Varikocele toxum ciyəsi venalarının genişlənməsidir. Latın dilindən tərcümədə “varix, varicis” – venaların şişkinləşməsi, “cele” isə yunanca şiş deməkdir. Çox vaxt xəstələrdə varikosel ilə yanaşı babasil və aşağı ətrafların venoz damarlarının genişlənməsi də müşahidə olunur.
Varikocele əksərən sol tərəfli olur. Bəzi hallarda sağ və ya ikitərəfli inkişaf edir. Sol tərəfli olması toxum ciyəsi venasının solda düz bucaq altında böyrək venasına keçməsilə izah edilir.
Varikosel xəstəliyi: əlamətləri və kliniki təzahürü
Xəstəlik bəzən aşkar əlamətlərə özünü göstərməyə bilər. Varikocele ağırlaşmalarında əksərən ağrı hissiyyatı və xayaların atrofiyası müşahidə olunur.
Uzunmüddətli venoz durğunluq işemiya yaradır, nəticədə xayalarda sklerotik dəyişikliklər əmələ gəlir. Bu da gələcəkdə spermatogenezin azalması və kişi sonsuzluğu ilə nəticələnir.
Varikosel reflü nədir?
Reflü və ya refluks – geriyə axın deməkdir. Varikosel zamanı venoz damarlarda qanın geriyə qayıdışı müşahidə olunur. Bu patologiya varikosel reflü adlanır.
Xəstəliyin diaqnostikası çətinlik törətmir. Ultrasəs müayinəsi və doppleroqrafiya müayinəsində damarların diametrinin artması və retroqrad (tərs istiqamətdə) axın qeyd olunur. Bundan əlavə həkim əllə toxum ciyəsi kələfini yoxladıqda genişlənmiş damarları aşkar edir.
Varikosel xəstəliyi: formaları və müalicəsi
Varikocele adətən fiziki məşqlərə, temperatur dəyişikliyinə alışmamış kişilərdə hərbi xidmətdə olarkən inkişaf edir. Onu bir neçə sxem üzrə təsnif edirlər. Varikosel ağırlığına əsasən 3 dərəcəyə, yaranma səbəblərinə görə isə idiopatik (birincili) və qazanılmış (ikincili) formalara bölünür. Müalicə əsasən cərrahi yolla həyata keçirilir.