Varikoselin müayinəsi

25 Oktyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 686
Varikoselin müayinəsi foto
Rate this post

Varikosel xayada damar genişlənməsidir. Oğlan uşaqlarında cinsi yetişkənlik dövrünə qədər xayaların həcmi 1-2 ml olur. Yeniyetməlikdə, yəni 11-16 yaşlarda xayaların həcmi 2-16 ml təşkil edir. Adətən sol xayanın ölçüləri sağa nisbətən daha kiçik olur. Xayadaxili varikoza varikosel xəstələrinin 5-8%-də rast gəlinir. Varikoselin müayinəsi fiziki və instrumental metodlarla aparılır.

Varikoselin instrumental metodlarla müayinəsi

Xəstəliyin instrumental müayinəsi iilər boyu cəmiyyətin elmi-texniki səviyyəsinin inkişafından asılı idi. Fleboqrafiya – uzun illər ərzində varikoselin müayinəsi və müalicəsində önəmli rol oynamışdır. Bu üsul vasitəsilə damarlarda təzyiq müəyyən edilir və diaqnoz qoyulurdu. Lakin metodun invazivliyi (travmatikliyi) və hər bir uroloqun bu müayinəni etmək imkanının olmaması çətinlik törədirdi.

Ultrasəs müayinəsi

USM və xüsusilə Dopplerin icadından sonra vəziyyət müsbət tərəfə dəyişdi – varikoselin müayinəsi asanlaşdı. Doppleroqrafiya ilə qan axınına nəzarət etmək, damar və xayaların ölçülərini, ümumiyyətlə bütün parametrləri öyrənmək mümkündür.

Müayinə zamanı xəstə həm şaquli, həm də üfüqi vəziyyətdə yoxlanıla bilər. Lakin yaxşı olar ki, üfüqi vəziyyətə üstünlük verilsin. Müayinə əsnasında xayalar, xaya artımları dəyərləndirilir, toxum ciyəsi venalarının diametri ölçülür.

Daha sonra Valsalva sınağı tətbiq edilir. Yəni həkim xəstədən gücənməyi xahiş edir. Qan axınında requrgiyasiya (geri qayıtma) aşkarlandıqda diaqnoz təsdiqlənir. Hazırda diaqnostika məqsədilə doppleroqrafiya geniş tətbiq olunur.

Varikoselin müayinəsi foto 1

Radioizotoplarla müayinə – xayaların dinamiki sintiqrafiyası

Xəstə arxası üstə uzandırılır. Venadaxilinə xüsusi preparat – 9m Tc-pertexnetat yeridilir. Radioizotopların xaya toxumalarında toplanmasına əsasən onların ölçüləri, funksional vəziyyətləri qiymətləndirilir. Bu üsuldan həmçinin kriptorxizm, xayaların burulması, şişlərin diaqnostikasında istifadə oluna bilər.

Varikoselin əllə müayinəsi

Xayaların palpasiyası (əllənməsi) əsas müayinə üsullarından sayılır. Uroloq-androloq əllə müayinə etməklə varikoselin dərəcəsini dəqiqləşdırir. Müayinə xəstənin həm vertikal, həm də horizontal vəziyyətində aparılır.

Varikoselin əllə müayinəsi zamanı damarlar hiss olunmayıb, yalnız Doppler müayinədə retroqrad axın görünərsə, bu ilkin mərhələ sayılır. II mərhələdə damarlar yalnız ayaq üstə dayandıqda əllənir. III mərhələdə həm ayaqüstü, həm də uzanıqlı vəziyyətdə əllə müayinə zamanı damarlar müəyyən edilir. Əllə müayinə edilmədən damarların hətta adi gözlə nəzərə çarpması 4-cü, yəni ən ağır forma hesab olunur.

Varikoselin müayinəsi foto 2

Varikoselin müayinəsi – spermaqramma

Varikoselin diaqnozu qoyulduqdan sonra spermaqramma da verilir. Kişi sonsuzluğunun səbəbləri arasında varikosel başlıca yer aldığına görə bu analiz mütləqdir. Analiz nəticəsinə görə həkim spermatogenezi dəyərləndirir. Əgər sonsuzluğa işarə varsa, varikosel əməliyyatından sonra spermatogenezi bərpa etmək üçün medikamentoz müalicə aparılır.

Xülasə

Varikoselin müayinəsi əsasən yeniyetməlik dövründə aparılmalı və xəstəlik aşkarlandıqda müalicə gecikdirilməməlidir. Çünki varikoselin dərəcələrindən asılı olaraq, ağır fəsadların yaranma ehtimalı hər zaman yüksəkdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir