Xayalarda olan xəstəliklər

01 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1684
Xayalarda olan xəstəliklər foto
1/5 - (2 votes)

Xayalarda olan xəstəliklər arasında bəziləri istisna olmaqla, əksəriyyəti həyati təhlükə daşımır. Ancaq hər bir halda erkən mərhələdə diaqnozun qoyulması ciddi problemlərdən qaçmağa imkan verir.

Xayalarda olan xəstəliklər – xərçəng

Xayaların xərçəngi – kişilərdə rast gəlinən ən təhlükəli xəstəliklərdəndir. Onun inkişafı ləng və ağrısız gedir. Başlanğıcda düyünəbənzər şişkinlik əmələ gəlir və getdikcə böyüyür. Xaya tədricən bərkiyir. Çox vaxt xərçəng xəstə tərəfindən aşkarlanır.

Xayaların xərçənginin risk faktorlarına kriptorxizm (xayaların xayalığa düşməməsi) və irsi meyllik aiddir. Xayadan kənar orqanlara yayılmayan xərçəngi xayanı kəsib götürməklə müalicə etmək mümkündür. Şiş yayıldıqda əməliyyat prosesində xaya, onun ətrafındakı və qarın boşluğunda olan limfa düyünləri kəsilib götürülür. Daha sonra kimyəvi və ya şüa terapiyası, yaxud hər ikisinin kombinasiyası tətbiq edilir.

Xaya xərçəngi digər onkoloji xəstəliklərə nisbətən müalicəyə asan tabe olur. Xərçəng erkən dövrlərdə üzə çıxarıldıqda, tam sağalma əldə olunur.

Xayalarda olan xəstəliklər foto 1

Xayalarda olan xəstəliklər – xaya burulması

Xaya toxum ciyəsi səviyyəsində burulduqda qan damarları bloklanır. Bu vəziyyətin təhlükəliliyi orqana qan axınının dayanması ilə bağlıdır. Xayaların inkişaf anomaliyalarında burulma ehtimalı daha yüksək olur.

Əslində belə hallara nadirən təsadüf edilir. Lakin yadda saxlamaq lazımdır ki, xayada ani və kəskin ağrı zamanı dərhal təcili tibbi yardım çağırılmalıdır. Çünki vaxtında müdaxilə edilmədikdə orqan məhv ola bilər.

Xayalarda olan xəstəliklər – epididimit

Xayanın ətrafında uzun spiralvari artımlar vardır. Onların funksiyası yetişmə mərhələsindəki spermanı saxlamaqdır. Epididimit – xaya artımlarının iltihabıdır. Patologiya ümumi infeksion xəstəliklərdən (angina, qrip, sidik-ifrazat yollarının iltihabı) sonra ağırlaşma qismində əmələ gəlir.

Qorunmayan (prezervativsiz) intim yaxınlıq, bir neçə cinsi partnyorun olması, cinsi infeksiyalar epididimitin inkişafına zəmin yaradır. Bundan əlavə xəstəlik travmalar, ağırlıq qaldırma zamanı yaranan təzyiq nəticəsində formalaşa bilər. Epididimit qızdırma, xayada şişkinlik, müxtəlif ağrı hissiyatları ilə müşayiət olunur. Ağrı sindromu bir neçə həftə, hətta aylarla davam edir.

Xəstəliyin müalicəsində antibiotiklər (Nitroksolin) və iltihabəleyhinə dərmanlardan (Sifran və.s) istifadə olunur. Ağır hallarda yataq rejimi və ağrıkəsicilərin qəbulu zəruridir.

Xayalarda olan xəstəliklər foto 2

Xayalarda olan xəstəliklər – varikosel

Varikosel – xayada damar genişlənməsidir. Ağırlaşmış formaları varikosel ağrısı ilə təzahür edir. Müalicə olunmadıqda sonsuzluq yaranır. Ona görə də əgər ayaq üstə dayandıqda xaya altında venalar bilinirsə, mütləq uroloq-androloqun müayinəsindən keçmək lazımdır.

Müalicə cərrahi yolla həyata keçirilir. Ağrı sindromu, varikoselin son inkişaf mərhələləri, bəzən isə spermaqrammada dəyişikliklər əməliyyata göstəriş sayılır.

Xayalarda olan xəstəliklər – hidrosel

Hidrosel – xayanın selikli qişaları arasında mayenin toplanmasıdır. Bu zaman xayalarda böyümə nəzərə çarpır. Bu hal bəzən ağrı və diskomfort yaradır. Hidrosel cinsi nahiyənin travmatik zədələnməsindən sonra da inkişaf edə bilər.

Əksər hallarda hidroselin səbəblərini tam şəkildə üzə çıxarmaq mümkün olmur. Xaya həddindən artıq böyüdükdə və ağrı sindromu aşkarlandıqda cərrahi müdaxilə edilir. Digər hallarda əməliyyat aparmadan, xüsusi preparatlar və inyeksiyalar təyin edilir.

Xayalarda olan xəstəliklər foto 4

Xayalarda olan xəstəliklər – qasıq yırtığı

Bəzən qasıq yırtığını səhvən xayada qrıja adlandırırlar. Bu yanlışlıq yırtığın xayalığa təsir göstərməsi və orqanın şişkinliyi ilə bağlıdır. Patologiyanı aradan qaldırmaq üçün cərrahi əməliyyata ehtiyac yaranır.

Xayalarda olan xəstəliklərin profilaktikası varmı?

Təəssüf ki, xaya xərçənginin spesifik profilaktik tədbirləri hələlik tərtib olunmamışdır. Sadəcə mütəxəssislər ildə 2 dəfə müayinədən keçməyi tövsiyə edirlər. Həmçinin hidrosel, varikosel və xaya burulmasına qarşı adekvat tədbirlər yoxdur.

Həkimlər varikoselin yaranmaması üçün ağırlıq qaldırmamağı, epididimitin qarşısını almaq məqsədilə isə sidik kisəsi dolu olduğu halda fiziki məşqlərdən çəkinməyi və prezervativsiz cinsi əlaqəyə girməməyi məsləhət görürlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
1/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir