Böyrək xəstəliyinin əlamətləri

08 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2048
Böyrək xəstəliyinin əlamətləri foto
4/5 - (2 votes)

Böyrəklərin əsas funksiyası su və maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric edilməsindən ibarətdir. Böyrək xəstəlikləri əksərən ləng inkişaf edir. Böyrək xəstəliyinin başlıca əlamətləri aşağıdakılardır.

Sidikdə köpük

Bəzən sidiyin sürətli axınından köpük yaranır. Bu patologiya sayılmır. Ancaq normal sidik ifrazı zamanı müşahidə olunan köpük onun tərkibində zülal və toksiki maddələrin mövcudluğundan xəbər verir. Bu, böyrəklərin filtrasiya (süzmə) qabiliyyətinin pozulmasına işarədir.

Sidiyin çəhrayı, qırmızı, qəhvəyi rəng alması

Normada sidik samanı-sarıdan tünd-kəhrəba rənginə qədər dəyişir. Bəzi qidalar (çuğundur, lobya, giləmeyvələr) və dərmanlar sidiyi narıncı, çəhrayı, qəhvəyi, qırmızı, hətta yaşılımtıl-göy rəngə boyaya bilər. Problem ondadır ki, qırmızımtıl rəngi sidikdə qan hissəcikləri də yaradır. Yuxarıda sadalanan qidalardan istifadə edilmədən rəngin çəhrayı və ya qırmızımtıla dəyişməsi qanaxmanın əlaməti hesab olunur. Belə vəziyyətlərdə mütləq uroloqun qəbuluna getmək lazımdır.

Böyrək xəstəliyinin əlamətləri – sidiyin bulanıqlığı

Bulanıq sidik böyrək daşı xəstəliyi və ya sidik-ifrazat yollarının infeksiyası fonunda aşkarlanır. Sidikdə şəffaflığın itməsinin digər səbəbi susuzluqdur. Orqanizmdə suyun miqdarı az olduqda sidik daha qatı olur. Maye qəbulunu artırmaqla bulanıqlıq aradan qalxmadıqda mütəxəsissislə məsləhətləşmək lazımdır.

Beldə ağrılar

Böyrək ağrısı adətən kürək nahiyəsində, qabırğa altında, onurğadan sol və ya sağ tərəfdə hiss olunur. Ağrı qarın və qasığa yayıla bilər. Bu əlamət onurğanın bel fəqərələrinin ağrıları ilə səhv salınır. Simptomların differensiasiyası yalnız həkim tərəfindən aparıla bilər.

Böyrək xəstəliyinin əlamətləri foto 1

Böyrək xəstəliyinin əlamətləri – zəiflik, xroniki yorğunluq

Böyrəklər eritrositlərin formalaşmasını tənzimləyən eritropoetin hormonu ifraz edir. Onun miqdarı azaldıqda anemiya, yorğunluq, əzginlik meydana çıxır.

Böyrək xəstəliyinin əlamətləri – baş ağrıları və başgicəllənmə

Böyrək funksiyasının pozulması nəticəsində orqanizmdə toplanmış toksinlər beynin fəaliyyətinə mane olur, yaddaş və diqqət problemləri, başgicəllənmə, baş ağrıları yaranır. Asanlıqla görüləsi işlər yüksək enerji sərfi ilə yerinə yetirilir. Buna həm anemiya (qan azlığı), həm də böyrəklərin işinin pozulması ilə əlaqəli iltihabi proseslər səbəb olur. Simptomlar dövrü şəklində təkrarlandıqda, sidik-ifrazat sistemini yoxlatmaq lazımdır.

Böyrək xəstəliyinin əlamətləri – ürəkbulanma və qusma

Qida qəbulu zamanı, eləcə də yeməkdən sonra baş verən ürəkbulanma mədə-bağırsaq problemləri və ya zəhərlənmə şübhəsinin olmadığı təqdirdə böyrəklərin zərərli maddələri orqanizmdən kənarlaşdıra bilməməsi ilə əlaqəlidir.

Böyrək xəstəliyinin əlamətləri – tezləşmiş sidik ifrazı

Sidik-ifrazat sisteminin istənilən xəstəliyi (böyrəklərdə daş, infeksiya və s.) çağırışların artması ilə müşayiət olunur. Böyrəklərdə infeksiya, daş ola bilər.

Böyrək xəstəliyinin əlamətləri foto 2

Böyrək xəstəliyinin əlamətləri – ödem (şişkinlik)

Ödem orqanizmdə suyun ləngiməsi nəticəsində əmələ gəlir. Şişkinlik əksərən ayaqlarda və göz altında nəzərə çarpır. Lakin hər bir şişkinlik insanın xəstə olmasından xəbər vermir. Eyni vəziyyətdə çox oturduqda, duzlu qida yedikdə, aybaşıdan öncə və hamiləlik dövründə şişkinlik yarana bilər. Ödemin daimi xarakter alması böyrək xəstəliyinin əlamətidir.

Dərinin quruması və qaşınması

Böyrəklər qanda qida maddələri və mineral balansını tənzimləməyi bacarmadıqda, həmçinin toksinləri və suyun artıq miqdarını orqanizmdən xaric edə bilmədikdə dəri problemləri müşahidə olunur.

Böyrək xəstəliyinin əlamətləri – arterial təziyiqin anidən yüksəlməsi

Böyrəklər arterial təzyiqin tənzimlənməsində mühüm rol oynadığından böyrək funksiyasının pozulması hipertoniya ilə nəticələnə bilər.

Orqanizmin temperaturunun dəyişməsi

Böyrəkdə iltihabi proses (pielonefrit) olduqda bədən hərarəti yüksəlir.

Xülasə

Sadalanan əlamətlərdən bir və ya bir neçəsini özünüzdə müşahidə etdikdə vaxt itirmədən xəstəliyinizin müalicəsi ilə məşğul olun.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir