Cinsi zəiflik üçün dərmanlar

Potensiya problemi milyonlarla kişini narahat edir. İntim həyatın keyfiyyətini artırmaq məqsədilə bir çox vasitələr təklif olunur. Cinsi zəiflik üçün dərmanlar müxtəlif qruplara bölünür. Onların hər birinin özünəməxsus xüsusiyyətləri vardır.
Cinsi zəiflik dərmanları
- Fosfodiesteraza inhibitorları;
- Azot oksidi sintaza (NO-sintaza) stimulyatorları;
- Testosteron preparatları;
- Alfa-adrenoblokatorlar;
- Spazmolitiklər;
- Prostaqlandinlərin sintetik analoqları;
- Antidepressantlar;
- Kalium kanalının aktivatorları.
Əksər dərmanlar tablet şəklində peroral (ağızdan) qəbul edilir. Bundan əlavə apteklərdə inyeksiya və sprey formasında vasitələr satılır.
Cinsi zəiflik üçün dərmanlar – fosfodiesteraza inhibitorları
Cinsi zəiflik dərmanları arasında ən məşhur dərman qrupudur. Bura sildenafil, tadalafil, udenafil, vardenafil tərkibli preparatlar aiddir.
Məşhur satış markası Viaqra – aktiv komponenti sildenafildir. Bir neçə dəqiqəyə təsir edir. Effekti 4 saat ərzində saxlanılır.
Sialis – əsas tərkib hissəsi tadalafildir. Təsiri 1 saatdan sonra bilinir və 30 saata qədər saxlanılır.
Levitra – aktiv maddəsi vardenafildir. 20-25 dəqiqəyə təsir edir. Effekti 4 saat davam edir.
Zidena – udenafil əsasında hazırlanır. Preparatın təsiri 30 dəqiqəyə bilinir və 20 saat ərzində itmir.
Bu preparatlar ürək, böyrək çatışmazlığı, hipertoniya, şəkərli diabet xəstələrinə əks-göstərişdir.
Cinsi zəiflik üçün dərman – azot oksidi sintaza stimulyatorları
Bu qrup dərmanlar damarları genişləndirən olan azot oksidinin sintezini stimulə edir. Qrupun ən geniş yayılmış nümayəndəsi Impazadır. Ondan ürək-damar xəstələri də istifadə edə bilər. Impazanın Viaqra və analoqları (onunla eyni qrupdan olan) ilə birgə qəbulu qadağandır.
Cinsi zəiflik üçün dərmanlar – testosteron preparatları
Cinsi hormon testosteronun sintezini artırmaqla potensiyaya birbaşa deyil, dolayı yolla təsir göstərir. Cinsi zəiflik üçün dərman adlarına Flyuoksimesteron, Metiltestosteron, Andriol TK, Testosteron enantat aiddir. Onlar tablet, eləcə də penisin dərisinə çəkilən gel və krem şəklində buraxılır. Bu tip dərmanlar yalnız androloq və ya uroloq-androloq tərəfindən təyin olunmalıdır.
Cinsi zəiflik üçün dərmanlar – alfa-adrenoblokatorlar
Alfa-adrenoblokatorlar damarlarda yerləşən alfa tipli adrenalin reseptorlarını blokada edərək, onların genişlənməsinə səbəb olur. Nəticədə ereksiya (penisin sərtləşməsi) güclənir. Alfa-adrenoblokatorların selektiv və qeyri-selektiv növləri vardır. Bu qrupa daxil olan ən tanınmış preparat Yoximbin sayılır.
Cinsi zəiflik dərmanları – spazmolitiklər
Spazmolitiklərin potensiyanı artırmaq xüsusiyyətindən insanların əksəriyyəti bixəbərdir. Bu cür təsir cinsi zəifliyin səbəblərindən birinin damar spazmı olması ilə əlaqəlidir. Preparatlar damar spazmını aradan qaldırır, nəticədə ereksiya bərpa olur. Lakin spazmolitiklərin cinsi zəiflikdə faydası çox azdır. Onlar reseptsiz satılır. Ən çox istifadə olunan növləri No-şpa və Spazmalqondur. Belə preparatları sutkada 2 tabletdən artıq içmək olmaz. Qeyd etmək lazımdır ki, spazmolitiklər cinsi zəifliyin birbaşa dərmanı deyil.
Cinsi zəiflik üçün dərmanlar – prostaqlandinlərin sintetik analoqu
Sidik kanalına və ya penis dərisinə inyeksiya şəklində vurulur. Alprostadil bu qrupun ən tanınmış nümunəsidir. Onlar mağaralı cisimlərin əzələlərini boşaldaraq, penisin qanla dolmasına kömək edir, ereksiyanı gücləndirirlər.
Antidepressantlar
Serotoninin geriyə sorulmasının qarşısını alırlar. Bu qrupdan olan Dapoksetin – intim yaxınlıqdan bir neçə saat öncə qəbul edilir. Trazodon isə inyeksiya şəklində tətbiq edilir. Antidepressantları digər cinsi zəiflik dərmanları ilə birlikdə içmək qadağandır.
Toxumalarda mikrosirkulyasiyanı artıran dərmanlar
Onlar müstəqil şəkildə ereksiyanı gücləndirməyib, bu məqsədlə qəbul edilən preparatların təsirini artırırlar. Yardımçı vasitə kimi həkim tərəfindən təyin edilə bilər. Trental və Pentoksifillin bu qrupdandır.
Cinsi zəiflik əleyhinə dərmanlar – kalium kanalının aktivatorları
Əzələ hüceyrələrində kalium kanallarını aktivləşdirərək, onların boşalmasını təmin edir. Məsələn, Minoksodil tablet və ya maz şəklində istifadə olunur.
Xülasə
Əsas qruplardan əlavə kompleks tərkibli preparatlar da mövcuddur. Həmin vasitələrin tərkibində bir neçə farmakoloji qrupdan olan aktiv maddələrə rast gəlinir. Belə ki, Super –P-Force sildenafil və dapoksetinin kombinasiyasından alınır.
Adı çəkilən bütün cinsi zəiflik üçün dərmanlar həkim resepti və tövsiyəsi ilə istifadə edilməlidir. Özbaşına aptekdən dərman alıb, cinsi zəifliyi müalicə etməyə cəhd göstərmək ciddi fəsadlar törədə bilər.