Böyrək daşı üçün bitkilər
Sidik-ifrazat sistemində daşın formalaşmasına əhali arasında tez-tez rast gəlinir. Daşın əlamətlərindən biri də böyrək ağrısıdır. Böyrək ağrısı zamanı nə etməli? Daş xəstəliyinin müalicəsində böyrək dərmanları ilə müqayisədə bitkilər daha çox istifadə olunur. Böyrək daşı üçün bitkilər müxtəlif nisbətlərdə götürülərək, tətbiq edilir. Onların ən effektiv növləri ilə tanış olaq.
Quşqırxbuğumu (qoreç ptiçiy)
Qədim zamanlardan bəri böyrək daşının təbii yolla müalicəsində üstünlük verilən dərman bitkisidir. 1sm-dən kiçik daşları əritmək və daş əməliyyatından sonra residivin (xəstəliyin geri qayıtması) profilaktikası üçün nəzərdə tutulur. Qırxbuğumun tərkibində K, E, C vitaminləri, az miqdarda efir yağı mövcuddur. Həmçinin bitki karotinoidlərlə, karbohidrat və yağlarla zəngindir.
Aktiv komponenti olan silik turşusu daşların əridilməsində mühüm rol oynayır. Bu maddə kalsium duzları ilə birləşərək, onları parçalayır və orqanizmdən kənarlaşdırır. Qırxbuğum böyrək və sidik kisəsi iltihabını da aradan qaldırır. Bitkinin spazmolitik və sidikqovucu təsirləri vardır. Onun dəmləməsindən 21 gün ərzində kurs şəklində istifadə edilir. Müalicə müddəti 2-3 aydır.
Böyrək daşı üçün bitkilər – tüklü erva
Böyrək xəstəlikləri və müalicəsində istifadə olunur. Onu digər otlarla birlikdə və ya müstəqil formada tətbiq etmək mümkündür. Tüklü erva selik, saponinlər, taninlər, polisaxaridlər, su və yağlardan təşkil olunmuşdur. Tərkibinə küllü miqdarda üzvi turşular, kalsium və kalium daxildir.
Bitki antiseptik və konkrement əridici xüsusiyyətlərə malikdir. Tüklü erva iltihabı azaldır, ağrını kəsir, böyrəkdə qan dövranını yaxşılaşdırır. Böyrək daşı xəstəliyinin erkən mərhələlərində istifadə edilir. Bitkinin dəmləməsi 10-13 gün içilir. 1 aydan sonra kurs təkrarlanır.
Böyrək daşı üçün bitkilər – itburnu meyvələri və kökləri
İtburnu meyvələrinin tərkibində askorbin turşusu, saponinlər, nişasta, həmçinin çoxlu miqdarda limon və alma turşusu vardır. Mineral tərkibi dəmirlə zəngindir. İtburnunun aktiv maddələrinə karotin və provitamin A də aiddir.
Bitki sidikqovucu, iltihabəleyhinə, immunostimulyator təsir göstərir. İtburnu dəmləməsi əksərən öd qovucu kimi qəbul edilir. Bunun üçün xırdalanmış meyvələri termosda dəmləmək lazımdır. Hazırlanmış məhlul isti halda 100 ml olmaqla gündə 3 dəfə içilir. Müalicə kursu 1 aydır.
İtburnu kökləri böyrəklərin müalicəsində antiseptik vasitə sayılır. Köklərin tərkibində yüksək miqdarda E, PP və B qrup vitaminlər aşkarlanmışdır. Minerallardan kalium, kalsium, dəmir və fosfor tapılmışdır. Köklərdə bioloji aktiv maddələrə – katexinlər, saponinlər, pektinlər, flavanoidlərə rast gəlinir.
İtburnu kökünün dəmləməsi böyrək daşının əridilməsində, orqanizmdə maddələr mübadiləsinin tənzimində mühüm əhəmiyyət kəsb edir. Məhlul iltihabi prosesi aradan qaldırır, immuniteti gücləndirir. Onun həm də yarasağaldıcı təsiri vardır. Dəmləmə yeməkdən sonra isti vəziyyətdə 2 həftə içilir. Müalicə kursu 1 aydır.
Böyrək daşı üçün bitkilər – qatırquyruğu (xvoş polevoy)
Bu bitki dinozavrlar erasından qalıb. Onu meşələrdə, su hövzələri və tarlalarda görmək olar. Əsas aktiv maddəsi olan silik turşusu sidik kisəsi və böyrəkdəki daşları əridir. Bitkinin tərkibində üzvi turşular, C vitamini vardır. Qatırquyruğu təbabətdə daşın müalicəsi üçün geniş istifadə olunur.
Onun iltihabəleyhinə, antibakterial, sidikqovucu, spazmolitik təsirləri mövcuddur. Bundan əlavə bitki damar divarını möhkəmləndirir, maddələr mübadiləsini normallaşdırır. Sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdən kiçik konkrementlərin xaric olunmasına şərait yaradır. Bitki dəmləməsini isti çay şəklində gündə 3 dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır.
Böyrək daşı üçün bitkilər – böyrəkotu
Daş xəstəliyinin müalicəsində istifadə edilən ən məşhur bitkidir. Kol şəkilli bitkinin yarpaqları və zoğları qurudulur. Xüsusi formada hazırlanaraq istifadə edilir. Bitkinin müalicəvi təsirləri maddələr mübadiləsi pozğunluqlarını normaya salır. O həmçinin sidikqovucu qismində, yəni artıq mayeni orqanizmdən xaric etmək məqsədilə tətbiq edilir.
Böyrəkotu çayının ikinci adı ortosifondur. Çayın antiseptik təsiri də mövcuddur. Böyrəkotunu həkim məsləhəti ilə kiçik dozalarda uşaqlara da vermək olar. Tərkibindəki ursolik turşusu daşları əridərək, bədəndən kənarlaşdırır. Aktiv komponentləri olan efir yağları, flavanoidlər, üzvi turşular, kalium duzları daşların əridilməsini sürətləndirir.
Böyrəkotu çayından içdikdə orqanizm azotlu birləşmələr, xloridlər, sidik cövhəri və sidik turşusundan azad olur. Bu birləşmələr böyrək daşı, podaqra, o cümlədən böyrək mənşəli şişkinlik törətməklə insana zərər yetirirlər.
Böyrək daşı üçün bitkilər – mərcangilə və meşəçiyələyi yarpaqları
Mərcangilə və meşəçiyələyi yarpaqları böyrək xəstəlikləri və müalicəsində əvəzedilməz köməkçi vasitələrdir. Antiseptik və iltihabəleyhinə təsir göstərirlər. Əksər bakteriyaları, eləcə də qızılı stafilokokkları məhv edirlər. Yarpaqlar üzvi turşularlarla zəngindir.
Bu bitkilər ot qarışığının tərkibində və ya sərbəst formada istifadə oluna bilər. Hamiləlikdə böyrək problemindən qaynaqlanan ödemin aradan götürülməsində effektiv vasitələr hesab edilirlər.
Aptekdə satılan böyrək daşı üçün bitkilər
Apteklərdə təbii otlardan hazırlanan bir neçə dərman vasitəsi satılır. Daşın yaratdığı ağrı əleyhinə olan dərmanlar kapsul, tablet şəklində buraxılır. Onlara Fitolit, Nefrodol, Fitolizin aiddir.
Xülasə
Böyrək daşı üçün bitkilər sınaqdan keçmiş vasitələr olsalar da, onları tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşin.