Prostat üçün xeyirli qidalar   

01 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 4242
Prostat üçün xeyirli qidalar foto
4.6/5 - (37 votes)

Prostat vəzi hər bir kişinin xüsusi həssaslıqla yanaşdığı orqandır. 35 yaşdan sonra kişilərdə prostat xəstəliyinin yaranma ehtimalı yüksəlir. Güclü cinsin əksər nümayəndələri müvafiq üsullarla prostatın qayğısına qalmağa çalışırlar. Prostat üçün xeyirli qidalar bu tip vasitələrdəndir.

Qida rasionu və sağlamlıq

Təbii məhsullarla zəngin qida rasionu ümumi sağlamlıq və cinsiyyət sistemi üçün faydalıdır. Araşdırmalara əsasən müəyyən ərzaqlarda faydalı elementlərin miqdarı digərlərinə nisbətən daha çoxdur. Prostat vəzi ilə əlaqəli problemlərin qarşısının alınmasında və mövcud xəstəliyin müalicəsində bu elementlərin rolu əvəzedilməzdir. Sizə prostat üçün xeyirli sayılan 10 qida məhsulunu təqdim edirik.

Prostat üçün xeyirli qidalar: №1. Braziliya qozu

Qozkimilər fəsiləsinin bütün növləri ilə müqayisədə Cənubi Amerikada bitən bu qozda selen daha çoxdur. Hətta 30 qram Braziliya qozunda bu mineral kifayət dərəcədə mövcuddur. Araşdırmalar göstərir ki, selenlə zəngin qidalar prostat xərçənginin riskini xeyli azaldır.

Braziliya qozu ağacları Venesuela, Kolumbiya, Braziliya, Peru və Boliviyada bitir. Əslində o qoz deyil, tumdur. Sərt qoz qabığının altında 8-28 ədəd tum olur. Toxumlar həmçinin sink mənbəyidir ki, bu da prostat vəzi üçün çox xeyirli sayılır. Braziliya qozunun tərkibində əlavə olaraq, amin turşuları, maqnezium və tiamin vardır.

Prostat üçün xeyirli qidalar foto 2

Prostat üçün xeyirli qidalar – 2. Brokkoli

Brokkoli kələmi bir sıra qida maddələri ilə zəngin olub, kələmkimilər fəsiləsinə aiddir. Bu fəsiləyə ağ kələm, gül kələmi, brussel kələmi də daxildir. Onların tərkibində yüksək miqdarda tapılan sulforafan və indol şişəleyhinə təsir göstərir. Sulforafan orqanizmin detoksikasiya fermentlərini aktivləşdirir, kanserogen elementləri kənarlaşdırır. Prostate spesific antigen sintezini tormozlayan indol brokkolinin tərkibində maksimal miqdardadır.

Prostat vəzi, ağciyərlər, yoğun bağırsaq, yumurtalıq xərçəngi üzrə aparılan tədqiqatlara əsasən həftədə 1 dəfədən daha çox brokkoli istifadəsi prostat xərçənginin III və IV mərhələlərə qədər inkişaf riskini 45% azaldır. Brokkolini buxarda və ya sobada bişirmək olar. Məhsul uzun müddət termiki işlənməyə məruz qalmamalıdır. Çünki yüksək temperatur tərkibində faydalı komponentlərin azalmasına səbəb olur. Onu salat şəklində zeytun yağı qataraq yemək faydalıdır.

Prostat üçün xeyirli qidalar foto 1

Prostat üçün xeyirli qidalar – 3. Qırmızı acı bibər

Çili bibəri kimi tanınan acı bibər prostatın sağlamlığını dəstəkləyən maddələrin mənbəyidir. Tərkibində yüksək konsentrasiyada kapsaisin adlanan maddə vardır. Kapsaisin ağrıkəsici olmaqla bərabər, həmçinin xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir.

Xərçəngəleyhinə təsiri ilə yanaşı güclü antioksidant olması ateroskleroz yaradan sərbəst radikalların qarşısını alır. Bundan əlavə kapsaisin şəkərli diabetin ağırlaşmalarında xoraların əmələ gəlməsinə yol verir.

Xeyirli qidalar – 4. Yaşıl çay

Yaşıl çayın müalicəvi təsiri tərkibində katexinlər adlanan antioksidantların olmasındadır. Bu hissəciklər immun sistemini gücləndirərək, onun bakteriya və viruslarla mübarizəsini stimulə edir. Katexinlər polifenol qrupuna aid olub, prostat spesifik antigenin səviyyəsini əhəmiyyətli dərəcədə azaldırlar.

Həmçinin katexinlər prostat vəzinin xərçəngönü vəziyyəti sayılan intraepitelial neoplaziyanın xərçəngə keçməsinin qarşısını alır. Araşdırmaların nəticələrinə görə xərçəngönü mərhələdə olan və katexin qəbul edən kişilərdə bu vəziyyətin prostat xərçənginə çevrilməsi prosesi xeyli ləngiyir.

Prostat üçün xeyirli qidalar foto 3

Prostat üçün xeyirli qidalar – 5. Göbələklər

Göbələklər xüsusilə də Asiya sortları sağlamlıq üçün xeyirli hesab edilir. Onlar xərçəng ilə mübarizədə effektiv qidalar sayılır. 6000 ildən çox tarixi olan Şiitake adlanan Asiya göbələyinin müalicəvi xüsusiyyətləri alimlər tərəfindən təsdiq olunmuşdur.

Həmçinin göbələklərin tərkibindəki lentinan maddəsi xərçəngəleyhinə təsir göstərir. Lentinan nəinki prostat, həmçinin yoğun bağırsaq xərçənginin də inkişafını ləngidir. Asiya göbələkləri L-erqotionein adlanan güclü antioksidantla zəngindir. Bu məhsulları şorbaya, ətli yeməklərə qatmaq mümkündür.

Prostat üçün xeyirli qidalar – 6. Nar

Nar orqanizmi möhkəmləndirən antioksidant və fitohissəciklər mənbəyidir. Nar ekstraktı prostat üçün xeyirli qidalar arasına daxildir. Bu meyvə xərçəng hüceyrələrini öldürür.

Prostat üçün xeyirli qidalar şəkil 5

Xeyirli qidalar – 7. Boranı tumları

Prostat adenoması olan kişilər üçün nəzərdə tutulan xeyirli qidalar sırasındadır. Adenoma vəzin xoşxassəli hiperplaziyası (böyüməsi) olub, əsasən 50 yaşdan yuxarı kişilərdə aşkarlanır. Boranı tumları testosteron və dehidrotestesteronun yüksək miqdarda sintezinə səbəb olur.

Tumların tərkibindəki yağ vəzdə hormon sintezini azaldır. Boranı tumunun yağında omeqa-3 və karotinoid maddəsi var. Qida rasionunda karotinoidlərlə zəngin məhsullara üstünlük verən kişilərdə vəzin xoşxassəli hiperplaziyasının riski azalır. Bundan əlavə boranı tumlarında sinkə də rast gəlinir.

Prostat üçün xeyirli qidalar – 8. Somon balığı

Balığın tərkibindəki yağ turşuları, omeqa-3 prostatın sağlamlığını təmin edir. Ətli olması və ləzzəti balıq sevməyən insanları da cəlb edir. Balığın iç hissəsinin rəngi qırmızıdan narıncıya qədər dəyişir. Tərkibindəki maddələr xərçəngin inkişafını ləngidir. Həftədə 1 dəfə somon istifadəsi prostat üçün xeyirli sayılır.

Xeyirli qidalar – 9. Pomidor    

Pomidor karotinoidlərə aid olan likopen qaynağıdır. Bu maddə güclü antioksidantdır. Termal işləndikdə pomidorun antioksidant təsiri artır. Tomat pastası, sousu və şorbası prostatı qoruyan məhsullardır.

Prostat üçün xeyirli qidalar – 10. Sarıkök

Sarıkök – köklərinin xırdalanması ilə ədviyyat hazırlanan çoxillik bitkidir. Tərkibindəki kurkumin iltihabi proseslərlə mübarizə aparır.

Xülasə

Əziz xanımlar, partnyorunuz və ya yoldaşınızın sağlamlığı Sizin əlinizdədir. Sadalanan məhsullardan ləzzətli xörəklər hazırlayın, həm mədə, həm də prostata xeyirli olsun.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (37 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir