Prostatın əlamətləri

Prostatın əlamətləri dedikdə vəzidə gedən iltihabi proseslərin təzahürləri nəzərdə tutulur. Əlamətlərə keçməzdən öncə prostat nədir sualına qısaca cavab verək. Prostat – kiçik çanaqda yerləşən, kişi cinsiyyət sisteminə aid olan, parenximatoz (vəzili) orqandır.
Onun ən geniş yayılmış xəstəliyi vəzin iltihabı, yəni prostatitdir. Patologiyanın mənşəyinə görə infeksion və qeyri-infeksion, gedişindən asılı olaraq isə kəskin və xroniki formaları qeydə alınır.
Prostatın əlamətləri nədən yaranır?
Aşağıda sadalanan faktorlar iltihabi xarakterli prostat xəstəliyinə səbəb olur:
- soyuqlama;
- oturaq həyat tərzi;
- xroniki xəstəliklər (hipertoniya, şəkərli diabet);
- infeksiya ocaqları (rinit, tonzillit, stomatit, qastrit);
- cinsi infeksiyalar (xlamidioz, trixomoniaz, herpes);
- stress, yuxusuzluq, xroniki yorğunluq sindromu;
- keçirilmiş xəstəliklər, cərrahi əməliyyatlar, emosional gərginliklə əlaqədar zəif immunitet;
- intoksikasiyaya aparan zərərli vərdişlər: alkoqol, siqaret, tünd qəhvə;
- peşə travmaları (idmançılar, avtomobil yarışçıları-rallicilər);
- cinsi partnyorların dəyişdirilməsi, cinsi aktın tez-tez yarıda kəsilməsi.
Prostatın başlıca əlamətləri
Aşağıdakı əlamətlərdən ən azı 2-si ilə qarşılaşan kişilər mütləq uroloqa və ya uroloq-androloqa müraciət etməlidir:
- zəif axınla və kəsik-kəsik porsiyalarla sidiyə getmə;
- sidik ifraz edərkən diskomfort və ağrı;
- qarnın aşağı hissəsində yaranan və xayalığa, aralığa, düz bağırsağa yayılan ağrılar;
- cinsi disfunksiya;
- eyakulyasiya (sperma xaric etmə) problemləri.
Kəskin iltihab fonunda prostatın əlamətləri
Xəstəlik temperaturun ani yüksəlməsi ilə təzahür edir. Şiddətli baş ağrıları, qasıq və bel nahiyəsində ağrılar, sidik kanalından ifrazatlar, sidik ifrazına yalançı çağırışlar, sidiyə getmənin tezləşməsi iltihab mənşəli prostatın əlamətləri sayılır.
Xəstələrdə sidik ifrazı zamanı göynəmə hissi yaranır. Onlar sidik kisəsinin tam boşalmaması hissindən şikayətlənirlər. Həmçinin belə hallarda sidikdə qan və bulanıqlıq, tez yorulma, qıcıqlanma müşahidə olunur.
Kəskin prostatın əlamətləri müalicə olunmazsa nə baş verər?
- vezukulit – toxum qovuqcuqlarının iltihabıdır. Spermada irinin əmələ gəlməsi onun keyfiyyətini aşağı salır, hətta reproduktiv funksiyanın itirilməsinə gətirib çıxarır.
- kollikulit (toxum follikulunda iltihab) cinsi akt əsnasında güclü ağrı sindromuna, psixogen cinsi zəifliyə səbəb olur.
- prostat cismində absesin formalaşması onun cırılması, düz bağırsağın zədələnməsi, simptomların güclənməsi, şiddətli intoksikasiya ilə nəticələnir. Belə vəziyyətlər ölümlə sonlana bilər.
- prostat toxumalarındakı durğunluq onun strukturunun dəyişməsinə, həm özündə, həm də ətraf orqanlarda innervasiya (sinirlənmə) və qanlanmanın pozulmasına, funksional çatışmazlığa zəmin yaradır.
- cinsi zəiflik, erkən boşalma.
- vəzi və toxum ciyəsindəki çapıq dəyişiklikləri sonsuzluq törədir.
- sidik kanalının daralması normal sidik ifrazına mane olur. Bu zaman təcili cərrahi müdaxilə tələb oluna bilər.
Xroniki iltihabla müşahidə olunan prostatın əlamətləri
Xəstəliyin əsas xüsusiyyəti kliniki simptomların tam təzahür etməməsidir. Xroniki iltihab zamanı prostatın əlamətləri aşağıdakılardır:
- bədən temperaturunun arabir yüksəlməsi;
- bel, aralıq, anus və xayalıqda ağrıların yaranması;
- sidik ifrazının pozulması;
- düz bağırsaqdan və ya sidik kanalından selikli, irinli-selikli axıntının gəlməsi;
- cinsi zəiflik, ağrılı boşalma, cinsi aktın yarıda kəsilməsi.
Xroniki prostatın əlamətləri aradan qaldırılmadıqda fəsadlar meydana çıxır:
- sonsuzluq – toxum ciyəsi, qovuqcuq, xayalar və xaya artımlarında xroniki iltihabın nəticəsidir;
- sistit xəstəliyi, pielonefrit (böyrəyin kasa-ləyən sisteminin iltihabı);
- sepsis;
- 35-40% hallarda onkoloji xəstəliklər.
Prostatın əlamətləri – xülasə
Yuxarıda sadalanan simptomları özünüzdə hiss etdikdə mütləq androloqa müraciət edin. Özbaşına müalicə ilə məşğul olmayın.