Kişilərdə cinsi zəifliyin müalicəsi

03 Noyabr 2019 Kateqoriya: Cinsi zəiflik Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 5206
Kişilərdə cinsi zəifliyin müalicəsi foto
3.9/5 - (8 votes)

Cinsi zəiflik (erektil disfunksiya) inkişaf etmiş ölkələrdə son illərin rast gəlmə faizinə əsasən artan patologiyalardan sayılır. Xəstəliyin faciəvi yönü ondadır ki, əksər kişilər həkimə müraciət etməkdən çəkinərək, özbaşına müalicə ilə məşğul olurlar. Nəticədə xəstəlik get-gedə ağırlaşır. Halbuki kişilərdə cinsi zəifliyin müalicəsi və erektil funksiyanın bərpası mümkündür.

Kişilərdə cinsi zəiflik nədir?

Erektil disfunksiya tam təşəkküllü intim kontaktın yerinə yetirilməsində yaranan xroniki çətinlikdir. Cinsi zəiflik dedikdə libidonun (istək) oyanması zamanı orqanın kifayət dərəcədə qanlanmaması (sərtləşməməsi, ölçülərinin böyüməməsi) və ya yaranmış ereksiyanın (penisin düzlənməsi) saxlanmaması nəzərdə tutulur.

Kişilərdə cinsi zəiflik haqqında statistik göstəricilər

ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə 21 yaşdan yuxarı kişilərin 10%-i, 60 yaşdan böyük şəxslərin isə 55%-də erektil disfunksiya müşahidə edilir. Dünyada bu problemdən əziyyət çəkən 150 milyon kişi vardır. Onların sayı davamlı şəkildə artmaqdadır. Bununla yanaşı androloqa müraciət edən xəstələr 22%, müalicə ilə məşğul olanlar isə 36% təşkil edir.

Kişilərdə cinsi zəifliyin müalicəsi foto 1

Kişilərdə cinsi zəiflik nədən yaranır?

Erektil disfunksiyanın inkişafına səbəb olan bir neçə risk faktoru mövcuddur. Siqaretdən uzun müddət istifadə edən, şəkərli diabet, ürəyin işemik xəstəliyi, hipertoniya, depressiya, nevroz və digər psixi pozğunluqlarla qarşılaşan kişilər cinsi zəifliyin risk qrupuna daxildir.

Bəzən impotensiya müəyyən preparatların qəbulu, qida rasionunun və ya həyat tərzinin kəskin dəyişməsi, qasıq nahiyəsində travma və əməliyyatdan sonra əmələ gəlir. Həmçinin sürücülər, ofisdə masa arxasında uzun müddət çalışan insanlarda erektil disfunksiyanın yaranma ehtimalı yüksək olur.

Cinsi zəifliyin səbəbləri və növləri

Həkimlər erektil disfunksiyanı yaradan səbəbləri 3 qrupda cəmləşdirmişlər:

  • Üzvi. Ereksiyanın yaranmasına və saxlanmasına fiziki maneələr yaranır.
  • Psixogen. Kişidə fizioloji patologiya aşkarlanmır. Erektil disfunksiya stress, xroniki yorğunluq və ya psixoloji travma fonunda meydana çıxır.
  • Qarışıq. Əvvəlki faktorların hər ikisinin mövcudluğu erektil disfunksiya törədir.

Kişilərdə cinsi zəiflik zamanı nə etməli?

Gənclərdə psixogen xarakterli impotensiyanın müalicəsi psixoterapiya vasitəsilə həyata keçirilir. Üzvi xarakterli erektil disfunksiya isə əvəzedici hormonal terapiya, infeksiyaya qarşı dərmanlar və ehtiyac yarandıqda cərrahi yolla korreksiya olunur.

Kişilərdə cinsi zəifliyin psixoterapiya ilə müalicəsi

Psixoterapiyanın məqsədi fiziki sağlam kişinin şüurundakı blokları aradan qaldırmaqdır. Mütəxəssis problemin altındakı səbəb araşdırır. Xəstə ilə yanaşı onun partnyorunun da terapiyaya qatılması məqsədəuyğun sayılır.

Kişilərdə cinsi zəifliyin müalicəsi foto 2

Kişilərdə cinsi zəifliyin medikamentoz üsulla müalicəsi

Cinsi zəiflik üçün dərmanlar bəzi üzvi xarakterli erektil difunksiya zamanı faydalı olur. Cinsi zəiflik üçün dərman adlarının müxtəlifliyinə baxmayaraq, əksəriyyəti 5-ci tip fosfodiesterazanın inhibitorlarıdır.

Bu qrup preparatlar penisin damarlarını genişləndirərək, qan dövranını yaxşılaşdırır və normal ereksiyanı təmin edir. Lakin onların effekti qısamüddətli olub, xəstəliyin ilkin səbəbinin aradan qaldırılmasına istiqamətlənmir.

Kişilərdə cinsi zəifliyin vakuum terapiya ilə müalicəsi

Bu müalicə metodunda nasos prinsipi ilə çalışan spesifik tibbi alətlərdən istifadə olunur. Qan dövranını penisə yönəldib, orada saxlamaqla ereksiya yaradılır. Cinsi orqanın əsasına kompression halqa qoyulur. Vakuum terapiya yardımçı vasitə qismində olub, effekti davamlı sayılmır.

Kişilərdə cinsi zəifliyin masajla müalicəsi

Çanaq nahiyəsinin və qasıq sümüyünün spesifik masajı cinsiyyət orqanlarının damar tonusuna müsbət təsir göstərir. Müntəzəm prosedurlar kiçik çanaq səviyyəsində qan dövranını yaxşılaşdırır. Cinsi zəifliyin səbəbləri qismində ağır və üzvi patologiyaya rast gəlinmədikdə bu metod effektiv hesab edilir.

Cinsi zəiflik zamanı nə etməli?

Aralıq əzələlərinin məşqləri erektil disfunksiyalarda effektivdir. Belə ki, qan durğunluğu impotensiya yaradan faktorlardan biridir. Gün ərzində 30 dəqiqə qaçmaq və ya fiziki hərəkət etmək qan dövranını normallaşdırır.

Bundan əlavə kontrast duş (isti-soyuq su ilə növbəli duş almaq) da faydalıdır. İsti su ilə başlayaraq, hər 2 dəqiqədən bir suyun temperaturunu dəyişərək, damarları tonuslandırmaq müsbət nəticə verir.

Kişilərdə cinsi zəifliyin cərrahi müalicəsi

Bəzi hallarda erektil disfunksiyanın müalicəsi yalnız cərrahi yolla həyata keçirilir. Sidik-cinsiyyət sisteminin ağır travmalarında potensiyanı bərpa etmək məqsədilə protez (implant) penis qoyulur. Bu əməliyyat falloprotezlənmə adlanır. Onun çatışmayan cəhəti qiymətinin bahalı olmasıdır.

Xülasə

Kişilərdə cinsi zəifliyin müalicəsi məqsədilə vaxtında androloqa müraciət etdikdə bu problemi aradan qaldırmaq daha az vaxt və məsrəf tələb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (8 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir