Cinsi zəifliyin müalicəsi

22 Oktyabr 2019 Kateqoriya: Cinsi zəiflik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2252
Cinsi zəifliyin müalicəsi şəkil
Rate this post

Cinsi zəifliyin müalicəsi onu törədən səbəblərdən və problemin ağırlıq dərəcəsindən asılıdır. Cinsi zəiflik birincili və ikincili olur. Birincili (anadangəlmə) impotensiya kişinin heç bir vaxt intim əlaqəyə girə bilməməsi ilə xarakterizə edilir. Bu, nadir haldır.

İkincili formaya kişilərdə daha çox rast gəlinir. Cinsi zəifliyin bu formasında normal intim həyatı olan kişidə tədricən və ya anidən ereksiya (cinsi orqanın sərtləşməsi) problemləri ortaya çıxır. Əksər hallarda kişilər zəif ereksiyadan şikayət edirlər. Bəzən isə güclü ereksiya müşahidə olunsa da intim yaxınlıq cəhdində sərtləşmə itir.

Cinsi zəiflik və onun müalicəsi

Mütəxəssislər cinsi zəifliyin səbəbləri kimi aşağıdakıları sadalayırlar:

  • Ürək-damar xəstəlikləri (hipertoniya, ürəyin işemik xəstəliyi, endarteriit);
  • Endokrin pozğunluqlar: hipoqonadizm (testosteron hormonunun çatışmazlığı), şəkərli diabet, hipotireoz, böyrəküstü vəzilərin hipo və hiperplaziyası, prolaktinoma (hipofiz şişi);
  • Uroloji xəstəliklər: prostat və sidik kisəsi xəstəlikləri, sidik-cinsiyyət orqanlarının inkişaf anomaliyaları, böyrək çatışmazlığı;
  • Nevroloji problemlər: depressiya, epilepsiya, Parkinson xəstəliyi, dağınıq skleroz, baş və onurğa beynin travma və ya keçirilmiş əməliyyatları;
  • Bəzi dərmanların əlavə təsirləri: diuretiklər, beta-adrenoblokatorlar, antihistamin dərmanlar və s.

Cinsi zəifliyin müalicəsi foto 1

Cinsi zəifliyin müalicəsi necə aparılır?    

Cinsi zəifliyin müalicəsi aşağıdakı sxem üzrə həyata keçirilir:

  • 5-ci tip fosfodiesteraza inhibitorları – cinsi zəifliyin simptomatik müalicəsinin əsas preparatlarıdır. Sildenafil, tadalafil və digərləri bu qrupa daxildir. İmpotensiyanın bütün formalarında effektivdir. Onların təsir mexanizmi cinsi orqanın qan dövranını artırmaqdan ibarətdir. Preparatlar intim əlaqədən öncə qəbul edilir.
  • Xəstə FDE5 inhibitorlarının istifadəsindən imtina etdikdə yerli şəkildə vakuum və ya mənfi təzyiq ilə müalicə aparılır. Bu məqsədlə penis xüsusi qaba yerləşdirilir və orada nasos vasitəsilə mənfi təzyiq yaradılır. Nəticədə cinsiyyət orqanının mağaralı cisimciklərinə qan axını güclənir. Ereksiyanın saxlanılması üçün penisin əsasına üzük şəklində halqa qoyulur. Cinsi zəifliyin bu müalicə metoduna əksərən yaşlı insanlar müraciət edirlər.
  • Penisin kavernoz hissəciklərinə dərman inyeksiyası (fenolamin, prostaqlandin E1, papaverin və s.) cinsi zəifliyin müalicəsi zamanı 2-ci dərəcəli metod hesab edilir. Onun xoşagəlməz əlavə təsirləri vardır.

Cinsi zəifliyin müalicəsi foto 2

Cinsi zəifliyin müalicəsi – cərrahi yollar

Medikamentoz (dərman) üsul effekt vermədikdə cərrahi müdaxiləyə ehtiyac yaranır. Cinsiyyət orqanının protezlənməsi (implantı) əməliyyatında yarımsərt və hidravlik implantlardan istifadə olunur. Bu materiallar ereksiyanı imitasiya edir. Bundan başqa penisdəki qan axınının qayıtmasını ləngidən digər cərrahi üsul da mövcuddur. Lakin bu mexanizmin təsirləri şübhəli olduğundan geniş şəkildə tətbiq olunmur.

Cinsi zəifliyi necə aradan qaldırmaq olar?

Cinsi zəifliyi aradan qaldırmaq üçün ilk növbədə onu yaradan səbəbi tapmaq lazımdır. Bundan əlavə bir neçə tövsiyə vardır ki, səbəbdən asılı olmayaraq onlara əməl etməklə mütləq müsbət nəticə əldə edəcəksiniz:

  • Siqaret çəkməyi tərgidin;
  • Müntəzəm şəkildə idmanla məşğul olun;
  • Çəkinizi normada saxlayın;
  • Potensiyaya mənfi təsir göstərən dərmanları həkim məsləhəti ilə ixtisara salın;
  • Yüksək dozada alkoqol qəbulundan imtina edin;
  • Qanda xolesterin səviyyəsini və arterial təzyiqi nəzarətdə saxlayın;
  • İmkan daxilində stressdən uzaq durun;
  • Düzgün və balanslaşdırılmış qida rasionuna keçin.

Cinsi zəifliyin müalicəsi pasiyentin anamnezindən (xəstəlik tarixi) asılı olaraq fərdi qaydada seçilir. Ereksiyanı artıran dərmanların əksəriyyəti ürək-damar sistemini daha intensiv işləməyə vadar edir. Bu səbəbdən hər hansı dərman preparatını özbaşına içmək istədikdə mütləq androloqla məsləhətləşin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir