Varikosel nədən olur?
Varikosel – toxum ciyəsi venalarının genişlənməsi deməkdir. Bəzi təsnifatlarda xəstəliyin 3, digərlərində isə 4 dərəcəsi qeyd olunur. 4-cü dərəcə ən ağır forma sayılır. Proses əsasən solda baş verir. Müalicə gecikdirildikdə zədələnmiş xayanın kiçilməsi və atrofiyası müşahidə olunur.
Erkən mərhələdə genişlənmiş venalar gözlə görünmədiyindən xəstəliyin aşkarlanması adətən gecikmiş dövrlərə təsadüf edir. Bəs varikosel nədən olur? Bu sual ətrafında çox müzakirələr aparılır. Bəzi alimlər xəstəliyin genetik meylliyini, digərləri isə sırf qazanılmış olduğunu və xarici faktorlardan yarandığını iddia edirlər.
Varikosel olma səbəbləri
Bu istiqamətdə aparılan çoxsaylı araşdırmalar bir-birilə təzad təşkil edir. Varikoselin səbəbləri indiyə qədər öyrənilir və müzakirə edilir. Əksər tibbi məqalələrdə qeyd olunan başlıca amilləri irəlidə qeyd edəcəyik.
Varikosel nədən olur – xarici faktorlar
Damarlara olan təzyiq nəticəsində onun keçiriciliyinin artması və kiçik venaların genişlənməsi xəstəliyin inkişaf mexanizminin əsasını təşkil edir. Bu mexanizmlə varikoselin yaranma səbəbləri aşağıdakılardır:
- xayada qrıja və ya şiş;
- qəbizlik zamanı nəcislə dolu düz bağırsaq, xroniki ishal;
- qarnın ön divar əzələlərinin davamlı gərilməsi nəticəsində qarındaxili təzyiqin artması, aşağı boş venaya qan axınının çətinləşməsi;
- ayaqüstü iş, peşəkar velosiped sürmə;
- xayalığın zədələnməsi, böyrək venasının daralması.
Varikosel nədən olur – anatomik faktorlar
Xəstəliyin etioloji amilləri arasında anatomik xüsusiyyətləri də vurğulamaq lazımdır:
- sol xaya venasının sol böyrək venasına düz bucaq altında keçməsi;
- sol xaya venasında qapaqların zəif inkişaf etməsi və ya tamamən olmaması;
- sağ xaya venası ilə müqayisədə solun daha uzun olması.
Varikosel nədən olur – genetik faktorlar
Statistik məlumatlara əsasən xəstəlik damar divarının zəifliyi fonunda inkişaf edir. Əksər hallarda xəstənin valideynlərdən birində aşağı ətraf venalarının varikozu, yastıpəncəlik, ürəyin qapaq çatışmazlığı, babasil, varikosel kimi xəstəliklər müşahidə olunur.
Xülasə
Məqalədə varikosel nədən olur sualına ətraflı cavab verməyə çalışdıq. Ümumiyyətlə, yaranma səbəbindən asılı olmayaraq, varikosel çox ləng inkişaf edən, əlamətləri gec üzə çıxan və bilindikdə artıq spermatogenezi, yəni spermatozoidlərin əmələ gəlmə prosesini pozan xəstəlikdir. Onun müalicəsi yalnız cərrahi yolladır.
Varikoselin ən ağır fəsadı sonsuzluq və xayanın büzüşməsidir. Bu kimi hallarla qarşılaşmamaq üçün kişilərə mütəmadi olaraq ildə bir dəfə androloq müayinəsindən keçmək tövsiyə edilir.