Böyrək xəstəlikləri və müalicəsi
Böyrəklərin əsas funksiyası su və suda həll olan maddələri (maddələr mübadiləsinin son məhsulları) orqanizmdən xaric etməkdən ibarətdir. Onların üzərinə normadan artıq yük düşdükdə müxtəlif patologiyalar meydana çıxır. Böyrək xəstəlikləri və müalicəsi nefrologiyanın, eləcə də urologiyanın öhdəsinə düşür. Uroloji problemlərlə nefroloqlar və uroloqlar məşğul olur.
Uroloji patologiyaların əmələ gəlmə səbəbləri
- Böyrək soyuqlaması;
- Spirtli içkilərə alüdəçilik;
- İnfeksiyalar;
- Xroniki yorğunluq;
- Digər orqanların fəaliyyət pozğunluqları;
- Sidik kisəsinin həddindən çox dolu olması və uzunmüddət boşaldılmaması;
- Kəskin arıqlama.
Böyrək xəstəlikləri və müalicəsi – ilkin əlamətlər
Bir qayda olaraq uroloji xəstəliklər ilkin mərhələdə ümumi diskomfort və halsızlıq törədir. Bu əlamətlər çox vaxt adi soyuqlamaya aid edilir. Böyrək xəstəlikləri ilə tez-tez qarşılaşan xəstələr ayaqlarını qızdırır, isti çaylar içir, soyuqlamadan özlərini qoruyurlar. Lakin simptomların zəifləməsi bu xəstəliyin sağalması anlamına gəlmir.
Kişilər və qadınlarda böyrək xəstəliyinin əlamətləri
- Sidik ifrazının çətinləşməsi;
- Gecə saatlarında sidiyəgetmənin artması;
- Arterial təzyiqin və bədən temperaturunun yüksəlməsi;
- Aşağı ətrafların şişməsi;
- Üzün ödemli, şişkin olması;
- Sidikdə qan elementlərinin izlənilməsi.
Həmçinin xəstələr bel proyeksiyasında ağrılardan şikayət edirlər. Qadınlar çox zaman böyrək iltihabının əlamətlərindən əziyyət çəkirlər. Bu simptomlar infeksiya orqanizmə düşdükdən 40-48 saat sonra aydın və kəskin şəkildə biruzə olur. Küt, göynədici ağrılarla başlayan xəstəlik get-gedə digər əlamətlərlə təzahür edir. Bunlara səhər vaxtı üz və ayaqlarda şişkinlik, sidik ifrazında çətinliklər, aybaşı siklinin pozğunluqlarını misal göstərmək olar.
Kişilər parlaq olmayan əlamətlərə fikir vermirlər. Onlar həkimə ancaq şiddətli ağrılar, sidiyin bulanması və temperaturun yüksəlməsi hallarında müraciət edirlər. Ağızda quruluq, yuxululuq, dərinin qaşınması da bu əlamətlər arasındadır.
Kişilərdə böyrək xəstəlikləri və müalicəsi
Kişilərdə ən çox aşağıdakı patologiyalara təsadüf olunur:
- Böyrək daşı xəstəliyi;
- Nefroptoz (böyrək sallanması);
- Böyrək çatışmazlığı;
- Pielonefrit (kasa-ləyən sisteminin iltihabı);
- Hidronefroz (sidiyin ləngiməsi səbəbindən kasa-ləyən sisteminin genişlənməsi).
Həmçinin kişilərdə sidik keçməməzliyi və böyrək sancıları qeydə alınır.
Qadınlarda böyrək xəstəlikləri və müalicəsi
Qadınlar uroloji patologiyalara qarşı daha diqqətlidirlər. Xəstəliyin yaranmasında adi soyuqlama və ya zəif immunitet təkanverici rol oynayır. Onlarda 3 tip uroloji xəstəlik üstünlük təşkil edir:
- Sistit xəstəliyi (birbaşa böyrək xəstəliyi olmasa da müalicə gecikdirildikdə iltihab qalxan yolla böyrəklərə yayılır);
- Uretrit (sidik kanalının iltihabında infeksiya böyrəkdən kanala və ya sidik kisəsindən kanala, ordan da böyrəyə keçir);
- Böyrək daşı.
Böyrək xəstəlikləri və müalicəsi – pəhriz
Xəstələrə mütləq pəhriz saxlamaq tapşırılır. Bu zaman rasionda karbohidratların olması, yağ və zülalın məhdudlaşdırılması mütləq şərtdir. Tərkibində minimal səviyyədə duz olan məhsullar və qidalardan istifadə edilməlidir.
Xəstələrə kiçik porsiyalarla tez-tez yemək, 1.5 litrdən az su içmək, spirtli içkilərdən imtina etmək məsləhət görülür.
Böyrək xəstəlikləri və müalicəsi zamanı düzgün qidalanma tez sağalmağa yardımçıdır. Buna görə də bəzi qidalardan imtina etmək lazımdır:
- Ət, göbələk, balıq bulyonları;
- Paxlalı bitkilər;
- Yağlı ət;
- Turşular və marinə edilmiş ərzaqlar;
- Şokolad;
- Acı souslar, ədviyyatlar.
Faydalı ərzaqlar
- Yağsız süd və süd məhsulları;
- Buxarda bişirilmiş və çiy tərəvəzlər;
- Çörək;
- Zeytun və kərə yağı;
- Quru meyvələr;
- Buxarda bişirilmiş ət;
- Təbii şirələr;
- Tərəvəz bulyonları;
- Giləmeyvələr;
- Bal;
- Yumurta (gün ərzində maksimum 2 ədəd);
- Yarma və makaronlar.
Böyrək xəstəlikləri və onların konservativ müalicəsi
Müalicə hər zaman kompleks şəkildə aparılır. Farmakoloji preparatlar müxtəlif prosedurlar və düzgün qidalanma ilə birlikdə təyin edilir. Fitoterapiyaya xüsusi diqqət yetirilir. Böyrək xəstəlikləri zamanı bitki dəmləmələri və çaylardan istifadə olunur.
Yüngül iltihabi proseslərdə sidikqovucu və spazmolitiklər tövsiyə olunur. Təbii metodlar ağır və ciddi patologiyalarda qeyri-effektivdir.
Böyrək xəstəlikləri və onların cərrahi yolla müalicəsi
Konservativ terapiya müsbət nəticə vermədikdə cərrahi əməliyyat aparılır:
- Nefrostomiya – sidik axınının bərpası, ağrının aradan qaldırılması məqsədilə icra olunur.
- Stent qoyulması – sidik-ifrazat yolların keçiriciliyini bərpa edir.
- Nefrotomiya – böyrəyin tam və ya hissəvi kəsilməsidir.
Xülasə
Cərrahi əməliyyatdan uzaq durmaq üçün sağlam qidalanmağa, soyuqdan qorunmağa, alkoqol, tünd çay və qəhvə qəbulunu məhdudlaşdırmağa çalışın. Mütəmadi şəkildə müayinələrdən keçin. Xəstəliklərin müalicəsi ilə özbaşına məşğul olmayın.