Androloji xəstəliklər

Kişi cinsiyyət sisteminə həm xarici, həm də daxili cinsi orqanlar daxildir. Bunlar prostat vəzi, toxumluq, toxum ciyəsi, xayalıq, xayalar, toxum kanalı və kişi cinsiyyət üzvü, yəni penisdir.

Androloji xəstəliklər termin və başlıq olaraq, özündə bir neçə patoloji qrupu birləşdirir. Məsələn, kişi cinsiyyət sisteminin iltihabi, infeksion, cərrahi, endokrin xəstəlikləri, inkişaf anomaliyaları, damar və sinir patologiyaları bu qrupa aiddir.

Siyahı çox uzun olduğundan Sizə əhali arasında ən geniş yayılmış və sıx rast gəlinən patologiyalar haqqında məlumat verəcəyik.

Androloji xəstəliklərdən niyə utanılır?

Kişilərin demək olar ki, hamısı intim həyatlarına çox önəm verdikləri halda androloji xəstəliklər qarşısında laqeydlik göstərirlər. Onların əksəriyyəti bu haqda susmağa üstünlük verir. Lakin ən yüngül xəstəliklər belə müalicə olunmadıqda ağırlaşmalara gətirib çıxarır. Bu fəsadlar isə sonsuzluq, impotensiya ilə nəticələnə bilər. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır.

Androloji xəstəliklər foto

Androloji xəstəliklər haqqında

Prostatit

Prostat vəzinin iltihabıdır, ağırlaşma riski yüksəkdir. Tədricən və ləng inkişaf edir. Xarakterik simptomlara malik olmur. Yalnız mütəmadi şəkildə müayinədən keçən kişilərdə vaxtında aşkarlana bilər. Başlanğıc dövrdən əlamətlərinin təzahürünə qədər 3 il keçə bilər.

Prostat vəzin adenoması

Prostat vəzin adenoması 47-65 yaşlı kişilərdə rast gəlinən xoşxassəli şişdir. Onun əsas xarakterik əlaməti sidik ifrazının tezləşməsidir. Bu hal vəzin böyüyərək, sidik kisəsini sıxması ilə izah edilir. Adenoma cərrahi yolla müalicə olunan androloji xəstəliklər qrupuna daxildir.

Varikosel

Yeniyetmələrdə və hərbi xidmətdən qayıdan cavan oğlanlarda daha çox müşahidə edilir. Varikosel toxum ciyəsi venalarının genişlənməsidir. Patologiya sonsuzluqla nəticələnən androloji xəstəliklər sırasındadır. Onun müalicəsi xəstəliyin dərəcəsindən asılı olaraq, medikamentoz və cərrahi yolla aparılır.

Androloji xəstəliklər foto 2Fimoz   

Yenidoğulmuşlarda pülüyün daralmasıdır. Bu nahiyədə sidik qalıqları yığılaraq, bakteriyaların toplanmasına və iltihablaşmaya şərait yaradır.

Kriptorxizm

Adətən kiçik yaşlı uşaqlar və yenidoğulmuşlarda aşkarlanır. Xayaların xayalığa düşməməsi ilə xarakterizə olunur. Onun abdominal – qarın, inguinal – qasıq və paraskrotal – toxum kisəsi ətrafı formaları vardır. Yəni belə vəziyyətlərdə xayalardan biri və ya hər ikisi adları çəkilən boşluqlarda yerləşir. Xəstəlik çox zaman birtərəfli olur. Müalicə aparılmadıqda cinsi yetişkənlik dövründə ciddi problemlər yaranır, gələcəkdə sonsuzluqla nəticələnir. Statistik məlumatlara əsasən yenidoğulmuşların 10%-də kriptoorxizmə təsadüf olunur.

Orxit

Adətən uşaqlıq dövründə yaranan, əksərən digər iltihabi patologiyaların fonunda inkişaf edən androloji xəstəliklər sırasındadır. Orxit xayaların iltihabıdır. Xəstəliyə qrip, epidemik parotit (svinka), pnevmoniya və s. infeksiyalar təkan verə bilər. Onun başlıca əlamətləri xayalarda kəskin ağrı, bir qədər şişkinlik və qızdırmadır.

Balanopostit

Penis başının və pülüyün iltihabıdır. Xəstəlik başlanğıcda yüngül yanğı hissi, qıcıqlanma və qaşınma şəklində, sonralar isə penisin başının qızarması və ağrılı olması ilə təzahür edir. Bəzən üfunətli ifrazat müşahidə edilir. Vaxtında müalicə olunmadıqda cinsi orqanda xora, irinli yaralar və çatlar əmələ gəlir.

Yuxarıda qeyd olunan ağırlaşmalara yol verməmək üçün androloji xəstəliklərin ilkin əlamətləri ilə qarşılaşdıqda utanc hissi keçirmədən dərhal mütəxəssisə müraciət olunmalıdır.