Uroloq həkimlər

12 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1607
Uroloq həkimlər foto
Rate this post

Uroloq həkimlər hər iki cinsdən olan xəstələrdə sidik-ifrazat sisteminin, böyrəküstü vəzilərin, qarın boşluğu arxası sahənin və bəzən də reproduktiv sistemin anadangəlmə, eləcə də qazanılmış patologiyalarını müalicə edən mütəxəssislərdir.

Uroloq həkimlər nə ilə məşğul olur?

Uroloqlar kişilərdə prostat problemləri, cinsi infeksiyaların ağırlaşması, böyrək daşı xəstəliyi, sistitin müalicəsi ilə məşğul olurlar. Qadınlar isə sidik-cinsiyyət sistemindəki iltihabi xəstəlikləri, sidik yollarında daş əmələ gəlmə problemi ilə uroloq həkimlərə müraciət edirlər. Kişilərdə və qadınlarda müalicə prinsipial olaraq fərqlidir.

Uroloq həkimlər aşağıdakı xəstəlikləri müalicə edirlər:

  • Sidik-ifrazat yollarında iltihab;
  • Böyrəkdə daş;
  • Prostat vəzi patologiyası;
  • Cinsi disfunksiya;
  • Reproduktiv sistemin anomaliyası;
  • Urogenital infeksiyalar, cinsi yolla keçən xəstəliklər;
  • Böyrəküstü vəzilərin patologiyaları;
  • Enurez və dizuriya (sidik qaçırma və tez-tez sidiyə çıxma).

Uroloq həkimlər foto 1

Uroloq həkimlərin ixtisaslaşdığı profillər

  • Pediatrik uroloq həkimlər – uşaqlarda sidik-cinsiyyət sisteminin anadangəlmə və qazanılmış patologiyalarını müalicə edirlər;
  • Uroloq androloq – kişilərdə cinsi sferadakı problemlərin həlli ilə məşğul olur;
  • Uroginekoloq – uşaqlıq yolunun sallanması, uşaqlıq yolunun disbakteriozu, seksual pozğunluqlar, müxtəlif etiologiyalı enurezi (sidik saxlamazlıq) müalicə edir;
  • Veneroloq uroloq həkimlər – cinsi infeksiyalar: sifilis, qonoreya, xlamidioz, yumşaq şankr, trixomoniaz, kandidoz, papillomavirus, qoturluq, HİV müalicəsi ilə məşğul olurlar;
  • Onkoloq uroloq – sidik-ifrazat sisteminin bədxassəli şişləri üzrə mütəxəssislərdir;
  • Cərrah uroloqlar – sidik yollarındakı patologiyaları əməliyyat edirlər;
  • Uroloq-seksoloq (seksopatoloq) – xəstələrdə seksual disfunksiyaya müxtəlif aspektlərdən yanaşmaqla bu problemi aradan qaldırır;
  • Uroftiziatr – sidik-cinsiyyət sisteminin vərəmini müalicə edir.

Uroloq həkimlər foto 2

Uroloq həkimlər harada çalışır?

Onlar çoxprofilli xəstəxanalar, ambulator qəbul şöbələri, stasionar, diaqnostik mərkəzlər, elmi və araşdırma institutlarında, hərbi hospitallarda fəaliyyət göstərirlər.

Uroloq həkimlərin əsas vəzifələri nədən ibarətdir: 

  • Xəstələrin ambulator, stasionar qəbulu və əməliyyatın aparılması;
  • Ambulator şəraitdə kiçik həcmli əməliyyatların icrası: poliplərin kəsilməsi, strikturaların (çapıq nəticəsində boşluğun daralması) korreksiyası;
  • Ehtiyac yarandıqda ilkin yardımın göstərilməsi;
  • İnstrumental və endoskopik manipulyasiyaların yerinə yetirilməsi: kateterizasiya, bujlama, prostat masajı, uretroskopiya, sistoskopiya;
  • Profilaktik baxışların keçirilməsi.

Sonda qısaca olsa da urologiyanın tarixinə nəzər salaq

Urologiyanın vətəni Qədim Misirdir. Bunu eramızdan əvvəl V əsrdə papiruslara həkk olunmuş böyrək daşının müalicəsi və sünnət ayininin izahı isbat edir. Tibbin bu sahəsi bir elm kimi 1588-ci ildən ispaniyalı F.Diasın urologiya haqqında biliklərini sistemləşdirdiyi kitab sayəsində inkişafa başlamışdır.

İlk planlı nefroktomiya (böyrəyin cərrahi yolla kəsilib götürülməsi) 1869-cu ildə Q.Simon tərəfindən həyata keçirilmişdir. 1927-ci ildən rentgen şüalarının kəşf edilməsi ilə bu elm daha geniş öyrənilmişdir. XX-ci əsrdən beynəlxalq uroloq həkimlər assosiasiyası fəaliyyətə başlamışdır.

XX əsrin 2-ci yarısından uroloji praktikaya hemodializ əlavə olunmuşdur. İlk dəfə 1950-ci ildə böyrək köçürülməsi əməliyyatı icra edilmişdir.

Müasir urologiyada minimal invaziv cərrahi metodların və lazer şüalarının tətbiqinə önəm verilir. Hazırda bu sahə günbəgün inkişafdadır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir