Varikosel və cinsi zəiflik
Varikosel və cinsi zəiflik əhali arasında geniş yayılmış patologiyalardır. Bu xəstəliklərə həm ayrılıqda, həm də bir yerdə rast gəlinə bilər. Kişilərin əksəriyyətini varikosel və cinsi zəiflik arasında əlaqənin olub-olmaması çox maraqlandırır. Yəni varikosel erektil disfunksiya yaradırmı? İlk öncə varikosel haqqında qisaca məlumat verək.
Varikosel nədir?
Varikosel – toxum ciyəsi venalarının genişlənməsidir. Varikosel nədən olur? Normada damarlarda olan qapaqlar qanın geriyə axmasının qarşısını alır. Damar divarında birləşdirici toxumanın defisiti nəticəsində venoz qapaqlarda deformasiya yaranır – varikosel əmələ gəlir.
Varikoselin yaranma səbəblərindən başlıcası irsiyyətdir. Bundan başqa şəkərli diabet fonunda venalarda elastikliyin azalması, xayalığın və qarın boşluğunun travmaları, toxumluqda iltihabi proseslərin olması bu xəstəliyin inkişafına təkan verir. Onun müalicəsi cərrahi yolladır.
Varikosel əməliyyatından sonra potensiya
Bir çox kişini əməliyyatın ereksiyaya təsir etməsi narahat edir. Təbii ki, istənilən cərrahi müdaxilə izsiz keçmir. Sağalma dövrünün uzunluğu əməliyyatda tətbiq olunan metoddan asılıdır. Bəzən bərpa müddəti 1 həftə çəkir, bəzən isə ancaq 1 aydan sonra intim yaxınlıq mümkün olur.
Varikosel əməliyyatından sonra cinsi zəiflik nə ilə bağlıdır?
- Ümumi və ya yerli anesteziya;
- Reabilitasiya xüsusiyyətləri;
- Ağrı hissiyatının olması varikosel əməliyyatından sonra müvəqqəti erektil disfunskiya ilə nəticələnir.
Narkozdan sonra sinir uclarının müvəqqəti denervasiyası baş verir. Keçici erektil disfunksiya meydana çıxır. Həssaslıq və ağrı sindromu da impotensiyanın səbəblərindəndir. Xəstə bu periodda intim yaxınlıq haqqında düşünmür, müalicə bitdikdən sonra funskiya bərpa olur.
Cərrahi əməliyyatdan sonra ereksiyanın düzəlməsi haqqında xəstə rəylərinə tez-tez rast gəlinir. Belə hallarda uroloq nəzarətində qalmaq lazımdır. Əslində varikosel profilaktikası kimi intim aktların sıx olması məsləhət görülür. Çünki bu zaman cinsiyyət orqanları və kiçik çanaq damarlarında qan axını güclənir.
Varikosel və cinsi zəiflik arasında əlaqə varmı?
Bir çox kişinin şikayətlərinə baxmayaraq, varikosel və cinsi zəiflik bir-biri ilə o qədər də əlaqəli deyildir. Çünki biri damar genişlənməsi, digəri isə hormonal çatışmazlıq nəticəsində inkişaf edir. Cinsi zəiflik əsas xəstəliklərin fonunda əmələ gəlir. Potensiya isə orqanizmin bir neçə sistemindən (sinir, endokrin və s.) asılıdır.
Ereksiyanın (penisin düzlənməsi) mexanizmi
Adrenalin ifrazı beyin qabığını stimulə edir. Beyin kökünün qıcıqlanması nəticəsində impuls onurğa beyninə, ordan da penisin sinir hüceyrələrinə yayılır. Ürək-damar sisteminin aktivləşməsi nəticəsində damarlar genişlənir, qan cinsiyyət orqanının mağaralı cisimlərinə axır – ereksiya baş verir.
Ereksiyanın pik nöqtəsində qan dövranına testosteron ifraz olunur. Onun təsirindən prostat vəzi sekret (şirə) ifraz edir. Şirənin toxum kanallarından keçməsi xayalığın qan damarlarının genişlənməsi ilə müşayiət olunur. Xayalara təzyiq artır, prostat şirəsi sperma ilə qarışır. Bu sistemlərdən hər hansı birində disfunksiya potensiyanın zəifləməsinə gətirib çıxarır.
Varikosel və cinsi zəiflik – dolayı səbəblər
Fizioloji aspektdən baxıldıqda xayalıqda damar genişlənməsi zamanı cinsi zəiflik ehtimalı çox azdır. Xəstəlik toxum ciyəsinin böyrək venası ilə birləşən damarlarının zədələnməsi səbəbindən yaranır. Bu isə penis arteriyası ilə əlaqəli deyildir.
İmpotensiyanın növləri
- Üzvi – cinsi istək fonunda ereksiyanın olmaması;
- Psixogen – cinsi həvəsin olmaması;
- Qarışıq – hər 2 formanın birləşməsi.
Birinci halda cinsi zəiflik varikoselin fəsadları kimi testosteron səviyyəsinin düşməsi ilə bağlıdır. Ağır dərəcəli varikosel zamanı venalar maksimal ölçülərə qədər genişlənir, xayada termorequlyasiya (istilik tənzimi) pozulur.
Testosteron və spermatozoidlər xayalıqdakı temperatur bədən temperaturundan bir neçə dərəcə aşağı olduqda yaranır. Varikosel zamanı xayalıqda temperatur yüksəlir, kişi hormonunun ifrazının sürəti və spermatozoidlərin əmələ gəlməsi azalır və ya ümumiyyətlə itir. Bu halda xayada damar genişlənməsi dolayı yolla erektil disfunksiyaya səbəb olur.
Varikosel və cinsi zəiflik – psixoloji fon
Kişi varikoselin 3-4 cü mərhələsində cinsi orqanın xarici görünüşünü kompleks edirsə, yəni genişlənmiş venaların açıq-aydın görünməsindən utanırsa, psixogen səbəbdən cinsi zəiflik formalaşa bilər. Bu tip insanlarda ereksiya və intim akt zamanı ağrı daha da artır. Kişidə seksdən öncə psixoloji olaraq varikosel ağrısı qorxusu yaranır və cinsi zəiflik müşahidə edilir.