Varikosel əməliyyatından sonra
Varikosel – toxum ciyəsi venalarının genişlənməsi ilə xarakterizə olunur. Varikoselin müalicəsi cərrahi əməliyyatla həyata keçirilir. Bu xəstəliyin ağırlaşması sonsuzluqla nəticələndiyindən ona laqeyd yanaşmaq olmaz.
Varikosel əməliyyatından sonra reabilitasiya dövrü
Genişlənmiş venalar üzərində aparılan cərrahi əməliyyatdan sonra sağalma dövrü təqribən 1 ay çəkir. Reabilitasiya dövrü kişi üçün önəmli intervaldır. Bu mərhələdə müəyyən qayda və məhdudiyyətlərə əməl edilməlidir.
Varikosel əməliyyatından sonra nələri etmək olmaz?
Androloq həkimlər xəstələri əməliyyatdan sonrakı dövr haqqında öncədən məlumatlandırır. Reabilitasiya müddətində aşağıdakılar qadağan olunur:
- İsti və soyuq vanna qəbul etmək. Tikişlərə infeksiyanın yoluxmaması üçün gigiyenik prosedurları duş ilə yerinə yetirmək lazımdır;
- Spirtli içkilərdən istifadə etmək. Bu dövrdə kişiyə bir çox dərman preparatları təyin olunur. Onların spirtli içki ilə birgə qəbulu arzuolunmazdır;
- Tikişlər sağalana qədər güc xarakterli fiziki hərəkətləri yerinə yetirmək;
- Yarımfabrikatlarla qidalanmaq;
- Meyvə və tərəvəzlərə üstünlük vermək;
- Cinsi oyanmanı stimulə etmək.
Varikosel əməliyyatından sonra idman etmək olar?
Öncədən idmanla məşğul olan bir çox kişi varikoseldən qurtulduqdan sonra ötürdüyü məşqləri bərpa etməyə çalışır. Həkimlər bu məşğuliyyət üçün tələsməməyi tövsiyə edirlər. Çünki fiziki gərginlik orqanizmin qan-damar sisteminin yüklənməsinə səbəb olur. Ümumiyyətlə, venaların tam sağalması 1-2 ay tələb edir.
Varikosel əməliyyatından minimum 3 ay keçdikdən sonra idmanla məşğul olmağa icazə verilir. Hətta bu zaman da ağırlıq qaldırma ilə idman növləri qadağandır. Əks təqdirdə xəstəliyin residivləşmə (geri qayıtma) ehtimalı arta bilər.
Varikosel əməliyyatından sonra cinsi əlaqəyə girmək olarmı?
Cinsi istək və intim yaxınlıq qan-damar sisteminin aktiv fəaliyyəti ilə bağlıdır. Damarların gərilməməsi və tikişlərin açılmaması üçün həkimlər cinsi əlaqədən 1-2 aylığına imtina etməyi məsləhət görürlər.
Varikosel əməliyyatından sonra ağırlaşmalar
Əməliyyat keçirən şəxslərdə erkən ağırlaşmalar qismində bakteriyalara yoluxma, daxili və xarici qanaxma, toxum ciyəsinin zədələnməsi baş verə bilər.
Gecikmiş ağırlaşmalara isə aşağıdakılar aiddir:
- Xəstəliyin residivləşməsi;
- Hidrosel. Cərrahi müdaxilə əsnasında limfa sistemi zədələndikdə, əməliyyat zonasının ətrafında xayalığa maye toplanır. Bu zaman təkrari əməliyyata ehtiyac yaranır.
- Xayanın atrofiyası. Uğursuz cərrahi əməliyyat zamanı xaya arteriyası zədələnə bilər. Belə vəziyyətlərdə orqana qida maddələrinin axını kəsilir. Nəticədə xaya kiçilərək büzüşür.
Varikosel əməliyyatından sonra 3 gün ərzində yaranan əlamətlər
Cərrahi müdaxilədən sonra 3 gün ərzində bu əlamətlərə rast gəlinə bilər:
- Yaradan rəngsiz və ya açıq rəngli, qoxusuz ifrazatın axması;
- Bədən temperaturun bir qədər yüksəlməsi;
- Kəsik yerində xayalıqda ağrının baş verməsi.
Belə vəziyyətlərdə qorxuya gərək yoxdur. Sadalanan simptomlar zamanla keçib gedir.
Varikosel əməliyyatından sonra aşağıdakı hallarda ağır fəsadlar inkişaf edə bilər:
- Əməliyyat qeyri-peşəkar formada aparıldıqda;
- Cərrahi müdaxilənin metodu düzgün seçilmədikdə;
- Əməliyyat keçid yaşında, xayalar tam formalaşmadıqda icra olunduqda;
- Keyfiyyətsiz materiallardan istifadə edildikdə.
Əməliyyatdan sonra reabilitasiya dövrü nə qədər sürür?
Cərrahi əməliyyatdan sonra xəstə stasionarda 10-12 gün qalır. Tikişlərin sağalması 3-4 həftə çəkir. Mikrocərrahiyyə və laparoskopik metodla əməliyyat sonrası 4-cü gün xəstə evə yazılır. Reabilitasiya müddəti 1-2 həftə davam edir.
Reabilitasiya dövrünün təhlükəli əlamətləri
- Bədən temperaturu qəfildən 38.5°C-yə qədər yüksəlir və sutka ərzində enmir;
- Xayalıq böyüyür, iri ölçülü hematoma formalaşır, ağrı güclənir;
- Çapığın kənarları qopur, tikişlərdən qəhvəyi axıntı gəlir;
- Laparoskopik əməliyyatın aparıldığı dəlikdən uzun müddət qan axır;
- Tikiş yeri şişir, bu hissədə ağrı və pulsasiya müşahidə edilir.
Belə hallarda ləngimədən androloqa müraciət olunmalıdır.