Sistit nədir?
Sistit nədir sualına mütəxəssislər belə cavab verirlər. Sistit – sidik kisəsinin tez-tez residivləşən (geri qayıdan), nevroloji və psixosomatik pozğunluqlara yol açan iltihabi xəstəliyidir. 75% hallarda sistitin törədiciləri qismində bağırsaq çöpləri və klebsiella qeydə alınır. Bu bakteriyalar normal bağırsaq florasına aid olub, şərti-patogen sayılır.
Nadir şəxslərdə sistit herpes virusu tərəfindən törədilir. Bu zaman xəstəlik şiddətli ağrılar və sidikdə həddindən artıq qan ilə özünü biruzə verir. Bir qayda olaraq sidikdə leykositlərə rast gəlinmir.
Sistit nədir və necə olur?
Xəstəliyin kəskin formasında tipik olaraq: ağrılar, az-az porsiyalarla sidik ifrazı müşahidə edilir. Hemorragik sistit üçün qanlı sidik ifrazı (hematuriya) xarakterikdir.
Xroniki sistit zamanı davamlı və periodik bel-oma ağrıları, sidik ifrazının sonuna doğru intensivləşən göynəmə hissi, enurez (sidik saxlamazlıq), yalançı çağırışlar baş verir.
Sistitin risk faktoru nədir?
Xəstəliyin əsas təkanverici amili soyuqlamadır. Lakin insanlarda belə bir sual yaranır: nəyə görə ayaqları soyuq suda qalan qadınlardan bəziləri xəstələnir, digərləri isə yox? Buna səbəb aşağıdakılardır:
- Qadın cinsi hormonu olan estrogenlərin azlığı. Estrogenlər orqanizmi aşağı sidik yollarının qalxan infeksiyalarından müdafiə edir.
- Anatomik xüsusiyyətlər. Məsələn, sidik kanalının xarici dəliyinin uşaqlıq yoluna çox yaxın yerləşməsi
- Bakterial vaginoz və vaginit
- Xroniki qəbizlik və qıcıqlanmış bağırsaq sindromu
- Kiçik çanaqda durğunluq yaradan və iltihabi proseslərin aktivləşməsini təşkil edən hipodinamiya (az hərəkətlilik).
Statisitik məlumatlara əsasən qadınların 40%-də sistit cinsi əlaqədən sonra inkişaf edir.
Sistitin müayinəsi
Sistitin müayinəsi laborator analizlərdən və instrumental müayinələrdən ibarətdir. Laborator üsullara sidiyin ümumi analizi və bakterial müayinəsi daxildir. İnstrumental müayinəyə isə sidik kisəsinin USM aiddir.
Diaqnoz təsdiqləndikdən sonra uroloq uyğun müalicə təyin edir. Bu məqsədilə əsasən antibiotiklər, spazmolitiklər qəbul edilir.
Xülasə
Məqalədə sistit nədir sualına aydınlıq gətirməyə çalışdıq. Özünüzdə və ya yaxınlarınızda sadalanan əlamətlərlə qarşılaşdıqda, mütləq həkimə müraciət edin.