Böyrək daşı sancısı

13 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2262
Böyrək daşı sancısı foto
5/5 - (1 vote)

Əhali arasında böyrək daşı sancısı 1-10% hallarda qeydə alınır. Kişilərdə bu əlamətə daha sıx rast gəlinir. Böyrək ağrısı adətən böyrək daşının kanala düşməsi zamanı yaranır.

Əsas risk faktorları

  • Qohumlarda nefrolitiazın (böyrək daşının) olması;
  • Fiziki gərginlik, aktivlik;
  • Uzunmüddətli qızdırma;
  • Sidik yollarının iltihabi xəstəlikləri;
  • Orqanizmdən su ifrazının artması;
  • Bəzi dərman preparatlarının (məsələn, qlükokortikoidlər) istifadəsi.

Böyrək daşı sancısı necə baş verir?

Daş yerindən tərpəndikdə və ya axara düşdükdə sidiyin axını çətinləşir və ya tamamən kəsilir. Bu da böyrəyin kasa-ləyən sistemində təzyiqin artmasına, orqanın ödeminə və fibroz kapsulunun dartılmasına səbəb olur. Kasa-ləyən sisteminin və fibroz kapsulun reseptorlarının həddindən artıq aktivləşməsi səbəbindən ağrı hissiyatı əmələ gəlir.

Böyrək daşı sancısı foto 1

Böyrək daşı sancısı necə olur?

Ağrı əsasən anidən baş verir. Xəstələr davamlı və kəskin tutmalardan şikayətlənirlər. Sancının müddəti bir neçə dəqiqədən 10 saata qədər uzanır. Ağrı bel nahiyəsində və və ya qabırğa altında hiss olunur. Vəziyyəti yüngülləşdirmək məqsədilə xəstə daim yer dəyişdirməyə, önə-arxaya hərəkət etməyə məcbur qalır. Hətta qusma aktı da rahatlıq gətirmir.

Böyrək daşı sancısı hansı nahiyələrə yayılır?

Ağrının yayılması daşın yerləşməsindən asılıdır.

  • Kasa-ləyən seqmenti daş ilə tutulduqda, ağrı mədə nahiyəsinə yayılır.
  • Daş sidik axarının qalça damarları ilə kəsişmə nahiyəsində olduqda, sancı qasıq və budun xarici səthində duyulur.
  • Daş yukstavezikulyar (sidik kisəsinin girişinə yaxın) seqmentdə yerləşdikdə, sidiyə getmənin tezləşməsi, yalançı defekasiya (nəcis ifrazı) çağırışları baş verir.
  • Sidik kisəsində daşın olması ağrının qasıq büküşünə, kişilərdə hətta penisin başına yayılması ilə müşahidə edilir.

Böyrək daşı sancısı foto 2

Böyrək daşı sansıcı – diaqnostika üsulları

Təcili diaqnostika üsullarına aşağıdakılar aiddir:

  • Ultrasəs müayinəsi. Pasiyentlərdə kasa-ləyən sisteminin genişlənməsi və ya daşın özü izlənilir.
  • Sidikdə qanın təyini (ekspress)
  • Pasternatski sınağının müsbət olması
  • Qarın və çanaq boşluğunun icmal rentgen müayinəsi.

Pasternatski sınağı – həkim yan tərəflərdən böyrək səviyyəsinə döyəcləyir. Ağrı olduqda və ya artdıqda sınaq müsbət sayılır.

Böyrək daşı ağrısı üçün nə etməli?

5 mm-dən kiçik daşlar 98% hallarda özbaşına xaric olur. Böyrək daşı sancısı anidən başlandığı kimi qəfil də itir. Sancı kəsildikdən sonra sidiklə kiçik ölçülü daşlar və kristallar tökülür.

Sancının kəskin fazasında pasient xəstəxananın urologiya şöbəsinə təcili yerləşdirilməlidir. Təcili yardım gələnə qədər qeyri-steroid iltihabəleyhinə dərmanlardan (Diklofenak, Ketorolak, Lornoksikam) istifadə edilməlidir.

Əzələ daxilinə natrium diklofenak (75 mq) yeritmək və ya onun şamını düz bağırsağa qoymaq mümkündür. Ketorolak isə vena və yaxud əzələdaxili 30 mq (1 ml) dozada vurulur. Bu yolla böyrək sancısı azalır və ya aradan qalxır.

Həmçinin isti vanna, pivə içmək də sidik yollarını genişləndirərək, daşın hərəkətinə şərait yaradır.

Böyrək daşı sancısı foto 3

Böyrək daşı sancısı – dərman adları

Solimok – urat daşlarının əriməsi və onların yenidən əmələ gəlməməsi üçündür.

Soluran – davamlı turşuluğu (pH< 5.5) olan daşların əridilməsində təyin edilir.

Uralit-U (Uralyt-U ) – böyrək daşının əridilməsində və profilaktikasında effektivdir.

Urodan (Urodanum) – konkrementlərin həll olaraq, sidiklə xaric olmasına kömək edir.

Urolesan (Urolesanum) – sidik yollarındakı iltihabı azaldır və böyrək daşının kanala düşməsi zamanı axarı genişləndirərək, onun xaric olmasına imkan yaradır.

Fitolizin (Phitolysin) – daşın ovulmasına və sidiklə xaric olmasına səbəb olur.

Sistenal (Суstenal) – spazmolitik və bir qədər sidik qovucu təsiri vardır. Sidik yollarının əzələsini boşaldaraq, kiçik kristalların hərəkətini yüngülləşdirir.

Xülasə

Böyrək daşı sancısı zamanı ağırlaşmalarla qarşılaşmamaq üçün mütləq təcili yardım çağırmaq tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir