Hidrosel

28 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2652
Hidrosel foto
2.3/5 - (7 votes)

Hidrosel (yunanca “hidro” – su, “sele” – şişkinlik) xayanın qişaları arasına su yığılması nəticəsində onun ölçülərinin dəfələrlə artmasıdır. Bu patologiyaya uşaqlarda tez-tez rast gəlinir. Hidrosel kişilərin 1%-də müşahidə olunur. Əksər hallarda az miqdarda maye xəstəni bir o qədər də narahat etmir.

Hidroselin təsnifatı

Xəstəlik böyüklərdə qazanılmış (ikincili), uşaqlarda isə anadangəlmə (birincili) xarakterli olur. Xayada su yığılması aşağıdakı kimi təsnif edilir:

  • birincili və ikincili
  • kəskin və xroniki

Anadangəlmə və ya birincili hidrosel

Normada xayaların xayalığa enməsi cinsi hormonların təsiri altında peritonun (qarın boşluğunu daxildən örtən pərdə) xüsusi çıxıntısı ilə əhatə olunaraq baş verir. Peritonun çıxıntısını qasıq çıxıntısı da adlandırırlar.

Bu çıxıntının xayalıqda olan hissəsi xarici və daxili qişalardır. Onlar maye ifraz edərək xayanın sürüşkənliyini təmin edir. Qişalar həm maye ifrazında, həm də onun artıq hissəsinin sorulmasında iştirak edir.

Normada uşaq 1-1.5 yaşa çatana qədər periton çıxıntısı qasıq kanalı səviyyəsində bağlanmalıdır. Bəzi faktorların təsirindən bu çıxıntı bağlanmır və mayenin tarazlığı pozulur.

Hidrosel foto 1

Birincili hidrosel – səbəbləri

Birincili hidrosel yenidoğulmuş və südəmər körpələrdə qasıq nahiyəsində limfatik aparatın natamam inkişafı ilə əlaqəlidir. Nəticədə seroz maye ləng sorulduğundan bu hissədə toplanır.

Qazanılmış və ya ikincili hidrosel

Qazanılmış hidrosel xayalarda kəskin və ya xroniki iltihabi proses, travma, ürək-damar çatışmazlığı, xayalıqda törəmənin inkişafı fonunda yaranır. Həmçinin cinsi orqanlarda cərrahi müdaxilə də xayada su toplanmasına gətirib çıxara bilər. Buna reaktiv və ya simptomatik hidrosel deyilir. Belə formalar müalicədən sonra sorulur.

İkincili hidrosel – inkişaf mexanizmi

Xaya qişalarının bərkiməsi nəticəsində limfa dövranı və mikrosirkulyasiya pozulur. Nəticədə qişalar arasında maye toplanır. Hidrosel xayada ağrı olmadan inkişaf edir. Mayenin toplanması ləng və tədricən baş verdiyindən çox vaxt nəzərə çarpmır.

Bəzən xayalıq qaz yumurtası, hətta yenidoğulmuş körpənin baş ölçüsünə qədər böyüyə bilər. Böyük ölçülü hidrosel sidik ifrazı və cinsi akt zamanı çətinlik törədir.

Hidrosel foto 2

Hidrosel – xüsusiyyətləri

Hidrosel hamar səthə, bərk-elastik konsistensiyaya malikdir. Palpasiyada ağrısızdır. Ölçüləri böyük olduqda xayalıq daxilindəki xayalar əllə hiss edilmir. Qanlı maye – hematosel, irinli forma isə piosel kimi qiymətləndirilir. Hematosel – hidroselə qansızma olub, travma, hemorragik diatezlərdə və uğursuz punksiya cəhdindən sonra meydana çıxır. Piosel – orxit (xayanın iltihabı), epididimit (xaya artımının iltihabı) və ya xayanın absesi fonunda əmələ gəlir.

Hidrosel – fiziki müayinə

Xəstəliyin diaqnozu uroloq və ya uroloq-androloq tərəfindən xayalara baxış və palpasiya vasitəsilə (əllə) təsdiqlənir. Ancaq hidroselin qasıqda, xayada qrıja, şiş və orqanın ölçülərinin böyüməsinə yol açan xayalarda olan xəstəliklər ilə differensial diaqnozu aparılmalıdır.

Hidrosel – diaqnostika

Xayada su toplanmasının diaqnozu Ultrasəs müayinəsinin köməyilə qoyulur. Bu zaman mayenin həcmi, xayalıq və xayaların ölçü və digər parametrləri müəyyən edilir. Həmçinin mayenin şəffalığına diqqət yetirilir. Maye daxilində hissəciklərin olması qansızma və ya əksər hallarda infeksiyanın qoşulmasından xəbər verir.

Hidrosel foto 5

Hidrosel – müalicəsi

Xaya və xaya artımlarının iltihabından yaranan hidrosel zamanı əsas xəstəlik müalicə olunur. Antibakterial terapiya və istirahət rejimi təyin edilir. Mayenin miqdarı çox olduqda xayalığın punksiyası ilə maye çəkilir. Lakin bu prosedurun fəsadı çoxdur. Bəzən isə daha radikal müalicə yollarına ehtiyac yaranır. Belə vəziyyətlərdə hidrosel əməliyyatı icra olunur. Əməliyyatın 3 növü vardır:

  • Vinkelman əməliyyatı. Bu zaman xayanın qişa pərdələrindən birini ön tərəfdən ayırıb, çevirərək arxa tərəfdən tikirlər. Belə olduğu təqdirdə mayenin bir daha toplanması baş vermir.
  • Berqman əməliyyatı. Cərrah xaya qişasının daxili pərdəsinin bir hissəsini kəsir, qalan hissəsini isə yerinə tikir. Əməliyyat sonrasında antibakterial müalicə tətbiq edilir.
  • Lord əməliyyatı. Xaya qişaları açılır, maye xaricə buraxılır və qasıq çıxıntısının ətrafı büzməli şəkildə tikilir. Bu əməliyyat zamanı xaya ətraf toxumalardan azad olmadığından zədələnmir.

Sadalanan əməliyyat növləri arasında prinsipial olaraq o qədər də fərq yoxdur. Cərrah hansı növ ilə müdaxilə edəcəyini əməliiyat əsnasında müəyyənləşdirir.

Xülasə

Körpələrinizin qasıq və xayalıq nahiyəsində kiçik bir şişkinlik gördüyünüz halda gecikdirmədən həkimə müraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.3/5 - (7 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir