Varikoselin dərəcələri

25 Oktyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 929
Varikoselin dərəcələri foto
Rate this post

Varikosel xaya, toxum ciyəsi venalarının genişlənməsilə xarakterizə olunan xəstəlikdir. Patologiya kişilər arasında geniş yayılmışdır. Varikoselin dərəcələri bir çox alimlərin təklif etdiyi təsnifatlarda həm oxşar, həm də fərqli xarakterdədir. Bu təsnifatlara nəzər yetirək.

Varikoselin Lopatkin təsnifatı

Lopatkin təsnifatı günümüzdə tez-tez istifadə olunur. Onun fikrinə əsasən varikoselin dərəcələri 3 qrupda cəmləşir.

  • Başlanğıc – yüngül əlamətlərlə təzahür edir. Varikoz genişlənmiş venalar yalnız şaquli vəziyyətdə varikoselin müayinəsi zamanı dərin palpasiyada (əllənmədə) müəyyən edilir.
  • Orta – daha proqressivdir. Varikoz venalar adi gözlə görünür. Xayaların konsistensiyası və ölçüləri dəyişilmir.
  • Ağır – remissiya (sakitlik) dövrü adətən müşahidə olunmur. Xayaların trofikası, yəni qidalanması pozulur, ölçüləri kiçilir, konsistensiyaları dəyişir. Genişlənmiş damarlar kələf şəklindədir. Bu dərəcə üçün varikosel ağrısı xarakterikdir.

Varikoselin dərəcələri foto 1

Varikoselin dərəcələri  – İsakov təsnifatı

Bu təsnifat pediatriyada və uşaq cərrahiyyəsində daha çox tətbiq edilir. Əvvəlki təsnifatla bir qədər oxşar olsa da özünəməxsus xüsusiyyətləri vardır.

I dərəcə – varikosel vizual olaraq aşkarlanmır. Əllə müayinədə varikoz genişlənmiş venalar izlənilir. Xəstə həm şaquli, həm də üfüqi vəziyyətdə Valsalva sınağı (gücənmə) vasitəsilə yoxlanılır.

II dərəcə – varikoz düyünlər vizual olaraq nəzərə çarpır. Xayaların ölçü və konsistensiyaları dəyişilmir. Bu dərəcə üçün spermatogenez və xayaların trofikasının normal olması fonunda toxum ciyəsi venalarının varikoz genişlənməsi səciyyəvidir.

III dərəcə – uzunmüddətli durğunluq səbəbindən venoz axınla yanaşı arterial qan dövranı da pozulur. Bununla əlaqədar xayaların qidalanması zəifləyir. Onların ölçüləri kiçilir. Konsistensiyaları xəmirvari olur. Xəstələrdə spermatogenez normal şəkildə baş vermir.

Varikoselin dərəcələri foto 2

Varikoselin dərəcələri – Kulset təsnifatı

Kulset təsnifatı Ultrasəs müayinəsinə əsasən tərtib edilmişdir. Digər təsnifatlarla müqayisədə daha elmi əsaslıdır.

  • I tip – böyrək venasından xaya venasına geriyə axın qeydə alınır;
  • II tip – regionar qalça venasından xaya venasına requrgitasiya (qanın geriyə qayıdışı) aşkarlanır;
  • III tip – I və II tipləri özündə birləşdirir.

Varikoselin dərəcələri – ÜST təsnifatı

Ümumdünya Səhiyyə Təşkilatının təsnifatı müasir tibbdə varikoselin diaqnozunun qoyulmasının əsasını təşkil edir.

  • Erkən və ya başlanğıc (I dərəcə)– varikoz genişlənmiş venalar adi gözlə görünmür, əllənmir. Yalnız Valsalva sınağında üzə çıxır.
  • Orta (II dərəcə) – venalar gözlə görünməsə də, istənilən vəziyyətdə əllə hiss edilir.
  • Orta ağır (III dərəcə) – genişlənmiş venalar gözlə görünür, əllənir. Xayaların ölçü və forması saxlanılır və ya azacıq dəyişir.
  • Ağır mərhələ (IV dərəcə) – venalar gözlə görünür, xayalar kiçilir, formaları dəyişilir.

Varikoselin dərəcələri foto 3

Varikoselin dərəcələri necə təyin edilir?

Varikoselin dərəcələri Ultrasəs doppler müayinəsində ÜST təsnifatının sonoqrafik parametrlərinə əsasən təyin olunur. Yəni damarların normal ölçüsü 1.0-2.0 mm olduğundan, 3 mm artıq varikoz sayılır. Genişlənmiş damarların sayı, Valsalva sınağında retroqrad axın, axının davamlılığı kimi parametrlər dərəcələri artırır. Varikosel əsasən birtərəfli, çox vaxt solda inkişaf edir. Lap ağır hallarda isə proses ikitərəfli olur.

Xülasə

Xəstəliyin ağırlıq dərəcəsi artdıqca gələcəkdə sonsuzluğun yaranma ehtimalı yüksəlir. Ümumi profilaktik müayinələrdə varikosel aşkarlandıqda, uşağın yaşının az olmasına baxmayaraq, bu problem həll edilməlidir. Çünki övladınızın gələcəyi Sizin verdiyiniz qərardan asılıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir