Varikosel ağrısı

03 Noyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 968
Varikosel ağrısı foto
Rate this post

Varikosel – toxum ciyəsi venalarının genişlənməsidir. Kişi sonsuzluğunun səbəbləri arasında birinci yerdə durur. Bu da xəstəliyin spermatogenezi (spermatozoidlərin əmələ gəlmə prosesi) pozması ilə bağlıdır. Proses bir və ya ikitərəfli olur. Erkən mərhələlərdə heç bir narahatlıq yaranmır. Varikosel ağrısı xəstəliyin artıq irəlilədiyindən xəbər verir.

Varikosel ağrısı ilə yanaşı gedən əlamətlər

Qeyd etdiyimiz kimi xəstəlik bəzi hallarda simptomsuz keçir. Proses irəli getdikcə qasıqda ağrılar, əsasən cinsi oyanma zamanı varikosel ağrısı, ağırlıq qaldırdıqda dartılma hissi, xayalığın zədələnmiş hissəsinin böyüməsi müşahidə edilir. Həmçinin zədələnən xayanın ölçüləri kiçilməyə başlayır.

Varikosel ağrısı foto 1

Varikosel ağrısı nədən baş verir?

  • Xəstəliyin bir neçə yaranma səbəbləri vardır. Bunlara xroniki qəbizlik və ya diareyanı (ishal) misal göstərmək olar. İnsan gücənən zaman qarındaxili mənfi təzyiq birbaşa xayalığa və düz bağırsağın venoz damarlarına təsir edir. Bu halın xronikliyi və toxum ciyəsi damarlarının təzyiqə daha həssas olması ilə əlaqədar digər patologiyalara nisbətən varikoselin yaranma ehtimalı xeyli yüksəlir. Xroniki qəbizliyə və ya ishala səbəb olan amil aradan qaldırılmadıqda xəstə davamlı gücənir və zədələnmiş tərəfdə varikosel ağrısı hiss olunur.
  • Ayaqüstü iş, atçılıqla məşğul olma, velosiped sürmə, xayalığın travmaları zamanı yuxarıda izah edilən mexanizmə oxşar formada damar keçiriciliyinin artması, elastikliyin pozulması fonunda varikosel ağrısı və xayada damar genişlənməsi əmələ gəlir. Bu hallar damar sisteminin yetərsizliyindən xəbər verir. Venoz qapaqların zəifliyi və bədənin davamlı olaraq eyni vəziyyətdə qalması qanın geriyə axmasına səbəb olur, retroqrad axın yaranır. Əslində varikosel ayaqlarda damar genişlənməsi ilə demək olar ki, eyni inkişaf mexanizminə malikdir. Ancaq onun fəsadları, məsələn, sonsuzluq daha ciddi problem sayılır.

Varikosel ağrısı necə xarakterizə olunur?

Varikosel ağrısı bel, aralıq və qarın nahiyəsinə yayılır. Yeridikdə ağrı güclənir. Həmçinin ereksiya (penisin sərtləşməsi) da varikosel ağrısını artırır. Bu səbəbdən varikosel və cinsi zəiflik dolayı yolla əlaqəli hesab olunur.

Xəstəliklə qarşılaşan kişilərin əksəriyyəti sidik ifrazında çətinlikdən şikayətlənirlər. Başlanğıc dövrlərdə heç bir əlamət meydana çıxmır. O üzdən yaşından asılı olmayaraq, kişilərin ildə ən azı 1 dəfə müayinədən keçməsi məsləhət görülür.

Varikosel ağrısı foto 2

Varikoselin fəsadı olan sonsuzluq

Son illərdə mütəxəssislər kişi sonsuzluğu problemi ilə tez-tez qarşılaşırlar. Təəssüflər olsun ki, çox zaman bu patologiya müalicəyə çətin tabe olur. Xəstəlik nəticəsində xayalar öz funksiyasını yerinə yetirə bilmir, spermanın əmələgəlmə mexanizmi pozulur. Daha sonra xayaların ölçüsü kiçilir.

Varikoselin dərəcəsindən asılı olaraq, əlamətlər az və ya çox dərəcədə təzahür edir. Lakin spermatogenez hər bir halda pozulmuş olur. Genişlənmiş damarların gözlə görünməsi və varikosel ağrısı prosesin çox irəliləməsindən xəbər verir. Vəziyyəti bu mərhələyə çatdırmadan androloq həkimlərə və ya uroloq androloqa müraciət etmək zəruridir.

Əlbəttə ki, varikosel əməliyyatı mümkündür və ölkəmizdə kifayət qədər mütəxəssis vardır. Lakin əməliyyatdan sonra kişinin fertil (mayalandırma, uşaq sahibi olma) funksiyasının bərpa olunacağına heç kim zəmanət verə bilməz. Üstəlik əgər xəstəlik sonuncu mərhələyə çatıbsa və proses ikitərflidirsə, kişi artıq infertil və ya steril (mayalandırma qabiliyyəti olmayan) sayılır.

Xülasə

Əgər peşəkar idmanla məşğul olursunuzsa, tez-tez ağır yük götürürsünüzsə, xroniki bağırsaq və sidik kisəsi xəstəliklərindən əzəiyyət çəkirsinizsə, varikoselin əlamətləri müşahidə edilməsə belə, bu xəstəliyi inkar və ya təsdiq etməyiniz tövsiyə olunur. Bunun üçün doppler müayinəsindən keçməyiniz kifayətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir