Böyrək iltihabının əlamətləri

31 Oktyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2500
Böyrək iltihabının əlamətləri foto
4.7/5 - (36 votes)

Böyrəyin sərbəst iltihabi xəstəliklərinə qlomerulonefrit və pielonefrit aiddir. Bundan başqa iltihab digər nefroloji xəstəliklərin (abses, kista) ağırlaşmasına səbəb ola bilər. Xəstədə xroniki proses olduqda, qlomerulonefrit və pielonefrit kimi böyrək iltihabının əlamətləri bir-birinə çox bənzədiyindən diaqnostika və müalicədə çətinlik törədir.

Qlomerulonefrit

Qlomerulonefrit – qanın filtrasiya sistemini pozan iltihabi immun xəstəlikdir. Qlomerulonefrit zamanı qandan zərərli hissəciklərin ayrılmasını və sidiyin əmələ gəlməsini təmin edən mikroskopik damar yumaqları məhv olaraq, birləşdirici toxuma ilə əvəzlənir. Bu da xroniki böyrək çatışmazlığına gətirib çıxarır.

Qlomerulonefrit zamanı böyrək iltihabının əlamətləri

Bu xəstəlikdən ən çox 20-40 yaşarası kişilər əziyyət çəkir. Patologiya 90% hallarda keçirilmiş kəskin respirator xəstəliklərdən (tonzilit, angina, qrip, pnevmoniya və s.) 6-10 gün sonra inkişaf edir.

Xəstəlik bütün hallarda hər iki böyrəyi zədələyir. Bir qayda olaraq ifrazat sisteminin patologiyası ilə əlaqəsi olmayan xəstəlik kimi maskalanır. Pasiyentlər böyrək ağrısından şikayət etmirlər.

Qlomerulonefritin formalarına görə böyrək iltihabının əlamətləri:

  • Hipertenziv forma. Xəstələrin 20%-də davamlı hipertoniya şəklində təzahür edir. Ödem yüngül dərəcəli olur və ya ümumiyyətlə müşahidə edilmir. Sidikdə silindrlər və zülal aşkarlanır.
  • Nefrotik forma. Böyrək iltihabının əlamətləri bəlli dərəcədə ödem və sidiklə zülalın itməsi, qarın və plevral boşluqlarda maye (assit və hidrotoraks), səhərlər gözaltı şişkinliklə təzahür edir.
  • Qarışıq forma. Yuxarıdakı 2 formanın müxtəlif kombinasiyalarda əlamətləri ilə özünü biruzə olur. Sidikdə dəyişiklik mütləqdir. Bu forma üçün sürətli inkişaf xarakterikdir.
  • Latent (gizli) formaya daha çox rast gəlinir. Uzun müddət simptomsuz keçir, dəyişikliklər ancaq sidiklə aşkarlanır. Zamanla yuxarıda sadalanan formalardan birinə çevrilir.

Böyrək iltihabının əlamətləri foto 1

Qlomerulonefritin müalicəsi

Qlomerulonefrit zamanı böyrək iltihabının müalicəsi pəhriz saxlamaqdan başlayır. Rasiondan duzlu, yağlı və qızardılmış qidaları çıxartmaq məsləhət görülür. Sidikqovucular, hipotenziv preparatlar və xəstəliyin formasından asılı olaraq kompleks vasitələr təyin edilir. Antibiotiklər yalnız kəskinləşmə dövründə qəbul olunur. Onları hormonal terapiya (deksametazon) və sitostatiklərlə (merkaptopurin) birgə tətbiq edirlər.

Pielonefrit

Pielonefritdə böyrəyin kasa-ləyən sistemi və kanalcıqları zədələnir. Sidik kisəsindən qalxan infeksiyada ilk öncə ləyən və kasacıqlar, törədici qan vasitəsilə keçdikdə isə kanalcıqlar zədələnir. Böyrək daşı xəstəliyi, böyrək soyuqlaması, orqanizmdəki xroniki iltihabi proseslər xəstəliyin inkişafına şərait yaradır.

Pielonefrit zamanı böyrək iltihabının əlamətləri

Kəskin pielonefrit hər zaman ağrı ilə müşayiət edilir. Xəstəlik iki və ya birtərəfli ola bilər. Bir qayda olaraq kəskin pielonefrit bir böyrəyi zədələyir.

Sidik ifrazında pozulmalar və sidikdə dəyişikliklər (ərplər, qan, çöküntü və.s) əmələ gəlir. Diaqnoz üçün sidiyin analizi və uroloji ultrasəs müayinəsi zəruridir.

Böyrəyin iltihabının əlamətləri foto 3

Pielonefritin müalicəsi                  

Kəskin pielonefrit zamanı antibiotiklər – əsasən nitrofuran və sulfanilamid qrupu preparatlara üstünlük verilir. Remissiya dövründə fizioterapiya tətbiq olunur. Pəhriz rejimi mütləq sayılır.

Xülasə

Böyrək iltihabının əlamətləri ilə qarşılaşdıqda onlara laqeyd yanaşmayıb, qısa zaman ərzində uroloqa müraciət etmək lazımdır. Çünki vaxtında aparılmayan müalicə ciddi ağırlaşmalara zəmin yarada bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.7/5 - (36 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir