Cinsi zəiflik əlamətləri
Cinsi zəiflik əlamətləri ereksiyanın yaranması (penisin sərtləşməsi) və saxlanmasında çətinliyin yaranması ilə özünü büruzə verir. Bununla yanaşı libidonun (cinsi istək) azalması, eyakulyasiyanın (sperma ifrazı) pozulması müşahidə olunur. Cinsi zəiflik elmi dildə erektil disfunksiya və ya impotensiya adlanır.
Cinsi zəiflik və onun səbəbləri
Cinsi zəifliyin səbəbləri əsasən 2 kateqoriyaya bölünür: psixoloji və morfoloji faktorlar. Xəstəliyin əlamətləri də bu faktorlardan asılı olaraq dəyişir.
Psixoloji fonda yaranan cinsi zəiflik əlamətləri üçün aşağıdakılar xarakterikdir:
- Ani başlayır;
- Vəziyyətdən, psixoloji fondan asılı olur;
- Dəyişkəndir;
- İntim aktdan kənarda ereksiya stabildir;
- Psixo-seksual problemlər uzun müddətlidir;
- Gecə və ya səhər saatlarında normal ereksiya baş verir;
- Birincili narahatlıq, qorxu hissi müşahidə edilir.
Üzvi və ya morfoloji faktorlardan yaranan cinsi zəiflik əlamətləri:
- Tədricən yaranır;
- Vəziyyətdən və psixoloji fondan asılı deyil;
- Davamlıdır;
- İntim aktdan kənarda ereksiya zəifdir və ya ümumiyyətlə olmur;
- Psixo-seksual problemlər impotensiya ilə əlaqəlidir;
- Gecə və ya səhər ereksiyaları normal deyil;
- Qorxu və narahtlıq impotensiya fonunda ikincilidir.
Adətən impotensiya ilə paralel digər simptomlar da ortaya çıxır. Bu simptomlar kişinin yaşından asılı olaraq çox və ya az bilinir. Tezləşmiş sidik ifrazı, yalançı çağırışlar, sidik kisəsinin tam boşalmaması hissi əksərən yaşlı insanlarda əmələ gəlir.
Cinsi zəiflik necə olur – risk faktorları
İmpotensiya penisin qanla dolmasının zəifləməsi ilə əlaqəlidir. Onun risk faktorlarına yaş, depressiya, piylənmə, siqaret, narkotik, alkoqolizm, avitaminoz, metabolik sindrom, qanın lipid spektrində dəyişiklik, xarici amillərin təsiri (radiasiya, elektromaqnit şüalanma) aiddir.
Cinsi zəiflik əlamətləri ən çox kimlərdə yaranır?
Xəstəliyin təzahürü cavan kişilərdə testosteron səviyyəsinin enməsi, piylənmə, ateroskleroz, şəkərli diabet, 60 yaşdan yuxarı şəxslərdə isə prostat vəzinin rezeksiyası (kəsilməsi) ilə bağlıdır.
Cinsi zəifliyin diaqnostika və müalicəsi
Erektil disfunksiya problemi ilə adətən uroloq və ya uroloq-androloq məşğul olur. Həkim pasiyentin şikayətlərini tam dinlədikdən sonra intim həyatı barədə məlumat toplayır. Daha sonra xəstəni laborator və instrumental müayinələrə yönləndirir. Problem xəstəlik kimi ortaya çıxdıqda ona uyğun müalicə üsulları təyin edilir. Müayinələrin nəticələri normal, erektil disfunksiya isə psixogen mənşəli olduqda xəstəyə psixoloq və ya seksopatoloqa müraciət etmək məsləhət görülür.
Xülasə
Ümumiyyətlə, cinsi zəifliyin əlamətləri xəstəliyin psixoloji və ya üzvi olmasından asılıdır. Cavan kişilərdə adətən psixoloji aspektdən irəliləyən erektil disfunksiya müşahidə olunur.