Varikoselin fəsadları
Varikosel – toxum ciyəsinin tənəyəbənzər kələfindəki venaların varikoz genişlənməsidir. Tənəyəbənzər kələf venoz qanı xayadan və onun artımlarından xaya venasına daşıyır. Bu venalardakı qapaq çatışmazlığı varikoz genişlənməyə səbəb olur. Nəticədə qan axını pozulur. Müalicə gecikdirildikdə müəyyən ağırlaşmalar baş verir. Varikoselin fəsadları arasında ən qorxulusu sonsuzluqdur.
Varikosel riskləri
Xayada damar genişlənməsi əsasən risk qrupundakı insanlara: peşəkar idmançılar (xüsusən ağırlıq qaldırma və velosiped yarışçıları), hərbiçilər və fəhlələr xasdır. Ancaq varikosel yeniyetmə dövründə də yarana bilər. Bu isə irsi meylliklə əlaqəlidir.
Varikoselin fəsadları hansılardır?
Xəstəlik başlanğıc mərhələdə adətən gizli gedir. Zaman keçdikcə qasıq nahiyəsində dartılan ağrılar, diskomfort hissi, xayalığın sallanması və gözlə görünən genişlənmiş damarlar müşahidə edilir. Varikoselin fəsadları arasında sonsuzluq birinci yerdə dayanır.
Varikoselin fəsadları – spermatozoid DNT-nin pozulması
Spermatozoidlərin əsas rolu kişi genomunu yumurtahüceyrəyə ötürməkdir. Bu missiyanın yerinə yetirilməsi üçün cinsi xromatin (DNT) keyfiyyətli spermatozoidin tərkibində olmalıdır. Genetik informasiyanın daşınması ilə yanaşı spermatozoidlər kişi və qadın nüvələrinin birləşməsi prosesində iştirak edir.
Yetkin spermatozoidlərin xromatini, yəni DNT-si qatı konsistensiyaya malikdir. Bu qatılıq hər hansı digər hüceyrə DNT-sinin qatılığından 40 dəfə çoxdur. Bu xüsusiyyət spesifik zülalların – provitaminlərin hesabına ərsəyə gəlir. Xromatinin konsistensiyasının pozulması 30% hallarda sonsuzluqla nəticələnir. Buna birincili sonsuzluq da deyilir.
Varikoselin fəsadları – spermanın keyfiyyətinin pozulması
Sperma keyfiyyətinin azalması aşağıdakı amillərdən asılıdır:
- Varikoz genişlənmiş venaların diametri;
- Xəstəliyin davametmə müddəti;
- Varikoselin yaranma anından xəstənin həkimə müraciəti arasındakı zaman intervalı;
- Doppler müayinədə bəlli olan geriyə (retroqrad) axının səviyyəsi.
Araşdırmalara əsasən varikoseldən əziyyət çəkən xəstə qrupunda oksigenin aktiv formaları (sərbəst radikallar) üstünlük təşkil edir. Onlar stress zamanı oksidləşmə prosesinin məhsulu hesab olunur.
Sərbəst radikalların təsirindən DNT zənciri deformasiyaya uğrayır. İki zəncir arasında və ya 1 zəncir daxilində qırılmalar baş verir. Bu da öz növbəsində spermatozoidlərin sayına mənfi təsir göstərir. Oliqospermiya (spermaqramma analizində spermatozoidlərin ümumi faizinin az olması) meydana çıxır.
Varikoselin fəsadları necə təyin edilir?
İlk növbədə uroloq və ya androloqun fiziki müayinəsi tələb olunur. Varikoselin dərəcəsi yüksəkdirsə, zədələnmiş nahiyədə genişlənmiş damarlar, xayalığın həmin hissəsinin sallanması, zədələnmiş xayanın kiçilməsi müşahidə edilir.
Ancaq bu göstəricilər də yekun diaqnozun qoyulmasına kifayət etmir. Mütləq spermaqramma və xayalığın Ultrasəs, Doppler müayinəsi aparılmalıdır. Xaya atrofiyalaşdıqda (büzüşdükdə), hərəkətli canlı spermatozoidlərin faizi çox aşağı olduqda, eləcə də xəstəlik hər 2 tərəfdə aşkarlandıqda sonsuzluğun müalicəsi yoxdur. Belə hallarda əməliyyat sadəcə xəstənin ümumi halını yaxşılaşdırmaq məqsədilə tətbiq edilir.
Xülasə
Müalicəni gecikdirməyin. Xəstəlik vaxtında aşkarlandıqda ağırlaşmaların qarşısını almaq və övlad sahibi olmaq mümkündür.