Xroniki sistit
Xroniki sistit – sidik kisəsinin selikli qişasının residiv xarakterli iltihabi xəstəliyidir. Residiv dedikdə xəstəliyin geri qayıtması nəzərdə tutulur. Sistit infeksion və qeyri-infeksion formalara bölünür.
Xroniki sistitin əlamətləri
Residiv dövründəki əlamətlərə aşağıdakılar aiddir:
- Dizuriya. Selikli qişanın qıcıqlanması kisədə az miqdarda sidik yığılmasına baxmayaraq davamlı çağırışlara səbəb olur;
- Qızdırma. Kəskinləşmə dövründə bədən temperaturu yüksəlir;
- Ağrılı sidik ifrazı;
- Qarnın aşağı hissəsində ağrılar;
- Bəzən ürəkbulanma və qusma;
- Qeyri-həmcins, bulanıq sidik;
- Sidikdə qan.
Vaxtında müalicə edilmədikdə iltihabi proses qalxan yolla böyrəklərə yayılır, pielonefrit kimi ağırlaşma inkişaf edir.
Xroniki sistit və onun formaları
Xroniki infeksion sistit əksərən qadınlarda qeydə alınır. Buna səbəb anatomik quruluşdur. Belə ki, qadınlarda sidik kanalı qısa və geniş, kişilərdə isə dar və uzundur. Həmçinin kişi cinsinin nümayəndələrində prostat vəzi baryer vəzifəsini yerinə yetirir. Qadınlarda isə belə bir müdafiə yoxdur.
Xroniki infeksion sistit – risk faktorları və inkişafı
- Dar və sintetik materialdan hazırlanmış alt paltarı;
- Qeyri-düzgün gigiyena;
- Aktiv cinsi həyat;
- Müntəzəm soyuqlama;
- Bağırsaq fəaliyyətinə (qəbizlik və ya ishal hallarına) laqeydlik.
İnfeksiya orqanizmə 2 yolla daxil olur: qalxan və enən. Birinci halda törədici sidik kanalı vasitəsilə kisəyə keçir. İkinci formada isə iltihabi proses sidik-ifrazat yollarının yuxarı şöbələrində başlayır və tədricən kisəyə yayılır.
İnfeksion formalı xroniki sistit bağırsaq çöpü, stafilokokk, streptokokk, klebsiella, xlamidiya, trixomonada, mikoplazma, ureaplazma və s. tərəfindən törədilir.
Qeyri-infeksion formanın səbəbləri
- Sidik kisəsinin selikli qişasının qıcıqlanması (bəzi dərman vasitələri, sidik daşı və s. ilə);
- Vaginal və oral kontraseptivlərin istifadəsi;
- Antibiotiklərin intensiv qəbulu;
- Sidik-ifrazat yollarında tıxanma (törəmə, şiş və s.).
Xroniki sistit – nadir rast gəlinən formalar
Yuxarıda sadalananlardan başqa xroniki sistitin konkret insan populyasiyasına (topluluğa) və ölkəyə aid olan formaları vardır:
- Emfizematoz – xroniki bakterial sistit aerob bakteriyalar (klostridium) tərəfindən törədilir. Sidik kisəsinin divarında hava ilə dolu kista və qabarcıqlar aşkarlanır.
- Eozinofilli – allergik və autoimmun xəstəliklər fonunda yaranır.
- Follikulyar – kisədaxili və qasıq nahiyəsinin şüa terapiyası və ya Salmonella mənşəli infeksiya nəticəsində formalaşır.
- Qranulomatoz – sidik kisəsindəki törəmənin transuretral rezeksiyasından sonra əmələ gəlir. Həmçinin vərəm infeksiyası fonunda inkişaf edə bilər. Bu zaman vərəm böyrəklərə də yayılır.
- Xroniki hemorragik sistit – siklofosfamid və şüa terapiyasının əlavə təsiri kimi meydana çıxır.
- İnterstisial sistit– səbəbi indiyə qədər məlum deyildir.
- Papilyar və ya polipvari – kisə divarlarında poliplərin əmələ gəlməsi ilə xarakterizə olunur. Tez-tez kateter taxılması səbəbindən inkişaf edə bilər. Əsasən orta yaşlı və qoca kişilərdə müşahidə olunur.
- Radiasion sistit – yüksək radiasiyanın təsirindən epiteli hüceyrlərinin məhvi və hüceyrə membranının mutasiyası ilə əlaqədar yaranır.
- Malakoplakiya – qeyri-adi qranulomatoz prosesdir. Selikli qişanın bağırsaq qrupundan olan qram-mənfi bakteriyalara qarşı reaksiyasıdır. İmmun defisitli qadınlarda daha sıx rastlanır.
- Şistosomoz sistit – Schistosoma haematobium tərəfindən törədilən parazitar xəstəlikdir. Afrika və Yaxın Şərqdə yayılmışdır. Bu xəstəliyə insanlar çirkli sudan yoluxur. Parazitin sürfələri dəriyə keçir. Orada yetkin formaya çevrilərək, sidik kisəsinin venoz kələfində toplanırlar. Orada yumurtlayırlar. Yumurtalar kisənin divarını zədələyərək, iltihab və eroziyaya səbəb olur. Bu, çox ağır xəstəlik sayılır.
Xroniki sistit diaqnozu necə qoyulur?
İlk növbədə anamnez (xəstəlik haqqında məlumat) toplanılır. Qan və sidiyin ümumi analizi verilir. Bundan əlavə sidiyin əkilməsi, cinsi infeksiyaların yoxlanması, uroloji ultrasəs müayinəsi və ehtiyac yarandıqda sistoskopiya tələb olunur.
Xroniki sistit hansı yolla müalicə olunur?
Müalicə məqsədilə antibiotiklər və uroseptiklərdən istifadə olunur. İmmunovaksinasiya tətbiq edilə bilər. Xəstələrə çoxlu miqdarda su içmək tövsiyə edilir. Sistitin təbii yolla müalicəsi müxtəlif çay və bitkilərlə aparılır.
Xülasə
Xroniki sistit kəskin forma ilə müayisədə müalicəyə daha çətin tabe olur. Ona görə də özünüzü bu vəziyyətə çatdırmayın, vaxtında müayinələrdən keçin və xəstəliyin qarşısını alın.