsbət sayılır. Bu isə böyrəklərdə patologiyanın olmasından xəbər verir.
Uroloq androloq qəbuluna necə hazırlaşmalı?
- Həkimə getməzdən bir neçə saat öncə sidik kisəsini tam boşaltmaq lazımdır.
- Müayinəyə 3 sutka qalmış qaz əmələgəlməni artıran qidalardan (kələm, meyvələr, şirniyyatlar, süd məhsulları, qara çörək) imtina edin.
- 1 gün öncə cinsi əlaqədən çəkinin.
- Şəxsi gigiyena qaydalarına əməl edin – duş qəbul edin.