Varikoselin yaranma səbəbləri

Varikosel – toxum ciyəsi venalarının varikoz genişlənməsidir. Kişilər çox vaxt fərqinə varmadan illərlə bu patologiya ilə yaşayırlar. Ancaq belə bir laqeydlik spermatogenezdə (spermatozoidlərin yaranması) geri dönməyən dəyişikliklərə yol aça bilər.
Xəstəliyin 2 forması vardır: idiopatik (birincili) və simptomatik (ikincili). Varikoselin yaranma səbəbləri isə 5 əsas qrupa bölünür. Bu barədə irəlidə ətraflı məlumat verəcəyik.
Varikosellə bağlı statistik məlumatlar
Statistik məlumatlara əsasən əhali arasında hər 5 kişidən biri varikosel və cinsi zəiflikdən əziyyət çəkir. Risk qrupuna əsasən yeniyetmələr və cavanlar daxildir. 14-15 yaşlı yeniyetmə oğlanların təqribən 16%-də varikosel simptomsuz xroniki formada gedir.
Xəstəlik 60-70% hallarda sol tərəfdə inkişaf edir. Varikoselli kişilərin 20-25%-də proses – sağ, 10-12%-də isə ikitərəfli olur.
Varikoselin yaranma səbəbləri və inkişaf mexanizmi
Varikoselin yaranma mexanizmini başa düşmək üçün bir qədər anatomiyaya nəzər salaq. İnsan orqanizmində qanı ürəkdən orqan və toxumalara aparan aorta, eləcə də onu ürəyə qaytaran vena (aşağı boş vena) vardır. Aorta arteriyalara, onlar isə öz növbəsində kapilyarlara ayrılır. Orqanlardan qayıdan qan isə aşağı boş venaya tökülür.
İnsan günün çox hissəsini şaquli vəziyyətdə keçirdiyinə görə daxili orqanlar və damarlar öz ağırlıqlarından aşağıya tərəf dartılırlar. Bağırsağı qidalandıran arteriya sol böyrək venasını aortaya doğru sıxır, damar daxilində təzyiq artır.
Sol xaya venası məhz sol böyrək venasına açıldığından xayadan qan axını əvvəlcə çətinləşir. Daha sonra ləngiyir, bir qədər keçdikdə isə qan artıq geriyə qayıdır. Bu mexanizmlə xayanın venaları genişlənir.
Birincili varikoselin yaranma səbəbləri
Birincili və ya idiopatik varikoselin yaranma səbəbləri indiyə kimi tam aydınlaşdırılmamışdır. Mütəxəssislər yalnız müəyyən fikirlər irəli sürərək, idiopatik varikoselin inkişafı barədə bəzi faktorları sadalayırlar.
İkincili varikoselin yaranma səbəbləri
İkincili varikosel simptomatik xarakter daşıyır. Yəni bu forma digər patologiyaların fonunda meydana çıxır. Belə hallarda xəstəliyi müalicə etmək üçün ilkin ocağı üzə çıxarmaq, başqa sözlə desək, xəstəliyi yaradan səbəbi aşkarlamaq tələb olunur. İkincili varikoselin birincili formadan fərqi sağalma ehtimalının daha yüksək olmasındadır.
Varikoselin yaranma səbəbləri – 5 faktor
- Fiziki gərginlik. Qarın və çanaq boşluğunda təzyiqin artması ilə əlaqədar venoz qapaqların çatışmazlığı nəticəsində requrgitasiya (qanın geri qayıtması) baş verir. Davamlı requrgutasiya damar divarlarında torbacıq formasında varikoz genişlənmələrə səbəb olur.
- Damar divarını təşkil edən birləşdirici liflərin natamam inkişafı. Bununla bağlı damar divarı elastikliyini itirir. İstənilən tip daralma və mexaniki maneələr kisəşəkilli varikoz genişlənmələrə və qanın geriyə axınına gətirib çıxarır.
- Periferik və magistral damar səviyyəsində venoz kələfin qapaq sisteminin tam inkişaf etməməsi və ya yaşla əlaqədar dəyişikliyə uğraması. Belə şəxslərdə fiziki gərginlik nəticəsində varikoz formalaşır.
- Hamiləlik dövründə döldə aşağı boş venanın natamam inkişafı. Magistral damarın mənfəzinin tam dolmaması səbəbindən periferik damarlarda, həmçinin toxum ciyəsi venalarında təzyiq yüksəlir – damarlar genişlənir.
- Qarın boşluğunda davamlı mənfi təzyiq daimi venoz hipertenziya törədir. Bunun fonunda damarların divarları genişlənir.
Varikoselin yaranma səbəbləri – fiziki faktorlar
Peşəkar və ya həvəskar idmançılarda, əsasən də ağır atletika ilə məşğul olan kişilərdə davamlı qarındaxili gərginlik damar genişlənməsi ilə sonlanır. Həmçinin ağır yük qaldırma varikoselin yaranma səbəbləri sırasındadır. Hərbi xidmətə gedən oglanlarda bu xəstəliyin yaranma və ya kəskinləşmə ehtimalı daha yüksəkdir.
Xülasə
Varikosel müalicəsi vaxtında aparılmadıqda gələcəkdə ağır fəsadlar, hətta kişi sonsuzluğu meydana çıxır. Bu səbəbdən ilkin əlamətlərə rast gəlindikdə uroloq həkimlərə müraciət etmək lazımdır.