Cinsi zəiflik nədir?

25 Oktyabr 2019 Kateqoriya: Cinsi zəiflik Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1999
Cinsi zəiflik nədir? foto
3.6/5 - (46 votes)

Cinsi zəiflik dedikdə kişinin intim əlaqəyə hazır olmaması nəzərdə tutulur. Bu isə ereksiyanın (penisin sərtləşməsi) pozulması ilə əlaqədardır. Cinsi zəifliyin digər adı impotensiyadır. Belə halların az baş verməsi diaqnozun təsdiqlənməsi üçün kifayət deyildir. İmpotensiya diaqnozu vəziyyətin ən azı 3 ay davam etdiyi və stabil olduğu hallarda qoyurlar.

Cinsi zəifliyin səbəbi nədir?

Cinsi zəifliyin səbəbləri psixoloji və üzvi faktorlarla bağlı olur. Bu amillərdən yaranan cinsi zəiflik əlamətləri fərqli şəkildə təzahür edir. Psixogen erektil disfunskiya situasiya ilə əlaqəli – psixoloji və  ruhi xəstəlik fonunda yaranan psixiatrik formalara bölünür.

Psixoloji cinsi zəiflik nədir?

Bu forma situasion cinsi zəiflik də adlandırılır. Belə ki, erektil disfunksiya müəyyən zaman intervalında yaranır. Mövcud vəziyyət və ya faktor aradan qaldırıldıqda cinsi zəiflik itir. Psixoloji faktorlara aşağıdakılar aiddir:

  • İzafi yorğunluq, stress halı;
  • Sərxoşluq;
  • Prezervativ ilə intim əlaqəyə girmə təcrübəsinin olmaması;
  • Partnyorla fiziki və ya emosional uyğunsuzluq;
  • Cinsi infeksiyalara yoluxma qorxusu;
  • Narahatlıq;
  • Özünə güvən hissinin aşağı olması.

Yuxarıdakı amilləri yaradan səbəblər uzaqlaşdıqda artıq erektil disfunksiya müşahidə olunmur. Ancaq bəzən daha ciddi psixoloji və ya psixiatrik amillərə rast gəlinir ki, bu zaman spesifik terapiya almadan sağalmaq mümkün olmur.

Cinsi zəiflik nədir? foto 1

Psixiatrik cinsi zəiflik nədən yaranır?

  • Uşaqlıq və ya yeniyetməlik dövründə fiziki zorakılığa uğrama və ya ona şahid olma;
  • Erotofobiya – intim əlaqə qorxusu;
  • Depressiya;
  • Psixoz;
  • Narkotik maddələrə alüdəçilik;
  • Onanizm və ya xeyromaniya – öz-özünü seksual cəhətdən təmin etmə (masturbasiya);
  • Şəxsiyyətin ikiləşməsi;
  • Partnyorun frigid olması – qadının psixoloji olaraq intim yaxınlıqdan qorxması, hətta fiziki müqavimət göstərməsi
  • Aseksuallıq – heç bir seksual istəyin olmaması (dünya əhalisinin 4%-də rast gəlinir)
  • Gizli homoseksuallıq (şəxsin qəbul etmədiyi və ya fərqində olmadığı halda qarşı cinsin nümayəndələrinə deyil, öz cinsindən olanlara şəhvət hissini duymasıdır);

Yuxarıda sadalanan hallar birbaşa və ya dolayı yolla impotensiya yaradır.

Cinsi zəiflik nədir? foto 5

Üzvi cinsi zəiflik nədir?

Üzvi erektil disfunksiya somatik xəstəliklərdən əmələ gələn erektil disfunskiyadır. Bunlara aşağıdakılar aiddir.

1) Damar mənşəli impotensiya

  • Şəkərli diabet
  • Hipertoniya  xəstəliyi
  • Hiperlipidemiya – lipid mübadiləsinin pozulması ilə orqanizmdə yağların səviyyəsinin yüksəlməsi
  • Kiçik çanaq damarlarının zədələnməsi

2) Neyrogen impotensiya

  • Degenerativ xəstəliklər (Parkinson xəstəliyi, dağınıq skleroz)
  • Onurğa beynin travma və zədələnmələri
  • İnsult
  • Mərkəzi sinir sisteminin şişləri
  • Polineyropatiya – periferik sinirlərin çoxsaylı zədələnməsi
  • Xroniki böyrək çatışmazlığı

3) Anatomik və ya struktur mənşəli impotensiya

  • Mikropenis – fallosun (penisin) normadan kiçik olması
  • Peyroni xəstəliyi – əyri, bükülmüş penis. Mağaralı cisimciklərin fibrozu nəticəsində fassiyanın kontrakturasıdır. Ereksiya zamanı şiddətli ağrılar olur.
  • Cinsi orqan və çanaq sümüklərinin travmaları

4) Hormonal mənşəli erektil disfunksiya

  • Hipoqonadizm (xayaların üzvi patologiyaları ilə əlaqədar kişi cinsi hormonların çatışmazlığı)
  • Hiperprolaktinemiya (prolaktin hormonunun qanda yüksəlməsi)
  • Hiper və hipotiroidizm (qalxanabənzər vəzin xəstəlikləri)
  • Kuşinq xəstəliyi (böyrəküstü vəzin hormonlarının həddindən artıq sintezi ilə əlaqəli patologiya)

5) Dərman mənşəli impotensiya

  • antihipertenziv preparatlar, antidepressant və hormonların uzunmüddətli qəbulu və doza həddinin              aşılması
  • narkotiklərin qəbulu – həm psixi, həm də psixoloji üzvi problemdir.

Cinsi zəiflik nədir? foto 2

Cinsi zəiflik nədir – statistik göstəricilər

Alimlərin 15 il öncəki mənzərə ilə son 3 ilin klinik araşdırmalarını qarşılaşdırması narahatlıq doğurmuşdur. Çünki cinsi zəiflik hər il daha da “cavanlaşır”. Artıq impotensiya cavanlar arasında daha çox yayılmağa başlamışdır.

19-28 yaş arası cavanların 11%-də impotensiya mövcuddur. Halbuki bu rəqəm 7 il öncə 6% idi. Zərərli vərdişlər, cəmiyyətin əxlaq normalarının degenerasiyası (dağılması), yoluxucu xəstəliklərin yayılması, zorakılıq halları bu statistik göstəricini günbəgün artırır.

Ümid edirik ki, cinsi zəiflik nədir, nədən yaranır suallarına məqalədə istədiyiniz formada cavab tapa bildiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.6/5 - (46 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir