Varikoselin əlamətləri

Varikosel – toxum ciyəsi venalarının genişlənməsidir. Toxum ciyəsi – daxilindən toxumdaşıyıcı kanal, arteriya və venalar keçən strukturdur. Toxumdaşıyıcı kanal vasitəsilə spermatozoidlər sidik kanalına atılır. Toxum ciyəsi venaları ilə qan xayadan magistral venalara (böyrək və aşağı boş venalar) axır.
Əksər xəstələrdə varikosel sol (80%), bəzən sağ (3-8%) və ya hər 2 tərəfdə (2-12%) müşahidə olunur. Varikoselin əlamətləri xəstəliyin dərəcəsindən asılıdır.
Varikosellə bağlı statistik məlumatlar
Tibbi araşdırmalara əsasən hər 7 kişidən birində varikosel aşkarlanır. Ultrasəs müayinəsindən keçən reproduktiv yaşlı kişilərin təxminən 35%-də bu xəstəlik qeydə alınır. Uşaqlarda varikoselə çox az təsadüf edir. Belə vəziyyətlər anadangəlmə xarakterli olur.
Yeniyetmələrdə varikosel cinsi yetkinlik dövründə formalaşa bilər. Patologiyanın hərbi xidmət dövründə yaranma ehtimalı yüksəkdir. Varikoselin fəsadları arasında sonsuzluq ən təhlükəli və sıx rast gəlinən problemlərdəndir.
Varikoselin əsas əlamətləri
Varikosel belirtisi xəstəliyin inkişaf mərhələsindən asılıdır.
1-ci mərhələdə xəstəlik gizli gedir. Uroloq və ya androloqun baxışı zamanı üzə çıxır.
2-ci mərhələdə proses xeyli irəliləyir. Genişlənmiş venalar vizual şəkildə xayanın aşağı qütbündə nəzərə çarpır. Fiziki müayinədə asimmetriya aşkarlanır. Zədələnmiş tərəfdə xaya aşağı enir, xayalığın həmin tərəfi sallanır. Xəstə müxtəlif intensivlikli varikosel ağrısından şikayətlənir. Bu ağrılar yeridikdə daha da artır. Həmçinin xəstələrdə cinsi zəiflik yarana bilər.
3-cü mərhələ davamlı ağrılar, xayalığın böyüməsi, həmin tərəfin sallanması ilə xarakterizə olunur. Bu dövr spermatogenezin pozulması ilə müşayiət edilir.
Varikoselin fəsadları arasında spermanın keyfiyyətinin düşməsi, dölləndirmə qabiliyyətinin itməsi, xayanın atrofiyası (büzüşməsi) də qeydə alınır.
Varikosel belirtisi nədən qaynaqlanır?
Varikoselin əlamətləri 2 faktorun təsirindən meydana çıxır:
I faktor – xayanın venoz damar divarlarının zəifliyi və ya qapaqların olmaması. Əksərən anomaliya anadangəlmə olur. Xaya venasından keçən qan magistral (mərkəzi) damarlara axmadığından xayalığın venoz kələfində toplanır. Nəticədə venalar genişlənir.
II faktor – kiçik çanaq və ya xayalıq venalarında təzyiqin artması. Yüksək təzyiq sol böyrək və xaya venasında davamlı dəyişikliklərə gətirib çıxarır. Bununla əlaqədar onların mənfəzi tutulur, venoz axın pozulur və kiçik venalar genişlənir.
Varikoselin əlamətləri hansı hallarda yaranır?
- Xayadakı temperaturun bədən hərarətinə qədər yüksəlməsi. Normada xayada temperatur aşağı olur. Bu, spermatogenez üçün çox vacibdir.
- Böyrəkdən və böyrəküstü vəzlərdən bioloji aktiv maddələrin xayaya keçməsi
- Xaya toxumalarında oksigen çatışmazlığı
- Sərbəst radikalların əmələ gəlməsi. Onların təsirindən xayanın qan damarları dağıla bilər.
Varikoselin əlamətləri və diaqnostika
Xəstəliyin diaqnostikası həkim tərəfindən palpasiyada (əllə müayinə) bilinir. Bundan əlavə genişlənmiş venalar ultrasəs müayinəsinin köməyilə təyin olunur.
Varikoselin cərrahi əməliyyata göstəriş sayılan əlamətləri aşağıdakılardır:
- Qasıq və xayalıqda şiddətli ağrıların baş verməsi;
- Xayalıqda venoz kələfin gözlə görülməsi;
- Cinsi yetişkənlik dövründə xayanın kiçilməsi;
- Spermaqramma göstəricilərinin pisləşməsi.
Xülasə
Varikoselin əlamətləri xəstəliyin irəliləməsindən xəbər verir. İdmanla məşğul olan, ağırlıq qaldıran şəxslərdə varikosel belirtisi daha kəskin xarakteri ilə seçilir.