Xayada qrıja

27 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 8688
Xayada qrıja foto
3.7/5 - (42 votes)

Qasıq yırtığı (çox vaxt xayada qrıja adlanır) – qasıq kanalına bağırsağın sallanması və ya bağırsaq ilgəyinin xayalığa keçməsidir. Xayada qrıja birincili (anadangəlmə) və ikincili (qazanılmış) olur. Təbii olaraq əlamətlər də fərqlidir.

Xayada birincili (anadangəlmə) qrıja

Xayada qrıja uşaqlarda bətndaxili dövrdə mədə-bağırsaq traktının və cinsi orqanların əsası qoyulduqda inkişaf edir. Buna aşağıdakı amillər təsir edir:

  • ananın qeyri-düzgün qidalanması;
  • siqaret çəkmə;
  • hamiləlikdə spirtli və energetik içkilərdən istifadə;
  • travmalar;
  • hamiləlik dövründə stress vəziyyətləri;
  • döldə genetik mutasiyalar.

Qasıq yırtığı əksər hallarda vaxtından əvvəl doğulmuş körpələrdə müşahidə edilir.

Xayada qrıja foto 1

Xayada ikincili (qazanılmış) qrıja

Qazanılmış qasıq yırtığının inkişafına aşağıdakı amillər şərait yaradır:

  • bədən kütlə indeksinin normadan çox olması, piylənmə. Qarındaxili təzyiqin artması səbəbindən əmələ gəlir.
  • bədən kütlə indeksinin normadan az olması. Piylənmə ilə yanaşı anoreksiya, yəni həddindən artıq arıqlıq da qrıja ilə nəticələnə bilər. Piy qatının azlığı fonunda qasıq kanalının dəliyi açılır və bağırsağın bu dəlikdən kanala düşmə ehtimalı yüksəlir.
  • hipodinamiya. Az hərəkətli həyat tərzi qarın pressi əzələlərinin zəifləməsinə gətirib çıxarır. Nəticədə bağırsağın dəstəklənməsi pozulur və orqan sallanır.
  • fiziki gərginlik. Ağır yük qaldırma xayada qrıjanın yaranmasına təkan verir.
  • xroniki qəbizlik. Davamlı gücənmə nəticəsində qarındaxili təzyiq yüksəlir. Bu da yırtığın formalaşması üçün əlverişli şəraitdir.
  • güclü öskürəklə müşayiət olunan xəstəliklər. Diafraqmanın gərilməsi ilə əlaqədar qarındaxili təzyiq artır və yırtıq meydana çıxır.

Xayada qrıja – formaları

Prosesin baş verdiyi hissədən asılı olaraq aşağıdakı formalar ayırd edilir:

  • qasıq yırtığı. Bağırsaq qasıq kanalının mənfəzinə düşür;
  • toxum ciyəsi yırtığı. Bağırsaq ilgəkləri xayalığa sallanır;
  • qarışıq qrıja. Həm qasıq kanalını, həm də xayalığı əhatə edir.

Xayada qrıja foto 6

Xayada qrıja – xarakterik əlamətlər

Xəstəliyin bir o qədər spesifik əlamətləri olmasa da qasıq yırtığı zamanı aşağıdakı simptomlar müşahidə olunur:

  • xayalığın bir hissəsinin böyüməsi. Yüngül dərəcəli yırtıqda vizual olaraq qabarıqlıq nəzərə çarpmır. Xəstəyə öskürdükdə və ya gücəndikdə palpasiyada (əllə müayinə) yırtıq aşkarlanır.
  • qrıja şişkinliyinin bədən vəziyyəti ilə dəyişməsi. Xəstə üfüqi vəziyyətdə olduqda, yəni uzandıqda yırtıq düzləşir. O, şaquli vəziyyətə keçdikdə – ayağa qalxdıqda yenidən şişkinlik əmələ gəlir.

Ümumiyyətlə, ağırlaşmalar olmadıqda yırtıq gizli qala bilər. Bağırsaq ilgəyi qasıq kanalında sıxıldıqda qan dövranının çatışmazlığı nəticəsində nekrozlaşma (çürümə) baş verir. Belə vəziyyətlər kəskin əlamətlərlə təzahür edir.

Xayada qrıjanın ağırlaşmasının əlamətləri

  • Xayada ağrı şiddətli olur. Büzdüm, anal dəlik, epiqastral (mədəüstü) nahiyəyə yayılır. Diskomfort hissi güclənir. Uzandıqda ağrı bir qədər azalır.
  • Kiçik yaşlı uşaqlar narahatlıq keçirərək, daim ağlayırlar.
  • Yırtıq artıq düzləşmir.
  • Dəri solğunlaşır, qusma, əzginlik, halsızlıq yaranır. Ağrı bir qədər sakitləşir. Bu əlamət bağırsaqda degenerasiya prosesindən xəbər verir. Belə vəziyyətlərdə təcili cərrahi müdaxilə tələb olunur. Ağrı hissi sinir uclarının sağlam olmasına işarədir. Bir müddətdən sonra ağrının azalması sinirlərin zədələnməsi anlamını verir. Xəstənin vəziyyət get-gedə pisləşir.
  • Nəcis durulaşır və ya ümumiyyətlə defekasiya (nəcis ifrazı) baş vermir.

Xayada qrıja foto 8

Xayada qrıja – diaqnostika

Xayada qrıjanın diaqnostikası və müalicəsi ilə cərrahlar məşğul olur. Həkim pasiyentdən anamnez (xəstəlik haqqında məlumat) topladıqdan sonra fiziki müayinəyə başlayır. Palpasiya yolu ilə şişkinliyi müəyyənləşdirir. Ancaq bu müayinə yekun diaqnozun qoyulması üçün kifayət deyildir.

İnstrumental müayinə üsullarına ultrasəs müayinəsi və kompüter tomoqrafiya aiddir.

Xayada qrıja – müalicəsi

Xəstəliyin müalicəsi cərrahi yolla qasıq kanalın bərkidilməsi və bağırsağın normal anatomik vəziyyətinə qaytarılmasından ibarətdir. Qrıja zamanı dərman müalicəsinin heç bir effekti olmur.

Xülasə

Qasıq yırtığını ağırlaşma dərəcəsinə çatdırmaq olmaz. Hər hansı şişkinlik bəlli olduqda mütləq cərraha müraciət edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (42 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir