Sistit və hamiləlik

31 Oktyabr 2019 Kateqoriya: Sistit Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2052
Sistit və hamiləlik şəkil
2.5/5 - (2 votes)

Hamilə qadın öz sağlamlığının qayğısına hər kəsdən çox qalmalıdır, çünki o həm özünə, həm də gələcək körpəsinə görə cavabdehdir. Hamiləlik zamanı yaranan xəstəliklər xüsusi diqqət tələb edir. Hamiləlikdə böyrək ağrısı, sistit xəstəliyi ən çox yayılmış patoloji hallardandır. Sistit və hamiləlik əksər hallarda yanaşı gedir.

Statistik məlumatlar

Hamilə qadının immunitetinin aşağı olması onun bakterial infeksiyalara qarşı müqavimətini azaldır. Normada immunoloji baryer tərəfindən kənarlaşdırılan mikroorqanizmlər hamiləlik zamanı mədə-bağırsaq, sidik–cinsiyyət sistemindən asanlıqla keçərək, çoxalmağa başlayırlar.

Sistit ilə müşayiət olunan hamiləlik

Hamiləlikdə sidik yollarının iltihabina tez-tez rast gəlinir. Hamilə qadınlarda bu, bakteriuriya (sidikdə bakteriya olması) ilə gedir. Əlamətlərin olmaması xəstəliyin təhlükəliyini daha da artırır. Belə patologiyalar həm ana, həm də dölə zərər verir. Hamilələrin 20%-də isə aşkar uroloji problemlər – sidik kisəsinin divarının iltihabı, yəni sistit baş verir.

Hamilələr niyə sistit xəstəliyi baxımından risk zonasında sayılır?

  • Qeyd etdiyimiz kimi bu dövrdə qadınlarda immunitet çox zəif olur;
  • Hamilələrdə böyüyən uşaqlığın böyrəyə təzyiqi nəticəsində sidik axını ləngiyir, durğunluq yaranır;
  • Uşaqlıq və ya qızlıq dövründə sistit keçirmiş qadınlarda simptomsuz bakteriuriyanın hamiləlik zamanı inkişaf etmə riski 27%, anamnezində pielonefrit (böyrəyin iltihabı xəstəliyi) olanlarda isə 47% artır.

Sistit və hamiləlik foto 1

Sistit və hamiləlik hallarının birgə getməsi niyə təhlükəlidir?

Hamiləlik zamanı sidik yollarının istənilən iltihabı, məsələn, sistit çox ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda pielonefrit ehtimalı xeyli yüksəlir.

Baş verə biləcək ağırlaşmalar aşağıdakılardır:

  • Vaxtından əvvəl doğuş;
  • Dölün bətndaxili ölümü;
  • Müalicə olunmayan bakteriuriya anada kəskin pielonefritə və arterial hipertenziyaya (yüksək təzyiq) səbəb olur. Körpə isə çəki defisiti və anemiya ilə doğulur;
  • Uşaq yeniyetməlik dövrünə çatdıqda psixomotor (psixoloji və hərəki) ləngimə müşahidə oluna bilər.

Hamiləlik dövründə sistit

Əksərən bakteriyalar sidik kisəsinə uşaqlıq yolu və anusdan keçir. Az hallarda isə digər infeksion ocaqlardan hematogen (qanla) və limfogen (limfa ilə) yoluxma baş verir. Hamilə qadının bilmədən səbəb olduğu iltihabi proseslər də bu sıradandır. Məsələn, nazik paltar və mövsümə uyğun olmayan ayaqqabı geyindikdə, ya da gigiyena qaydalarına əməl etmədikdə qadın özü sistit xəstəliyinə şərait yaradır.

Hamiləlik zamanı sistit hansı əlamətlərlə özünü büruzə verir?

Simptomsuz keçən bakteriuriya hamilə qadının profilaktik müayinə məqsədilə hər 2-3 həftədən bir sidik analizi verdiyi zaman aşkarlanır. Kəskin sistit sürətli inkişaf edə bilər. Hətta 3-4 günə böyrəklərə yayılma riski də mövcuddur. Xəstəliyin yayılmasının qarşısını almaq üçün onun əlamətlərini bilmək lazımdır. Həkim uroloqa aşağıdakı hallarda mütləq müraciət etmək gərəkdir:

  • tez-tez, kiçik porsiyalarla sidik ifrazı;
  • sidik ifrazı zamanı ağrı və yanma-göynəmə hissi;
  • qarnın aşağı hissəsində ağrılar;
  • bəzən temperaturun yüksəlməsi;
  • sidik qaçırma.

Sistit və hamiləlik foto 2

Hamiləlik dövründə sistit necə müalicə olunur?

Hətta əlamətsiz bakteriuriyada müalicə vacib sayılır. Sistitin müalicəsində hamiləlikdə icazə verilən peroral (ağızdan qəbul edilən) antibiotiklər (məsələn, 3-cü nəsil sefalosporin qrupu) 3-5 günlük kursla təyin edilir. Pielonefrit kimi ağırlaşma varsa, müalicə 7-10 gün davam etdirilir.

Hamiləlikdə sistitin profilaktikası

Hamiləlik zamanı sidik-cinsiyyət yollarının infeksion-iltihabı proseslərinin inkişaf edib yayılmaması üçün aşağıdakı məsləhətlərə əməl olunmalıdır:

  • İntim nahiyəyə gigiyenik qulluq;
  • Öndən arxaya yuyunmaq;
  • Təmiz pambıqdan alt paltarı geyinmək və gündə 2 dəfə bezi dəyişmək;
  • Təmiz su içmək.

Xülasə

Hamiləlik dövründə sidik yolları xüsusilə həssas olur. Həmçinin dölün sidik kisəsinə təzyiqini nəzərə alsaq, sidik ifrazı ilə bağlı problemlərin yaranma ehtimalının yüksək olduğunu anlamaq mümkündür. Hər bir halda özbaşına dərman, hətta bitki çayları içmək qəti qadağandır. Müalicə yalnız həkim tərəfindən aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.5/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir