Sistitin müalicəsi
Sistit xəstəliyi sıx rast gəlinən patologiyadır. Bu xəstəlik sidik kisəsi divarlarının iltihabı ilə xarakterizə olunur. Sistitin müalicəsi uroloq tərəfindən aparılır. Bu zaman dərman vasitələri sistitin səbəblərinə əsasən seçilir. Xəstəliyin kəskin forması xroniki sistitə nisbətən daha tez və residivsiz (geri qayıtmadan) müalicə olunur.
Sistit xəstəliyinin müalicəsi
Sistitin müalicəsi adətən 3 qrup preparatlarla aparılır:
- Antibiotiklər;
- İltihabəleyhinə vasitələr;
- İmmuniteti möhkəmləndirən dərmanlar.
Bununla yanaşı xroniki sistitdə pəhriz saxlamaq, polivitamin qəbul etmək lazım gəlir. Sistit dərmanları haqqında danışmazdan öncə 2 nüansa nəzər yetirək. Belə ki, xəstəliyin simptomlarını yüngülləşdirmək məqsədilə qarnın aşağı hissəsinə isti su torbası (qrelka) qoymaq məsləhətdir. İstinin təsirindən sidik kisəsi və kanal genişlənir, sidik axınına şərait yaranır. Su torbası əvəzinə isti vannada da oturmaq olar.
İkinci məqam isə sistit zamanı nə etməli, hansı dərmanları içməli sualı ilə bağlıdır. Məsələ burasındadır ki, iltihab spesifik xarakterli məsələn, xlamidiya, mikoplazma, ureaplazma, qonokokk mənşəli ola bilər. Belə hallarda sistitin müalicəsi üçün xüsusi dərmanlar və fərdi dozalanma tələb olunur. Bu isə yalnız həkim tərəfindən düzgün qaydada seçilə bilər.
Sistit zamanı nə etməli – pəhriz haqqında
Acı və marinə edilmiş qidalar, spirtli içkilər, tünd çay və qəhvə gündəlik rasiondan çıxarılmalıdır. Çünki onlar sidik kisəsinin qıcıqlanmasına səbəb olur. Sutka ərzində bol miqdarda təmiz su içmək tövsiyə edilir.
Sistitin müalicəsi – antibiotiklər
Antibakterial terapiya müalicənin əsas komponenti sayılır. Sistit dərmanları arasında əsasən 3 preparata (monural, nitrofurantoin, siprofloksasin) üstünlük verilir. Mikroorqanizmlər bu dərmanlara daha həssas olur.
Monural – universal preparatdır. Demək olar ki, əks göstərişi yoxdur. Onu hamiləlikdə və süd vermə dövründə də qəbul etmək olar. Buraxılış forması 1 dəfəlik istifadə paketi şəklindədir.
Nitrofurantoin – sutkada 4 dəfə olmaqla 1 həftə müddətində qəbul edilir. Bu preparatın ağır formalı böyrək çatışmazlığında və hamiləlikdə tətbiqi qadağandır.
Siprofloksasin – sutkada 2 dəfə 5-7 günlük ərzində içilir. Sistitin müalicəsi zamanı siprofloksasinin effekti dəfələrlə isbat edilmişdir. Ancaq həkimlər onu hər xəstəyə təyin etməkdən çəkinirlər. Belə ki, mikroorqanizmlərdə bu preparata qarşı davamlılıq yaranır. Həmçinin uşaqlar, hamilələr, süd verən qadınlar üçün əks-göstərişdir.
Sistit dərmanları
Uroloq həkimlərin sistitin müalicəsi üçün məsləhət gördüyü effektiv dərmanlar aşağıdakılardır:
Nolisin – flüorxinollar qrupuna aiddir. Aktiv maddəsi norfloksasindir. Geniş spektrli preparatdır. Sistitlə yanaşı qonokokk infeksiyasında, prostatitdə təyin edilir. Orta dozada sutkada 2 dəfə 400 mq və ya gündə 2 dəfə 1 tablet qəbul edilir. Müalicə kursu 1-2 həftə davam edir. Böyrəyin funksional pozğunluqlarında da istifadə oluna bilər.
Safosid – yüksək effektivliyə malik kombinəolunmuş preparatdır. Tərkibinə flukonazol, azitromisin, seknidazol daxildir. Geniş spektrli dərmandır. Cinsi infeksiyalarda, ginekoloji xəstəliklərdə də müsbət nəticələr verir. 1 paketdə yerləşdirilmiş 4 tablet 1 dəfəyə içilir.
Panklav – amoksisillin və klavulan turşusunun birləşməsidir. Dozalanma qaydası fərdidir. Müalicə kursu 10 gündən çox olmur.
Furamaq – təsir maddəsi furazidindir. Sintetik antibakterial preparat olub, qram-müsbət və qram-mənfi bakteriyaları məhv edir. Sidik-ifrazat yollarının xəstəliklərində məhlul şəklində yerli tətbiq edilir. Uşaqlara və hamilələrə əks-göstərişdir. Preparatın uzunmüddətli istifadəsində periferik sinirlər zədələnə bilər.
Sistitin müalicəsi – digər vasitələr
Fosfomisin – urogenital sistemin xəstəliklərində geniş şəkildə istifadə olunur. Onun unikal xüsusiyyəti antiadheziv təsiri ilə əlaqəlidir. Belə ki, infeksiyanın törədiciləri sidik yollarının selikli qişasına yapışa bilmir. Bu da iltihab prosesini bəlli dərəcədə ləngidir və tormozlayır. Fosfomisin apteklərdə müxtəlif adlarla (Urofossin, Monural, Uronormin) satılır.
Xlorheksidin – sistitin müalicəsi və sidik yollarının digər iltihabi patologiyalarında antiseptik kimi təyin edilir. Bakterosid (bakteriyaları məhv edən) təsirə malikdir. Həmçinin bir çox göbələyə qarşı effektivdir. Yuyunma, sidik kanalına yeritmə, kişi və qadınların cinsi orqanlarının və ağız boşluğunun yaxalanması üçün nəzərdə tutulmuşdur.
Hamilələr və uşaqlara da tətbiq etmək mümkündür. Preparat spirtli məhlul, vaginal şam, sprey, krem, maz formasında buraxılır. Sistit kremi kimi istifadə edilə bilər. Qorunmamış cinsi əlaqədən sonra kişilər sidik kanalının xarici dəliyinə, qadınlar isə uşaqlıq yoluna çəkə bilərlər. Bu, infeksiyalara qarşı profilaktika məqsədi daşıyır.