Hamiləlikdə böyrək ağrısı

31 Oktyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 13220
Hamiləlikdə böyrək ağrısı foto
3.5/5 - (15 votes)

Hamiləlik qadın orqanizmi üçün kifayət qədər çətin perioddur. Bu dövrdə gələcək ananın daxili orqanları gücləndirilmiş rejimdə çalışır. Xüsusilə də böyrəklərin yükü artır. Məhz bu səbəbdən hamilə qadınlar müxtəlif böyrək xəstəliklərinin risk qrupuna daxildir. Hamiləlikdə böyrək ağrısı qadınları və həkimləri narahat edən əlamətlərdən sayılır.

Hamiləlik zamanı böyrəklər niyə ağrıyır?

Hamiləlikdə müxtəlif tipli ağrılara tez-tez rast gəlinir. Ancaq ağrının xarakterindən və hansı nahiyədə baş verməsindən çox şey asılıdır. Əksər hallarda gələcək analar bel ağrılarından əziyyət çəkir. Çünki onurğaya, xüsusən də bel-oma nahiyəsinə əlavə yük düşür.

Hamiləlikdə böyrək ağrısı necə dəqiqləşdirilir? Ümumiyyətlə, böyrək ağrısı pielonefrit, yəni böyrəyin iltihabi xəstəliyi zamanı müşahidə edilir. Patologiya bir və ya ikitərəfli ola bilər. Özbaşına ağrının səbəbini təyin etmək çox çətindir və hətta qeyri-mümkündür. Aşağıdakı əlamətlərlə qarşılaşdıqda mütləq mütəxəssisə müraciət edilməlidir:

  • Ödem (şişkinlik);
  • Sidik ifrazı zamanı diskomfort və ağrı;
  • Sidik kisəsinin tam boşalmaması hissi;
  • Yüksək arterial təzyiq;
  • Sidiyin ümumi analizində zülal;
  • Qarnın aşağı hissəsində güclənən ağrılar;
  • Bədənin vəziyyətini dəyişdirməklə aradan qalxmayan ağrı;
  • Qızdırma, ürəkbulanma, qusma.

Hamiləlikdə böyrək ağrısı foto 1

Hamiləlikdə böyrək ağrısı olduqda nə etməli?

Əgər bel nahiyəsində arxa-yan hissədə ağrı varsa, vaxt itirmədən ginekoloqa müraciət etmək lazımdır. Həkim müəyyən analiz və instrumental müayinələrdən sonra düzgün diaqnoz qoyur. Hamiləlik hər qadında fərdi gedişata malikdir, həmçinin böyrək xəstəlikləri də belədir. Özbaşına müalicə vəziyyəti daha da pisləşdirə bilər.

Hamiləlik müddəti bu halda çox önəmlidir. Belə ki, əgər hamiləlikdə I trimestrdə böyrək ağrısı müşahidə olunarsa, müalicə ancaq fitopreparatlarla aparıla bilər. Çünki kimyəvi tərkibli dərmanlar hamilələrə əks-göstərişdir. Bitki mənşəli preparatlar dölə zərər vermir.

Həmçinin rasiondan yağlı, qızardılmış, acı, turş qidaları uzaqlaşdırmaq zəruridir. Çünki onlar selikli qişaları qıcıqlandırır və sağalma dövrünü uzadır. Ağrı olduqda həkim məsləhətilə sistit üçün çaylar da içilə bilər.

Hamiləlikdə böyrək ağrısı foto 2

Hamiləlikdə böyrək ağrısı – profilaktikası                        

  • hamilə olduğunu öyrənən qadın yuxarıda sadaladığımız qidalardan imtina etməklə, rasionunu dəyişdirməlidir;
  • mətbəxdə hər zaman mərcanı (klyukva) morsu olmalıdır. Bu bitki sidik-ifrazat yollarının xəstəliklərində həm müalicəvi, həm də profilaktik əhəmiyyətlidir;
  • sutkada 2 litrə yaxın su qəbul edilməlidir;
  • tualetə ilk çağırışda getmək lazımdır. Uzun müddət dözmək olmaz;
  • aralıq nahiyəsi yuxarıdan aşağı və ya öndən arxaya yuyulmalıdır. Bu, infeksiyanın qarşısını almağa kömək edir;
  • hamiləlikdə dar kolqotkalar və alt paltarları, çanağı sıxan şalvarlar, sintetik paltarlar geyinmək olmaz. Təbii materialdan geniş geyimlərə üstünlük verilməlidir.
  • vanna qəbulu əvəzinə ayaq üstə duş almaq məsləhətdir.
  • xüsusi gimnastikalarla məşğul olmaq faydalıdır.

Hamiləlikdə böyrək ağrısı həm sidik durğunluğu – hidronefroz, həm də pielonefrit səbəbindən yarana bilər. Bunlar çox fərqli patologiyalar olub, ciddi ağırlaşmalara gətirib çıxarır. Ümumiyyətlə, hamiləlikdə böyrək problemindən əziyyət çəkən qadınlarda vaxtından əvvəl doğuş, preeklampsiya, eklampsiya risk yüksək olur. Belə qadınlar mütləq hospitalizasiya edilərək, patoloji hamiləlik şöbəsində müalicə almalıdır.

Preeklampsiya və eklampsiya hamilədə qıcolmalar, yüksək təzyiq, kəskin ödem, tənəffüs və böyrək çatışmazlığı, bayılma ilə müşayiət olunan çox təhlükəli vəziyyətlərdir. Müalicənin gecikdirilməsi ölüm təhlükəsi törədə bilər.

Xülasə

Qeyd olunan qaydalara əməl etməklə, böyrək xəstəlikləri riskini bir qədər azaltmaq mümkündür. Həmçinin hamilə qalmadan öncə xroniki xəstəlikləri müalicə etmək lazımdır. Ən əsası da qadınlara özlərini soyuqdan və müxtəlif infeksiyalardan qorumaq tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.5/5 - (15 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir